İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Avropadan yeni sanksiyalar - Rusiya defoltu seçdi

1851 07.04.2022 10:40 İqtisadiyyat A A

RF SSRİ dövrünə qayıdır; barterlə ticarət bərpa olunur; “qara siyahı”ya salınanların siyahısı genişlənir

ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyaları elan olunur. Ağ Evin mətbuat katibi Cen Psakinin sözlərinə görə, ABŞ-ın budəfəki sanksiyaları Rusiyanı seçim qarşısında qoyur: ya defolt, ya da əlindəki valyuta ehtiyatlarını əritmək: “Rusiyanın resursları tükənməz deyil. Xüsusilə də bizim dağıdıcı sanksiyaları işə saldığımız indiki zamanda. Onlar əllərində qalan dollar ehtiyatlarını xərcləmək, ya da özlərini defolt elan etməyi seçməli olacaqlar”.

Qeyd edək ki, aprelin 4-də Rusiya Maliyyə Nazirliyi dövlət qiymətli kağızları üzrə 649,2 milyon dollarlıq borcunu rublla ödəyib. Nazirliyin yaydığı məlumata görə, ödənişləri dollarla icra etmək istəsə də, xarici agent-bank ölkənin valyuta ehtiyatlarından ödəniş olunmasına imkan verməyib. Buna görə də martın 30-31-də ödənilməli olan iki borcun dolların aprelin 4-nə olan məzənnəsi əsasında rublla ödəyib.

“RİA-Novosti”yə danışan rusiyalı maliyyəçi-ekspert Dmitri Dorofeyevin fikrincə, bununla da Qərb Rusiyanın texniki defoltu prosesini işə salmış olub: “Borc kağızlarının xaricdəki sahibləri rubll ödənişləri qəbul etməyərək məhkəməyə üz tuta bilərlər. Bu isə bir aydan da az müddətdə Rusiyanın defolt elan olunmasına gətirəcək. Beləliklə, Rusiya suveren borclar üzrə tammənalı defolt elan olunacaq”.

Ekspertə görə, qeyri-rezidentlərə ödənişlərin davam etdirilməsi onların pullarını geri almaq üçün Rusiyanın valyuta ehtiyatlarına qoyulan sanksiyaların yumşaldılması istiqamətində fəaliyyətə keçməsinə səbəb ola bilər. Lakin xarici analitiklər hesab edirlər ki, Rusiya defolt elan olunandan sonra onun dövlət borc kağızlarına görə ödənişlərin valyuta ehtiyatlarına deyil, xarici ölkələrdəki əmlakına yönəldilməsi perspektivi daha realdır.

WSJ: Rusiya uzun illər maliyyə problemi yaşayacaq - Hotnews.az - Xəbər  aqreqatoru

Beləliklə, aydın olur ki, artıq Rusiya əlindəki valyuta ilə xarici borclarını ödəməyi deyil, defoltu seçib.

Avropa İttifaqı da Rusiyaya qarşı sayca beşinci sanksiya paketi üzərində müzakirələri başa çatdırıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, Aİ Rusiyaya 10 milyard avro dəyərində yarımkeçiricilər, maşın və nəqliyyat avadanlıqlarının satışını qadağan edir. Bundan əlavə, Rusiyaya məxsus, yaxud bu ölkənin operatorları tərəfindən idarə olunan gəmilərin Aİ yurisdiksiyasında olan limanları girişi qadağan olunur. Rusiya və Belarusa məxsus avtomobil nəqliyyatının birlik ölkələri ərazisində hərəkəti də məhdudlaşdırılır.

Rusiyaya məxsus şirkətlərin Aİ ölkələrində dövlət satınalmalarında iştirakı, Rusiya dövlət təşkilatlarına hər hansı maliyyə dəstəyi də tam qadağan olunur. Aİ həmçinin VTB də daxil olmaqla, dörd ən böyük Rusiya bankı ilə əməliyyatları dayandırır, vergi və konkret ödəmə kanalları ilə bağlı sanksiyalar hazırlayır. Rusiya fiziki və hüquqi şəxslərindən ibarət “qara siyahı” genişləndirilir.

Aİ Rusiyadan ildə 4 milyard dollarlıq kömür alışını dayandırır. Qeyd edək ki, Rusiyanın enerjidaşıyıcılarına embarqo qoyulması məsələsində Aİ ölkələri arasında fikir ayrılıqları güclü idi. Xüsusilə Macarıstan və Almaniya buna qarşı çıxırdılar. Lakin Buça şəhərində Rusiya hərbçilərinin törətdiyi qətliam aşkarlanandan sonra Şərqi Avropa ölkələri yenidən bu məsələni kəskin formada qaldırıblar. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib ki, bir sıra Aİ ölkələrinin hökumət başçıları təkid edirlər ki, Rusiya neftinin idxalının azaldılmasına dair konkret qərar olmalıdır. Bu baxımdan, Aİ iqtisadiyyat nazirləri enerji sektoruna sanksiyalar tətbiq etməyə hazırdırlar, lakin qadağaların müddəti və əhatə dairəsi ilə bağlı yekun razılaşmalar hələlik əldə olunmayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Aİ qadağaları kömürdən başlamalı, daha sonra neft və qaza keçməlidir.

Rusiya sabah defolta düşə bilər

“Reuters” və “Bloomberg”in yazdığına görə, Aİ 9 milyard avroluq Rusiya sementi, meşə materialı, kauçuku, kimya məhsullarını almaqdan da imtina edir. Rusiyaya 10 milyard avro dəyərində kompüter və maye qaz istehsalı üçün zəruri avadanlıqların satışı da dayandırır. Bundan əvvəl SWIFT-dən ayrılan Rusiya bankları ilə bütün əməliyyatlar dayandırılır.  Nəhayət, Aİ Rusiyadan kalium gübrələrinin alışını da məhdudlaşdırır.

Dünən Avropa Parlamentinin iclasında çıxış edən Avropa Şurasının sədri Şarl Mişel də bildirib ki, Aİ kömürlə kifayətlənməməli, növbəti mərhələdə Rusiya nefti və qazından da imtina etməlidir: “Biz Kremlə təzyiqləri saxlamaq üçün öz sanksiyalarımızı sərtləşdiririk. Bizim növbəti sanksiya paketimiz Rusiyadan kömür alışının dayandırılmasını nəzərdə tutur. Mən düşünürəm ki, gec-tez neft və qazla bağlı da tədbirlərin görülməsi lazım gələcək”.

Ş.Mişel həmçinin heç bir ölkənin Rusiya şirkətlərinə qarşı tətbiq olunan sanksiyalardan yan keçməsinə imkan verilməməsinin gərəkdiyini bəyan edib.

Aİ baş diplomatı Jozep Borrel isə avropalıların Ukraynaya dəstəyi artırmalı, Rusiyanın eneji asılılığından qurtarmalı olduqlarını deyib: “Biz Ukraynaya 1 milyard avro civarında yardım ayırmışıq. İlk baxışdan böyük məbləğ kimi görünür. Lakin biz hər gün 1 milyard avronu aldığımız enerjidaşıyıcılarına görə Putinə veririk. Müharibə başlanandan biz ona 45 milyard avro vermişik. Bunu Ukraynaya silah və hərbi avadanlıq təchizatı üçün verilən 1 milyard avro ilə müqayisə edin. Bu nəhəng fərq Avropa Şurasının bizdən xahiş etdiyini yerinə yetirməyin vacibliyini bizə anlatmalıdır. Biz öz enerji asılılığımızı azaltmalıyıq. Avropa Komisisyası bunun üçün zəruri tədbirləri təklif edəcək”.

Jozep Borrel Avropa İttifaqı Şurasının təcili iclasını çağırıb - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avrokomissiyanın rəhbəri U.Lyayen bəyan edib ki, Rusiyaya qarşı yeni sanksiya paketi axırıncı deyil: “Bu, sonuncu sanksiya paketi deyil. Biz diqqəti neftə və Rusiyanın faydalı qazıntılardan aldığı gəlirlərə yönəltməliyik”.

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev Qərbin ölkəsinə qarşı sanksiyalarını inkvizisiya metodlarına bənzədib. Telegram kanalında bu barədə yazan Medvedyev bildirib ki, dost olmayan ölkələrin rəsmiləri az qala rusiyalı biznesmenləri “ocağa atmağı” təklif edirlər və bu zaman mülkiyyət hüququ, vətəndaş hüququ kimi prinsiplər qətiyyən nəzərə alınmır. Rusiya rəsmisi ABŞ-ı “baş inkvizitor” adlandırıb. Bildirib ki, Rusiya biznesinin əmlakına həbs qoyanlar tezliklə həm öz ölkələrində, həm də beynəlxalq məhkəmələrdə qaldırılacaq iddialarla üzləşəcəklər. Məhkəmələr bu iddialara ədalətlə baxmasa, bir yol qalacaq: müharibə hüququ.

Aİ-nin yeni sanksiyalarından sonra Rusiya Avropa istiqamətində dəniz və avtomobil nəqliyyatı ilə yükdaşımaların mühüm hissəsindən məhrum olur. Bu isə şimal qonşumuzu Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən keçən marşrutla nəqlini artırmağa sövq edir. Dünən Azərbaycan-Rusiya sərhədində Yaraq-Qazmalar buraxılış məntəqəsinin ərazisində gündəlik ötürücülük gücü 100 yük maşını olan yeni hərəkət zolağı istifadəyə verilib. Rusiya Gömrük Xidmətinin məlumatına görə, bu məntəqədə gündəlik tələbat 500-550 yük maşınına çatır: “Antirusiya sanksiyaları və Rusiya Federasiyasının Avropa ölkələri ilə yük nəqliyyatı əlaqəsinin bloklanması şəraitində Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmiz üçün əhəmiyyəti artır. Yaraq-Qazmalar Rusiya-Azərbaycan sərhədində ən böyük və ən çox yüklənən buraxılış məntəqəsidir. İran, Türkiyə və Azərbaycandan Rusiyaya yüklərin, xüsusilə də təzə tərəvəzin çatdırılmasında fasiləsizliyin təmin olunması onun fəaliyyətindən birbaşa asılıdır”.

Rusiya həmçinin onunla əlaqələri saxlayan ölkələrlə qarşılıqlı ticarətdə mübadilə və milli valyutalarla hesablaşmaya keçməyə hazırlaşır. Belə ölkələrdən biri Türkiyədir.  Türkiyə-Rusiya İşgüzar Şurasının həmsədri İzzət Əkməkçibaşı bildirib ki, ölkələr 1980-ci illərdə olduğu kimi, mübadilə ilə ticarətə qayıtmağı müzakirə edirlər: “Rusiya ilə milli valyutalarla ticarət edirik, lakin onun həcmi çox cüzidir. Bu həcmin artırılması üçün hər iki tərəfdən dövlət zəmanəti verilən həcmlər müəyyənləşdirilməlidir. Əgər onlar 5 milyard dollarlıq zəmanət verərlərsə, biz həmin məbləğdə məhsulu türk lirəsi ilə satmağa hazırıq”.

Əkməkçioğlunun sözlərinə görə, Qərb şirkətlərinin Rusiya bazarlarını tərk etməsindən və sanksiyalardan sonra Türkiyə üçün yeni imkanlar açılır: “Keçən il Türkiyənin Rusiyaya ixracı 6 milyard dollar olub. Bu il ixrac həcminin daha da artırılması şansı var. Rusiyaya avtomobil ehtiyat hissələri, hazır geim və ərzaq ixracı üçün əlverişli şərtlər formalaşıb və biz müvafiq işlərə başlamışıq”.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, sanksiyaların Rusiya rubluna təsir etmədiyini deyənlər ciddi şəkildə yanılırlar: “Bu tezisə rəqəmlərlə cavab vermək daha doğru olar:

- 2013-cü ildə, Rusiyanın Krımın işğalından öncə 1 dollar (il ərzində) ortalama 30 rubl 37 qəpik idi;

- 2015-ci ildə, Rusiyanın Krımı işğal etdikdən sonra 1 dollar (il ərzində) ortalama 56 rubl 23 qəpik oldu;

- 2021-ci ildə, Rusiya-Qərb gərginliyinin kəskin artması başlayanda 1 dolların ortalama qiyməti 69 rubl oldu;

- 2022-ci ilin yanvar ayında ortalama qiymət 1 dollar 75 rubl 88 qəpik olub;

- 2022-ci ilin fevral ayında (müharibə ay sonu, 24 fevralda başladı) ortalama məzənnə 1 dollar 77 rubl 40 qəpik oldu;

- 2022-ci ilin mart ayında ortalama məzənnə 1 dollar 104 rubl 08 qəpik olub.

Yəni 2014-cü ildən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 1 dollar 30 rubldan 104 rubla qədər - 3,4 dəfə bahalaşıb. Yaxşı, bəs rublun dəyərdən düşməsi başqa necə ola bilərdi ki?!

Bu gün Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi inzibati məzənnədir, bazarı əks etdirmir, müxtəlif məhdudiyyətlərə və biznesin üzərinə qoyulmuş məcburi öhdəliklərə görədir. Real məzənnə “qara bazar”dadır. Amma bir məsələ də var ki, tarix boyu “qara valyuta bazarı” olan ölkələrin sonu heç vaxt yaxşı olmur"...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR