İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Fransanın saxtakar Cənubi Qafqaz və sülh siyasəti

1362 23.11.2023 11:32 Siyasət A A

Deputat Hikmət Babaoğlu: “ABŞ və Fransanın 30 il ərzində siyasəti nə idisə, bu gün də odur, lakin Azərbaycan dəyişib, güclənib”

Qarabağ işğalda olduğu müddətdə heç şübhəsiz ki, həm də Qərb dairələrinin formalaşdırdığı belə bir rəy vardı ki, münaqişəni həll olmağa qoymayan Rusiyadır. Ancaq 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı, eyni zamanda istər işğal dövründə, istərsə də Qarabağın azadlığından sonra gedişatdan aydın oldu ki, Qərb dairələri hansı ikiüzlü, saxta mövqedə olub.

Artıq bölgədə bütün problemləri Azərbaycan öz gücü ilə həll edib, suverenliyini tam bərpa edib. İndi nə baş verir? ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilir! Bunun özü Amerika üçün biabırçılıqdır. Azərbaycanda, ümumiyyətlə, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. ABŞ siyasətçiləri Azərbaycanın siyasi, coğrafi xəritəsini “öyrənməyiblər”, eləcə saxta informasiyalara əsaslanırlar, yaxud da özlərini belə siyasi korluğa vururlar. Onları Qarabağın gələcəyi belə düşündürürsə, niyə 30 ildə kor olmuşdular?

Azərbaycan əraziləri işğalda saxlananda, Qarabağ ermənilər tərəfindən terror yuvasına döndərilməsinə, narkoplantasiyalar məkanına çevriləndə niyə lal idilər?

Azərbaycan dəfələrlə və ən yüksək səviyyədə bəyan edib ki, Qarabağın dinc erməni əhalisinin hüquqlarının, təhlükəsizliyinin qorunmasına tam təminat verir. Azərbaycanın belə pozitiv davranışının qarşılığında isə ABŞ və Fransa rəzil, eybəcər, saxta bir siyasət yürüdür. Dinləmələr keçirməkdə məqsədləri sırf Azərbaycana qarşı təzyiqlər üçün bəhanələr formalaşdırmaqdır. İstər ABŞ, istər Fransa Cənubi Qafqazda güclü Azərbaycan görmək istəmir. Onlara “sözəbaxan” bölgə dövlətləri lazımdır. Bunu isə Azərbaycandan görməyəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də İraq prezidenti ilə görüşdə bir daha Azərbaycana qarşı məkrli oyunlar qurmağa cəhd edən Qərb dairələrinə mesaj verdi.

Sitatlar:

- Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər;

- Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik;

- Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır;

- Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar;

- Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz! Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək;

- Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq.

ABŞ və Fransanın bu cür riyakar siyasəti haradək davam edəcək? Onlar Azərbaycandan nə istəyirlər? Bəs Azərbaycan bunun qarşılığında hansı siyasi xətti tutacaq? Qərb niyə Cənubi Qafqazda sabitlik istəmir, pozuculuqla məşğuldur? Prezident Əliyevin onları ifşa edən açıqlamasından nəticə çıxarmalıdırlarmı?

Hikmət Babaoğlu: Dövlətimizin başçısının müsahibələri qlobal ictimai rəyi  lehimizə dəyişir - AZƏRTAC

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Fransa və ABŞ-ın hazırkı mərhələdəki Cənubi Qafqaz siyasəti sülhə, əməkdaşlığa xidmət etmir.  Əslində 30 illik münaqişə dövründə də ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi nə Fransanın, nə də ABŞ-ın mövqeyi sülhdən və barışıqdan yana deyildi. Məhz iki həmsdədr ölkənin bu yanaşması kontekstində 30 il davam edən danışıqlar prosesində sülh əldə etmək mümkün olmadı: “Yəni ABŞ və Fransanın 30 il ərzində siyasəti nə idisə, bu gün də dəyişməyib. Ancaq Azərbaycan dəyişib, reallıqlar dəyişib. Azərbaycan qan tökərək regionda beynəlxalq hüququ və ədaləti bərpa edib. Sülh üçün heç olmadığı qədər münbit şərtlər formalaşdırıb. Azərbaycan Prezidenti hərbi, siyasi memarı olduğu bu gerçəkliyi kiminsə yenidən manipulyasiya etməsinə izn verməyəcək. Cənubi Qafqazda yenidən hegemon ölkələrin militarizasiya siyasətinin, hərbləşdirmə siyasətinin baş tutmasına imkan verilməyəcək. Hansı ki, bu gün Fransa Ermənistanı çox cidd-cəhdlə silahlandırır. Ermənistan da əslində müstəqil dövlət olmadığı üçün Fransanın bu hərbi-siyasi avantürasının alətinə çevrilir. Biz postsovet məkanı və Yaxın Şərq təcrübəsindən bilirik ki, hegemon güclərin militarizasiya siyasəti, sadəcə, onların özünün maraqlarına xidmət edir. Ukraynada olduğu kimi, Yaxın Şərqdə olduğu kimi. Çox təəssüf ki, Ermənistan müstəqil dövlət olmadığına görə bu avantüranın bir parçasına çevrilməklə yeni müharibələr üçün şərtlər yaradır. Amma bir məsələ çox aydındır ki, əgər Cənubi Qafqazda yeni bir müharibə baş verəcəksə, bu müharibə artıq Azərbaycanın ərazisində olmayacaq. Poliqon Ermənistan olacaq. İrəvan bunu nəzərə almalı və nə qədər gec deyil, nəticə çıxarmalı, sülh sazişini imzalamalıdır”.

Deputatın fikrincə, Azərbaycan Prezidenti regionun problemlərinin regional aktorlar müstəvisində həll olunması məsələsini deyən zaman məhz həm də bunu nəzərdə tuturdu ki, kənar müdaxilələr region dövlətlərinə rifah və sülh gətirməyəcək, yaxşı olar Ermənistanda bu, dərk edilsin: “Ona görə də ABŞ Konqresində dinləmələrin aparılması, Azərbaycan əleyhinə fikirlərin səsləndirilməsi, ərazimizdə olmayan adda bir inzibati vahid haqda dinləmələrin keçirilməsi, onun perspektivlərindən danışılması ABŞ-ın beynəlxalq hüquqa qarşı olan zidd mövqeyidir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına almasıdır. Belə olan halda Azərbaycan haqlı olaraq öz mövqeyini israrla müdafiə edəcək və əsla bu cür hərbi-siyasi avantüraların Cənubi Qafqazda reallaşmasına imkan verməyəcək. Azərbaycan Prezidentinin üç gün öncəki açıqlamaları da buna - sülhə, regional əməkdaşlığa, regionumuzun gələcək inkişaf perspektivlərinə xidmət edir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR