İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nəşrlərinin davam edən Azərbaycan qərəzi

1239 15.08.2023 13:20 Siyasət A A

Vaxtilə bizi torpaqlarımızın işğalı ilə hesablaşmağa razı salmağa çalışan ABŞ niyə hələ də suveren ərazimizdə separatçılara dəstək verir?

Son günlər ABŞ-ın nüfuzlu nəşrlərində Azərbaycana qarşı qarayaxma kampaniyası başlayıb. Əvvəl “Forbes”də (iki həftədə bir nəşr olunan  biznes jurnalı) Evelina Oçabın reallığı təhrif edən  və birmənalı ermənilərin mövqeyini müdafiə edən məqalə dərc olunub.

“Vaşinqton Post” qəzeti isə 6 gün ərzində Azərbaycana qarşı nə az, nə çox düz 3 məqaləyə “səxavətlə” yer ayırıb. “Vaşinqton Post”da Azərbaycana qarşı yazılara müəlliflik edən Devid İqnatius istər 44 günlük Vətən müharibəsindən öncə, istərsə də müharibədən sonra Ermənistanın və Qarabağdakı separatçıların müdafiəçisi rolunda çıxış edib, bu istiqamətdə yazılar və açıqlamalar yayıb. Devid İqnatius 2016-cı ildə qanunsuz şəkildə Qarabağa səfər edib və təbii ki, burada erməni qardaşlarının qonağı olmaqla yanaşı, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən misli görünməmiş vəhşilikləri də gözləri ilə görüb. Fəqət, bu vəhşiliklərdən bir cümlə də olsun yazmamaqla, dilə gətirməməklə qələmini və vicdanını ermənilərə satdığını sübuta yetirib. Kriminal oliqarx Ruben Vardanyanın yaxın dostu olan Devid İqnatiusun qələmini də erməniləşdirməsi mükafatsız qalmayıb və Vardanyanın fondu tərəfindən mükafatlandırılıb.

Məlumdur ki, “Vaşinqton Post” ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanıdır.  Ekspertlərə görə, Devid İqnatiusun davamlı olaraq Azərbaycanı qaralamasının arxasında yalnız müəllifin ermənpərəstliyi yox, həm də siyasi dəstək dayanır. Əks halda, İqnatius və ya erməni əlinə baxan hansısa başqa bir jurnalist bütün faktları yanlış şərh etməkdə, işğala haqq qazandırmaqda, separatçıları dəstəkləməkdə bu dərəcədə sərbəst davrana bilməzdi. Devid İqnatius “Vaşinqton Post”da Laçın yolu ilə bağlı ermənilərin tezislərinə uyğun məqalə yazırsa, deməli, həm də ABŞ Dövlət Departamenti belə istəyir. Bu, Azərbaycana qarşı məhz Dövlət Departamentinin sifarişi ilə aparılan kampaniya və təzyiq cəhdinin göstəricisi kimi başa düşülməlidir.

Qeyd edək ki, Prezidentin köməkçisi hər iki nəşrdəki qərəzli mövqeyi pisləyib.

Bəs bu nəşrlərdəki qərəzli yazılar ABŞ-ın Bakıya təzyiqi kimi izah edilə bilərmi? Vaxtilə Azərbaycanı da torpaqlarının işğalı ilə hesablaşmağa razı salmağa çalışan ABŞ niyə hələ də suveren ərazimizdə separatçılara dəstək verir? Azərbaycanın bölgədə möhkəmlənməsi Vaşinqtonu narahat edirmi?

Abutalıb Səmədov: Altı siyasi partiyanın YAP-a qoşulması ölkənin siyasi  həyatında yeni demokratik məzmunlu presedent yaradır

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ administrasiyasının “ikili oyun” siyasəti dünyada kifayət qədər məlum olan məsələdir və onun bəzən məntiqsiz sayılan addımlarında əslində qeyri-adi heç nə yoxdur: “Ukraynada "sülhün təmin olunması" barədə aparılan açıq və gizli danışıqlar buna bariz nümunədir. İkinci Qarabağ müharibəsindən dərhal sonra ABŞ-ın ermənipərəst mövqe tutması, “Türkiyə bölgədən uzaqlaşmalıdır” kimi bəyanatlar səsləndirməsi yaxşı yadımızdadır. 2021-ci ilin fevralında Müdafiə Nazirliyinin strukturlarından birində keçirilən müzakirələri və Qarabağın faktiki müstəqilliyini nəzərdə tutan - “Azərbaycan üçün Deyton sazişi” təklifini də unutmamışıq. Elə həmin ilin son günlərində prezident Baydenin imzaladığı "Milli müdafiə haqqında" Qanunda Azərbaycan əleyhinə yazılan böhtanlar və 2022-ci ilin ortalarına qədər rəsmi şəxslərin “Qarabağa status verilməlidir” - bəyanatları da yaxşı yadımızdadır.

Ukrayna müharibəsində Rusiyanın düşdüyü ağır vəziyyət onu Cənubi Qafqaz bölgəsindən uzaqlaşdırmaq imkanı yaratdı və ABŞ başda olmaqla, Qərb blokunun Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini dəyişdirdi. Onlar anladılar ki, bu məsələdə Azərbaycan ABŞ-ın ən yaxın müttəfiqi ola bilər. Bundan sonra status barədə bəyanatlara  son verildi, rəsmi şəxslər bir daha “status” ifadəsini dilə gətirmədilər və Azərbaycanın haqlı mövqeyi dəstəklənməyə başlandı. Ötən ilin sentyabr ayından başlayaraq əvvəlcə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sallivanın vasitəçiliyi ilə danışıqlar başladı. Sonra bu prosesə dövlət katibi Blinken aktiv şəkildə qoşuldu. Rusiya mətbuatına sızdırılan, erməniləri ciddi şəkildə narahat edən və Valday forumunda Putinin deşifrə etdiyi, “Vaşinqton variantı” təklifi ortaya çıxdı.

Müşahidəçilər üçün qətiyyən sirr deyil ki, ABŞ və Avropa Birliyi danışıqlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etsələr də problemin kökündən həllində qətiyyən maraqlı deyillər. Bu səbəbdən, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasına beynəlxalq mexanizmlərin qoşulmasını istəyirlər. Bu barədə həm ABŞ rəsmiləri, həm də Şarl Mişel bəyanatlar səsləndiriblər. Məqsəd aydındır. Rusiya sülhməramlı kontingentini bölgədən çıxarıb onun yerinə Qərbin heç olmasa müşahidəçi missiyasını Qarabağda yerləşdirmək. Bu addım Qərbə həm bölgəyə daxil olmaq imkanı verər, həm də Azərbaycan üzərində təsir imkanlarını artıra bilər".

Siyasi şərhçi vurğuladı ki, təbii olaraq Azərbaycan bu təklifləri qətiyyətlə rədd edir. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası və qoşulduğumuz beynəlxalq konvensiyalar əsasında təmin olunacağını bəyan edir. Nə qədər qəribə olsa da bölgədə qalmaq şərtilə Rusiya da bu mövqeni dəstəkləyir: “Son Moskva görüşündən sonra Lavrovun verdiyi bəyanatda bu mövqe müəyyən mənada öz əksini tapmışdı. Ancaq Azərbaycanı nə Rusiyanın bölgədə qalmaq planları, nə də Qərbin beynəlxalq mexanizmlərin Bakı-Xankəndi danışıqlarına cəlb olunması, sonrakı addımlar barədə düşüncələri qətiyyən qane etmir. Son günlər ABŞ mətbuatında dövlətimizin əleyhinə yer alan yazıların artmasının əsas məqsədi Azərbaycana təzyiqləri artırmaq və onu güzəştə getməyə məcbur etməkdir”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

Politoloq Elçin Mirzəbəyli isə “Tren”də bildirib ki, ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Vaşinqton Post” qəzetində davamlı və sistemli olaraq, Azərbaycan əleyhinə təbliğatın aparılması bu prosesin sifariş əsasında həyata keçirldiyini təsdiqləyir: “Təsadüfi deyil ki, onun "Vaşinqton Post" qəzetində Laçın yolu ilə bağlı “məqaləsi” də ermənilərin tezislərinə uyğun olaraq hazırlanıb. Bu məqalə təkcə İqnatiusun ermənilərin “Vaşinqton Post”dakı tezislərini yenidən inkişaf etdirməsi deyil, həm də Dövlət Departamentinin Azərbaycana qarşı apardığı kampaniyanın və təzyiq cəhdinin göstəricisidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR