İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yenə “öz ayağına” güllə sıxdı - Departamentdə bitməyən Minsk Qrupu söhbəti...

903 14.02.2023 10:15 Siyasət A A

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiyanı “Minsk Qrupunun səylərinə zərbə vurmaqda” ittiham edib. Bu barədə o, fevralın 10-da keçirdiyi brifinqdə deyib. Patelin sözlərinə görə, Cənubi Qafqazda sülhün təşviqi həm də dövlət katibi Entoni Blinken üçün daimi prioritetlər sırasındadır. “Fakt budur ki, Rusiyanın təcavüzü və birtərəfliliyi Minsk Qrupu formatında məhsuldar iş perspektivlərini sarsıdıb”, - Patel bildirib və əlavə edib ki, ABŞ istər ikitərəfli, istərsə də Avropa İttifaqı və ATƏT mexanizmləri vasitəsilə sülhün təşviqinə sadiqdir: “Və söylədiyim kimi, Cənubi Qafqazda sülhün təşviqi bizim üçün daimi prioritet olaraq qalır”.

Xatırladaq ki, fevralın 1-də ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edib. Bu, Luis Bonodur. Təyinat haqda dövlət katibi Entoni Blinkenin bəyanatında belə bir cümlə də yer almışdı: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli də daxil olmaqla, hərtərəfli sülh sazişinin bağlanmasında Ermənistan və Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir və Lui Bono Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun təşviqi ilə məşğul olacaq”. Vedant Patel isə təyinatla bağlı demişdi: “Cənab Bono ABŞ-ın Cənubi Qafqaza sülh və sabitlik gətirmək səylərinə rəhbərlik edəcək. O, həm də sələfləri kimi ABŞ-ı ATƏT-in Minsk Qrupunun həmsədri formatında təmsil edəcək. Bono mürəkkəb məsələlərlə bağlı böyük təcrübəyə malik yüksək səviyyəli diplomatdır, dövlət katibi Blinkenin və bütün administrasiyanın şəxsi etimadını qazanıb. Yəni yeni rolunun öhdəsindən layiqincə gələ bilər”. Yəni yenə də mövcud olmayan “Dağlıq Qarabağ” və “Minsk Qrupu” ifadələri. İndi isə Patel, üstəlik, Rusiyanı Ukraynaya təcavüz eləməklə “Minsk Qrupunun səylərinə zərbə vurmaqda” ittiham edir.

ABŞ və digər keçmiş “həmsədr”lərdən, o cümlədən ayrı-ayrı təşkilatlardan bənzər reaksiyalar gəldikcə, separatçılar da revanşa can atırlar. Budur, okeanın o tayındakı gəlişmələr baş terrorçu Araik Arutyunyanın dilini açıb. Bu cinayətkar erməni deyib ki, artıq iki aydır ki, Azərbaycan Qarabağda “etnik təmizləmə aparmaq üçün 120 min (?!-red.) sakini blokadaya alıb”. “Bu qanunsuz blokada bütün beynəlxalq hüquq normalarına və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə, o cümlədən 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində qəbul edilmiş öhdəliklərə ziddir”- Arutyunyan ardınca sərsəmləmələrini davam etdirib. “Biz Rusiya, ABŞ və Fransaya müraciət edirik ki, Artsaxın həyat yolunu açmaq üçün hərəkətə keçsinlər” - deyən separatçıların başçısı növbəti dəfə diliuzunluq edib.

Bundan qabaq ABŞ Konqresində Azərbaycana qarşı qətnamə qəbul olunması istiqamətində cəfəng təşəbbüs başlamışdı. Bütün bunlar cinayətkar erməniləri həvəsləndirir. 

Ortaya haqlı suallar çıxır: hansı səylər? Axı keçmiş “Minsk Qrupu” illər uzunu işğalçının yanında yer almaqla özü haqda “ölüm hökmü”nü elə özü çıxarıb. O zaman ABŞ nədən az qala hər addımda ölmüş “Minsk Qrupu”nu bizə xatırladır, gündəmə gətirməyə çalışır? Bu söhbət niyə bitmir? Bir yandan da iddia edirlər ki, Amerika Azərbaycan-Ermənistan birbaşa dialoqunda maraqlıdır. Erməni tərəfinin qulağına xoş gələn, onu “köhnə əyyama” qaytaran bu yanaşma ilə gerçəkdənmi Vaşinqton Güney Qafqazda daimi sülhün əldə olunacağına ümid edir? Bu, öz ayağına “güllə sıxmaq” deyilmi? Azərbaycan olaraq ABŞ-a reaksiyamız necə olmalıdır? Bütün bunlarla bağlı fikir adamlarına, qiymətli ekspertlərə müraciət etdik.

Sahib Alıyev (siyasətçi) — Vikipediya

Sahib Alıyev: “Qərbdəkilər, başda Fransa olmaqla, Ermənistanda revanşizm hisslərini qızışdırmaq, hayları yeni xülyalara salmaqla sülh prosesinə böyük zərbə vurur, yeni toqquşmalara yol açırlar”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a ABŞ-dan gələn reaksiyanı şərh edərkən bunları söylədi: “Açığı, Vedant Patelin Rusiyanı Minsk Qrupunun səylərinə zərbə vurmaqda suçlandırarkən nəyi nəzərdə tutduğunu anlamıram. "Minsk qrupu" nəyə səy edirdi ki, Rusiya onun qarşısını aldı? Mən bilən elə həmin ABŞ-ın keçmiş təmsilçisi Hoqlandın da etiraf etdiyi kimi, Minsk Qrupu həmsədrləri beşulduz hotellərdə qalmaq və bahalı restoranlarda yeyib içməkdən başqa heç bir iş görmürdülər. Və onların etməli olduqlarını Azərbaycan özü reallaşdırdı. Yəni BMT-nin uzun illər kağız üzərində qalan qətnaməsini təslimçilik aktı şəklində Ermənistana imzalatdı və bunu yerinə yetirməyə vadar etdi. Dövlət Departamenti təmsilçinin “Rusiyanın birtərəfliliyi” ifadəsinin arxasında nə dayandığı da mənə aydın deyil. Bəlkə o, belə bir ifadə işlədərkən ikinci Qarabağ savaşı zamanı Azərbaycana atılan və həmin ABŞ-ın bununla bağlı hələ də heç bir reaksiya bildirmədiyi “İskəndər-M” raketlərini, yaxud da Rusiyanın həmin vaxt “inşaat materialı”, “humanitar yük” adı altında Ermənistana göstərdiyi hərbi-texniki və digər dəstəkləri nəzərdə tutur?" S.Alıyev digər məqama da diqqət çəkdi: “Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq bir neçə dəfə dünyanın Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbənin nəticələri ilə razılaşdığını bildirib. Onun bu sözlərini "Bütün dövlətlər Artsaxı Azərbaycanın tərkibində görür “ deməklə Ermənistanın baş naziri Paşinyan özü də təsdiqləyib. Patel və Qərbin bir sıra təmsilçiləri bu reallığı gözəl bilir, sadəcə, olmayan "Minsk Qrupu" və Dağlıq Qarabağdan dəm vurmaqla haylara özlərinin Rusiyadan daha çox onların maraqlarından çıxış etdiklərini göstərməyə çalışırlar. Fikir verirsinizsə, bu cür terminlərdən sonra mütləq Rusiyanı da tənqidə başlayırlar ki, burada hədəf kim və nə olduğu çox aydın görünür. Amma mənim fikrimcə, onların bu cür hərəkətləri Rusiyanın əleyhinə işləməkdən çox, işinə yarayır. Rusiya Ermənistanı da ermənistandakıları da gözəl tanıyır və indi hər əmrinə müntəzir olsalar belə, zəiflədiyi halda, necə dönəcəklərini yaxşı bilir. Elə özü Birinci Dünya savaşı zamanı onların bu “keyfiyyət”lərindən qərbdəkilərlə birgə Osmanlıya qarşı faydalanıb. Ona görə də Moskva üçün önəmli olan hayların indi onu sevib-sevməmələri yox, Ermənistanın tezliklə sülh anlaşması imzalayıb-imzlamayacağıdır".

Deputatın fikrincə, qərbdəkilər isə göründüyü kimi, başda Fransa olmaqla, Ermənistanda revanşizm hisslərini qızışdırmaq, hayları yeni xülyalara salmaqla sülh prosesinə böyük zərbə vurur, yeni toqquşmalara yol açırlar: “Belədə isə Ermənistanın Qərbdən fərqli olaraq regionda hərbi baza saxlayan Rusiyadan asılılığı daha da artır”. Azərbaycanın nə etməli olduğuna gəldikdə, deputat dedi ki, ölkəmiz son iki ildə nə edirsə, onu da davam etdirməlidir: “Hərbi potensialını daha da artırmalı, işğaldan azad olunan torpaqlarımızda quruculuq proseslərini genişləndirməli və mümkün qədər tezləşdirməlidir. Çalışmalıyıq ki, daha çox soydaşımız öz yurd yerlərinə dönə bilsinlər. Təbii ki, Qərblə qaz və elektrik enerjisi sahəsində başladılan yeni əməkdaşlıq da burada bizim az işimizə yaramayacaq. Yeri gəlmişkən, cənab Bono yeni təyinatından öncə dövlət katibi müavininin iqtisadi məsələlər üzrə müşaviri işlədiyindən, o sırada Vyanada çalışarkən bizim regiona və energetika məsələlərinə yetərincə bələd kimi bu baxımdan Azərbaycanla Ermənistanın çəkilərini və Qərb üçün oynadıqları rolu yaxşı bilir”.

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

İlham İsmayıl: “Rusiyadan fərqli olaraq, ABŞ sülhün tez yaranmasını istəyir və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir”

Təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl öncə yenə də mövcud olmayan “Dağlıq Qarabağ” və “Minsk Qrupu” ifadələrinin işlədilməsinə toxundu: “İndi isə Patel, üstəlik, Rusiyanı Ukraynaya təcavüz eləməklə "Minsk Qrupunun səylərinə zərbə vurmaqda" ittiham edir. Hansı səylər? Axı Minsk Qrupu illər uzunu işğalçının yanında yer almaqla özü haqda “ölüm hökmü”nü elə özü çıxarıb. O zaman ABŞ nədən az qala hər addımda Minsk Qrupunu bizə xatırladır, gündəmə gətirməyə çalışır? Bu söhbət niyə bitmir? 44 günlük müharibədən sonra Minsk Qrupunun yenidən prosesə girmək cəhdləri Azərbaycan tərəfindən sərt şəkildə alındı. Üstəlik, Azərbaycanın bu mövqeyi keçmiş Minsk Qrupunun üzvü Rusiyanı bölgədə dominant olmaq siyasətini qismən təmin etdiyindən, Qərbin hansısa formada bölgəyə təsirini tam kəsmək üçün digər iki üzvün iştirakına imkan vermir. Ona görə də ABŞ-ın hədəfi Azərbaycan yox, Rusiyadır. ABŞ özü Rusiya ilə Qarabağ münaqişəsini müzakirə etmək istəmir və Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın sülh prosesində iştirakını mümkünsüz hesab edir. Hərdən Minsk Qrupunu xatırlatmaqla Fransanın köməyi ilə Rusiyanın Azərbaycandan çox, Ermənistana təsirini azaltmağı düşünür. Ona görə istər Filipp Rikerin nümayəndə olduğu qısa müddətdə, istərsə də yeni təyin olunan Luis Bononun fəaliyyətə başlaması ilə bağlı siyasətində elə bir fərq yoxdur. Ermənistan rəhbərliyi də bunu istədiyi üçün Rusiya ilə münasibətlərin kəskinləşməsi ABŞ-ın siyasətinə uyğundur".

İ.İsmayılın sözlərinə görə, ABŞ bilir ki, Azərbaycan bunu qəbul etmədiyi üçün “Qrup” fəaliyyətini bərpa edə bilməyəcək: “Amma Ermənistanla Rusiyanın qarşıdurmasına nail olacağını və tədricən Rusiyanın təsirinin bölgədə minimuma enəcəyini planlaşdırır. Bir yandan da iddia edirlər ki, Amerika Azərbaycan-Ermənistan birbaşa dialoqunda maraqlıdır”.

Ekspert qeyd etdi ki, Amerika həqiqətən iki ölkənin birbaşa dialoqunda maraqlıdır və bu, bizim də marağımıza uyğundur: “Rusiyadan fərqli olaraq, ABŞ sülhün tez yaranmasını istəyir və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Bu, o demək deyil ki, ABŞ tamamilə Azərbaycanın yanındadır. Qlobal güclər hər zaman bir gərginlik yaratmaq istəyirlər ki, tərəfləri təsir altında saxlaya bilsinlər. ABŞ-a reaksiyamız öz maraqlarımızın cavab verdiyi prinsiplər əsasında olmalıdır. Maraqlarımız isə ərazi bütövlüyümüzün de-fakto təmini, bölgədə sülhün və sabitliyin davamlı olmasıdır. Kim buna cavab verirsə, onunla da yaxşı münasibətlərdə olmalıyıq”.

Elşad PAŞASOY,

“Yeni Müsavat”

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR