İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ordu naziri Ukraynaya XƏBƏRDARLIQ ETDİ - "Məğlubiyyət qaçılmazdır"

1024 26.11.2025 09:53 Dünya A A

ABŞ-ın ordu naziri Den Driskol Kiyevdəki ukraynalı rəsmilərə Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında ciddi çətinliklərlə üzləşdiyini və Rusiya qüvvələri tərəfindən qaçılmaz məğlubiyyətə düçar ola biləcəyini bildirib.

Musavat.com-un “NBC News”ə istinadla verdiyi xəbərə görə, Driskol ötən həftə Kiyevə səfəri zamanı rusların hava hücumlarının intensivliyinin artdığını və Rusiyanın uzun müddət hərbi əməliyyatlara davam edə biləcəyini diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, Ukrayna gələcəkdə daha da zəif vəziyyətə düşməmək üçün sülh yolu ilə danışıqları nəzərdən keçirməlidir.

Eyni zamanda ABŞ nümayəndə heyəti Ukraynanı qorumaq üçün lazım olan silah və hava hücumundan müdafiə sistemlərinin təminatının uzun müddət davam etdirilməsinin mümkün olmadığını qeyd edib.

Məlumata görə, Driskolun xəbərdarlığı ABŞ tərəfindən dəstəklənən sülh planının Kiyev tərəfindən Moskvaya təslim olma kimi qiymətləndirilməsindən sonra səslənib.

“Səfirin mesajı mahiyyət etibarilə belə idi: Siz uduzursunuz və razılaşmanı qəbul etməlisiniz”, - mənbə bildirib.

NBC xəbər verir ki, Ukrayna təqdim olunan sülh planını imzalamaqdan imtina edib və sənəd Driskol ilə danışıqlardan bəri yenidən işlənib. ABŞ daxilində isə Ukraynadakı müharibəyə son qoymaq üçün yanaşmalarda fikir ayrılığı davam edir.

Məlumatda bildirilir ki, ABŞ-ın keçmiş senatorları və potensial prezidentliyə namizədləri arasında da müharibənin həlli ilə bağlı yaxınlaşan siyasi rəqabət mövcuddur. Bəzi rəsmlər Kiyevi güzəştlərə məcbur etmək tərəfdarı olsa da, digərləri Rusiyanı təcavüzünə görə sanksiyalarla cəzalandırmağın önəmli olduğunu müdafiə edir.

Qeyd edək ki, bir həftə əvvəl ABŞ Ukraynadakı münaqişəyə son qoymaq üçün 28 maddədən ibarət yeni sülh planı hazırlayıb. Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələrinin görüşü nəticəsində plan 19 maddəyə endirilib və Kiyev üçün daha əlverişli variant hazırlanıb. Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Volodimir Zelenski planın müzakirəsi üçün 27 noyabrda görüşə hazırdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR