İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın regionda maraqları, müttəfiq İsraildən gözlənti-ŞƏRH

610 20.04.2023 18:25 Siyasət A A

 

“İsrail ilə Azərbaycan arasında münasibətlər qənaətbəxşdir. Bir sıra məsələlərdə, o cümlədən təhlükəsizliklə, silah alınması və s. məsələlərdə münasibətlər maraqlarımıza cavab verir, amma regionda hər hansı ölkə gərginliyin artırılması istiqamətində müəyyən addımlar atırsa, biz təbii ki, buna qarşı olduğumuzu bildiririk”.

Bu fikirləri Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a açıqlamasında deyib. O, bir neçə gün öncə ABŞ dövlət katibi Entoni Blinkenin “Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır” fikrinə diqqət çəkib:

“Təsəvvür edin, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi və ümumiyyətlə, özünü fövqəlgücə sahib iddiası olan dövlət kimi ABŞ niyə Azərbaycan-İran sərhədi haqqında narahatlıq bildirir, amma daha uzun olan Azərbaycan-Ermənistan sərhədi ilə bağlı indiyə kimi bircə kəlmə danışmayıb? Əksinə, “Azadlığa dəstək” aktı adı altında SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış dövlətlərə dəstək nümayiş etdirir.  Azərbaycana münasibətdə 907-ci düzəliş var. Bu düzəliş prezident tərəfindən təxirə salınır. Bu da ABŞ-Azərbaycan münasibətləri,  o cümlədən ABŞ-ın regionda reallaşdırdığı proseslərlə bağlıdır.

ABŞ həm siyasi, həm maddi, həm də digər formalarda dividentlər əldə edir. Azərbaycan həm özünün, həm də onların maraqlarına xidmət edən layihələr reallaşdırır. Hesab edirəm ki, 907-ci düzəlişə ehtiyac yoxdur. Demokratik dəyərlərə xidmət edilirsə, niyə Azərbaycana münasibətdə ayrı-seçkilik nümayiş etdirilməlidir? Azərbaycan-Ermənistan arasındakı proseslərdə ABŞ qeyri-səmimi siyasət yürüdür. Son aylarda da biz bunun şahidi oluruq. Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edildi, səfirliyin nümayəndəsi şəhid oldu. Bununla bağlı heç bir sərt addımın şahidi olmadıq. Əksinə, Avropa ölkələrinin əksəriyyəti səssizlik nümayiş etdirdi”.

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

X.Bəşirlinin fikrincə, İranda rejimin mümkün qədər dəyişdirilməsi, yaxud dəyişdirilməsə belə Rza Pəhləvi kimi  amillərdən istifadə edilərək İranı təsir altına almaq niyyəti aşkardır: “Rusiya-Ukrayna müharibəsi artıq gündəm mövzusu deyil. Çünki Rusiya, Çin, İran, Səudiyyə Ərəbistanı və bir sıra başqa dövlətlərin birləşməsi, ittifaq qurması kimi prosesin şahidi oluruq. ABŞ, Avropa, Böyük Britaniyanı ciddi şəkildə narahat edən məqam budur. Buna görə də İsrail kimi müttəfiq dövlətlərdən istifadə edərək İrana təsir göstərməyə çalışırlar. İranla bağlı onları narahat edən məsələ nüvə silahının əldə edilməsi və Rusiya-Çin ittifaqına İranın daxil olmasıdır. Onlar İranı bu proseslərdən mümkün qədər uzaqlaşdırmağa çalışırlar. Bir sözlə, demokratiyanın bərqərar edilməsi, rejimin dəyişməsi ilə insan hüquqlarının bərpa edilməsi yaxud Azərbaycanla sərhədin qorunması ilə bağlı narahatlıq sadəcə görüntüdür”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR