İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaponiyaya 15 atom bombası atacaqmış – Xirosima faciəsindən 77 il ötür

1869 06.08.2022 13:43 Yazarlar A A

 

Bəşər tarixinin ən dəhşətli hadisələrindən biri, Yaponiyaya üç gün ərzində iki dəfə atom bombasının atılmasından 77 il ötür.

6 avqust 1945-ci ildə atom bombası Xirosimaya, həmin tarixdən üç gün sonra isə 9 avqust tarixində Naqasakiyə atılıb. Yaponiyanı müharibədə təslim etmək üçün məhz bu vasitədən istifadə edilib. 14 avqust 1945-ci ildə çıxılmaz vəziyyətdə qalan Yaponiya təslim olmaq məcburiyyəti qarşısında olub. Yaponiya imperatoru Xiroxito amerikalı general Duqlas Makarturla İkinci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən və təsdiqləyən müqaviləni imzalayıb. Təbii ki, digər tərəfdən də Amerika Birləşmiş Ştatları öz hərbi qüdrətini dünyaya nümayiş etdirmək üçün bu dəhşətli olaya imza atıb.

Üstündən neçə onilliklər keçsə də, bu dəhşətli hadisə ilə bağlı yeni məlumatlar üzə çıxmaqdadır.

2000-ci illərdən sonra açılan arxivlərdən məlum olub ki, ABŞ Yaponiyaya 15 atom bombası atmağı planlaşdırıb. Yaponiyanın şəhərlərinin avqust, sentyabr, oktyabr aylarında bombalanması nəzərdə tutulub. Prosesin həyata keçirilməsi üçün 1945-ci ilin yaz aylarında xüsusi komitə yaradılıb. Komitədə atom bombasının atılacağı şəhərlərin adı da müəyyənləşdirilib.

Amerika rəsmiləri belə düşünüb ki, Yaponiya bir-iki bomba atıldıqdan sonra mübarizəni davam etdirəcək. Məhz buna görə Yaponiyanın silsilə bombalanması məqsədəuyğun sayılıb.

Bombalanacaq şəhərlərin siyahısında Kioto, Xirosima, Yokoqama, Kokura, Niiqata və digərləri yer alıb. Bu siyahıda Naqasakinin adı olmayıb. 9 avqustda əvvəlcədən bombalanması nəzərdə tutulan Kokurada hava şəraiti pis olduğundan atom bombasını daşıyan təyyarə səmtini dəyişərək Naqasaki səmalarına istiqamət alıb. Bu marşrut dəyişikliyi ABŞ prezidenti Harri Trumen üçün də gözlənilməz olub. Çünki Naqasaki prezidentin bombalanacaq “ehtiyat” şəhərlər siyahısında yer alıb.

Yaponiyanın qədim Kioto şəhəri isə maraqlı bir təsadüf nəticəsində bombalanacaq şəhərlər siyahısından çıxarılıb. Belə ki, ABŞ-ın müdafiə naziri Henri Stimson bal ayını bu şəhərdə keçirdiyindən Kiotonu mədəniyyət mərkəzi kimi xarakterizə edərək bu məkana atom bombasının atılmasını məqbul saymayıb.

ABŞ üçüncü atom bombasının Yaponiyaya avqustun 19-da atılmasını planlaşdırıb. Bununla bağlı hazırlıq işləri də sona çatıb, bomba təyyarəyə yüklənib. Yaponiya bu tarixə qədər təslim olduğunu bəyan edəndə “yük” təyyarədən boşaldılıb.

Bu dəhşətli hadisənin içində maraqlı olaylar da baş verib. Elə adam olub ki, hər iki atom bombasının atılmasının canlı şahidi olub. Naqasakidə yaşayan Sitomu Yamaquçi avqustun 6-da hansısa bir işi ilə bağlı Xirosimaya səfər edib. Atom bombası atılanda o, bir sutka sığınacaqda gizlənib və səhəri gün öz şəhəri Naqasakiyə qayıdıb. Daha bir gündən sonra isə o, ikinci atılan atom bombasının həyəcanını yaşayıb.

Atom bombasının Xirosimaya atılması nəticəsində ilk iki gündə ölənlərin sayı 140 min nəfərə çatıb. Sonralar yaralananlar və şüalanma nəticəsində ölənlərin ümumi sayı 287 mini keçib. Naqasakidə isə atom bombasının atıldığı gün və sonra onun fəsadları nəticəsində ölənlərin sayı 163 minə yaxın olub.

Atom bombası Xirosimada olduqca böyük dağıntılara səbəb olub. Əsasən daha çox ikimərtəbəli və üçmərtəbəli binaların  olduğu şəhərdə tamamilə dağılmış evlərdən başqa, digər tikililərin demək olar ki, hamısına ciddi ziyan dəyib. O cümlədən, dövlət qurumlarının yerləşdiyi binalarda, ofislərdə, yaşayış evlərində bütün avadanlıqlar yarasız hala düşüb. Şəhərin bərpası zamanı maraqlı bir fakt üzə çıxıb. Şəhər bankının direktoru dağılmış bankın qalıqları altında qalan seyfi tapanda çox rahatlıqla cibində saxladığı açarla onu açıb. Atom bombası seyfə heç bir ziyan vura bilməyib. Bankın direktoru seyfi istehsal edən müəssisəyə təşəkkür məktubu göndərib. Məktubun sonunda bu sözlər əks olunub:

“Sizin istehsal etdiyiniz seyflərə hətta atom bombası da təsir edə bilmir...”

1964-cü ildə Xirosimada hadisə qurbanlarının xatirəsinə “Sülh” məşəli yandırılıb. Məşəlin altında bu sözlər yazılıb:

“Bu məşəl dünyada sonuncu nüvə silahı ləğv edilənə qədər yanacaq”.

Yaponiyaya atom bombasının atılması çox da uzaq tarix deyil. Bu haqda çoxsaylı filmlər çəkilib, kitablar yazılıb, saysız-hesabsız yazılar dərc olunub. Müasir dünyamızda kiçikdən böyüyə qədər bu faciəli hadisədən yetərincə məlumatlıdırlar. Amma təəssüflər olsun ki, buna baxmayaraq bu gün də dünyanın tanınmış bəzi  siyasi liderləri öz çıxışlarında, bəyanatlarında “atom bombası” ifadəsini işlətməkdə davam edirlər.

İlham Cəmiloğlu, Musavat.com   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR