İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ görüşü “tarixi görüş” ola biləcəkmi: Rusiya da hərəkətə keçdi - reaksiya

999 04.05.2023 14:33 Siyasət A A

Qarabağ bölgəsində suları bulandırmaq üçün təxribatlara əl atıla bilər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton danışıqlarının üç günü geridə qaldı. İkitərəfli müzakirələr mayın 1-də, ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşdən sonra başlayıb.

Mayın 2-də isə Bayramovla Mirzoyan arasında növbəti ikitərəfli görüş baş tutub. Bu görüş ABŞ-ın Arlington şəhərində keçirilib. Müzakirələr mayın 3-də və ehtimalən qarşıdakı günlərdə də davam edəcək. Hələlik görüşün hansısa nəticələri olması barədə məlumat yoxdur. Ancaq artıq xarici KİV, o cümlədən erməni mediası yazır ki, sülh sazişi bu görüşdə imzalanmasa da, bu yöndə anlaşma sənədinin imzalanması proqnozlaşdırlır. Hətta Azərbaycan və Ermənistan arasında “Münasibətlərin tənzimlənməsi haqqında saziş”in bağlanacağı güman edilir.

Bu arada belə bir məlumat da yayılıb ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri - Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtondan qayıtdıqdan sonra Moskvada da görüşəcəklər. Bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan açıqlayıb. “Bununla bağlı ilkin razılıq var”, - Yeqoyan bildirib. “Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yardım alqışlana bilər”. Bunu isə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib Kremlin sözçüsünün açıqlamasında mesaj xarakterli çağırış da var. Sitat: “Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardım yalnız Rusiya Federasiyası ilə birlikdə imzalanmış üçtərəfli sazişlər əsasında olduqda alqışlana bilər, çünki onlara alternativ yoxdur. İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur. Müvafiq olaraq, hələlik bu üçtərəfli sənədlər alternativsizdir. Təbii ki, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən yardımı alqışlamaq olar. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandırmağa müxtəlif cəhdlər olur, hansı ki, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir”, - deyə Kremlin sözçüsü ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edərkən qeyd edib.

Sirr deyil ki, Rusiya bölgədə sülhə yalnız onun vasitəçiliyi ilə nail olunmasına çalışır. Hətta o da gizli deyil ki, Avropada, ABŞ-da daha əvvəl keçirilən görüşlərdən sonra Ermənistan xarici təsir dairələrinin təhriki ilə təxribatlar törədib, proses dəfələrlə pozulub. Bu baxımdan, Rusiyanın ABŞ-dakı son müzakirələrə də qısqanclıqla yanaşacağı və növbəti təxribatların baş verə biləcəyi də istisna edilmir. Bütün bu məqamlar nəzərə alındıqda, hazırda kifayət qədər həssas bir mərhələnin olduğu göz önündədir. Əslində 10 noyabr bəyannaməsində göstərilən bütün şərtlər Azərbaycanın xeyrinədir və onun tələbləri ilə uzlaşır. Üstəlik, Azərbaycan Laçın yolunun girişində sərhəd və gömrük nəzarətini tətbiq etməklə Ermənistanı çıxılmaz vəziyyətə salıb, həmçinin üstün mövqedə iştirak edir Vaşinqton danışıqlarında. Əgər Rusiya, nəhayət, normallaşmanın baş tutmasında maraqlıdırsa, o halda Vaşinqtonda əldə oluna biləcək pozitiv nəticədən də məmnun qalmalıdır. Lakin belə görünür ki, hərbi kontingentini 2025-ci ildən sonra da Qarabağda saxlamağı hədəfləyən şimal qonşumuz məsələnin bu tezliklə bitməsində maraqlı deyil. Üstəlik, Rusiya “nə olursa, mənim moderatorluğumla olsun” yanaşmasını sərgiləməkdədir. Qafqazları özünün təsir zonası sayan Kreml bu dəfə də Vaşinqton danışıqlarından məmnun deyil, əvvəllər olduğu kimi. Təsadüfi deyildi ki, hələ ötən ilin oktyabrında prezident Putin Ermənistanı Vaşinqton variantı ilə təhdid etmişdi. Hansı ki, Vaşinqton nəinki Ermənistan, həm də Qarabağdakı ermənilər üçün nələrsə etməyə çalışır.

Kremlin siyasəti ilə bağlı isə suallar çoxdur. Rusiya niyə narahatdır? Qərb sülh anlaşmasında yeni çalarların, məqamların olmasını tələb edirmi? Bütün bu iddialar fonunda hazırkı gedişat necə nəticələnə bilər? Ekspertlər necə hesab edir, Vaşinqton görüşü “tarixi görüş” adını ala biləcəkmi? Yəni nəhayət sülh istiqamətində ən azı ilkin anlaşma sənədinin imzalanmasına nail olunacaqmı? Yoxsa bütün danışıqların sonunda bu sənəd Moskva görüşündə imzalanacaq?

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Polkovnik: “Rusiya var gücü ilə çalışır ki, Qarabağ məsələsinin həlli uzansın”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın ənənəvi siyasəti dəyişməyib: “Azərbaycan və Ermənistan XİN rəhbərləri ABŞ-da danışıqları davam etdirirlər. Amerika mənbələrinin verdikləri məlumata görə, 3 gün davam edəcək görüşlərdə tərəflər yekun sənədin imzalanması üçün bütün hazırlıq işlərini başa çatdırmağı planlaşdırırlar. Tərəflər bir çox məsələlərdə ortaq razılığa gəliblər və əgər kənar təsirlər və müdaxilələr olmazsa, elə bu ay ərzində İlham Əliyevlə Nikol Paşinyan arasında ABŞ tərəfindən sonuncu və yekun bir görüşdə sülh razılaşması imzalanacaq. Moskvadan gələn son xəbər isə yenə Rusiyanın bu prosesi pozmaqda ciddi şəkildə israrlı olmasını göstərir. Putinin mətbuat katibinin öz "bos"unun sözlərini bu şəkildə ifadə etməsi rəsmi Moskvanın Vaşinqton müzakirələrinə çox qısqanc və qərəzli yanaşmasının nümunəsi sayıla bilər. Rusiya əvvəlki pozucu fəaliyyətindən əl çəkmək istəmir".

Ü.Cəfərovun fikrincə, ABŞ da Rusiyaya bu prosesi pozmaq üçün imkanlar verməməyə çalışacaq: “Tərəflərin mövqeyindən də çox şey asılı olacaq. Azərbaycanın bu məsələdə haradasa addımlarını proqnozlaşdırmaq mümkün olsa da, Ermənistanın məhz Moskva görüşündən sonra Vaşinqton razılaşmalarından üz döndərə biləcəyini təxmin etmək olar. Belə halları biz yaxın aylarda bir neçə dəfə müşahidə etmişik. Hər halda, Qarabağla bağlı indi tarixi fürsət yaranıb və bunu müsbət şəkildə dəyərləndirmək lazımdır. Rusiya var gücü ilə çalışır ki, Qarabağ məsələsinin həlli uzansın və o bölgədə öz çirkin məqsədlərini gələcəkdə də davam etdirsin. Bu arada həm şərti dövlət sərhədlərində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə müəyyən təxribatların olması çox realdır və Moskva əlindən gələni edəcək ki, bu baş versin. Elə son günlər Rusiya tərəfi davamlı olaraq guya tərəflər arasında atəş açıldığı barədə xəbərlər yayır. Atəşin kim və ya hansı tərəfdən atıldığını dəqiq deməsələr belə, bir görüntü yaratmağa çalışırlar ki, vəziyyət çox gərgindir. Bu da bundan sonra təşkil olunacaq təxribatlar üçün bir meydan hazırlamaq üçün verilən informasiya bazasıdır. Onlar bunu ustalıqla bacarırlar. Necə deyərlər, biz yaxın günlərdə son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq”.

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Partiya sədri: “Bu görüşü həddindən artıq şişirtməyə ehtiyac yoxdur”

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, istənilən halda müşahidələr göstərir ki , sülh danışıqlarının gedişində yeni səhifə açılır: “ABŞ rəhbərliyinin təkidli mövqeyi, danışıqların ilk dəfə olaraq bir neçə gün davam etməsi, ermənilərin mövqeyinin xeyli yumşalması göstərir ki, vasitəçilik sadəcə vasitəçilik və ya təşəbbüs xatirinə deyil, nəticə əldə etmək üçün həyata keçirilir. ABŞ artıq özünün himayəsi altında konkret nəticəyə nail olmaq istəyir. İndiyə qədərki nəticələr, istər Bişkek protokolu, istərsə 10 noyabr razılaşması Rusiyanın dominantlığı ilə əldə olunmuşdu. Vaşinqton bu ənənəni pozmaq istəyir. Bu günə qədər Kreml Vaşinqtonun bu cür təşəbbüslərini, məsələn, Ki-Uest və ya Madrid proseslərini pozmuşdu. İndi hadisələrin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq çətindir. Bu, ABŞ-ın mövqeyində təkid edib-edə bilməyəcəyindən, həmçinin Rusiyanın təxribat imkanlarından nə dərəcədə istifadə edəcəyindən asılı olacaq. Amerikanın axıra qədər gedəcəyi, Rusiyanı proseslərdən tam kənarlaşdıracağı inandırıcı deyil”.

Bununla belə, A.Nağı qeyd etdi ki, Rusiya regionda ciddi təxribat vasitələrinə malikdir: “Təxribatçı planların işə salınacağı ehtimalı böyükdür. Burada təbii olaraq suallar ortaya çıxır. ABŞ regionda sülhün əldə klunmasını istəyir, bu sülh ona o qədərmi vacibdir? Ermənistan bu gün sülhə getmək istəyirmi, sülh onların maraqlarına cavab verirmi? Bu sualların cavablarını özümüz üçün aydınlaşdırmalıyıq. ABŞ-ı sülhün olub-olmayacağı o qədər də maraqlandırmır. Onları maraqlandıran Rusiyanın regiondan çıxarılmasıdır. Ona görə də danışıqların yeni mərhələsindən həmin məqsədlərinə yaxınlaşmaq üçün istifadə etməyə çalışacaqlar. Yəni proses regionda antirus əhvalını gücləndirəcək”. Partiya sədri eyni zamanda bildirdi ki, Ermənistan da indiki şərtlərlə sülh sazişinin imzalanmasında maraqlı deyil: “Ona görə Vaşinqton görüşləri onlar tərəfindən daha çox imitasiya xarakteri alacaq. Danışıqlar böyük ehtimalla, hər hansı sənəd imzalanmadan başa çatacaq. Ola bilər ki, ümumi xarakterli birgə bəyanatla kifayətlənsinlər. Bu görüşü həddindən artıq şişirtməyə, "tarixi görüş" eyforiyası yaratmağa ehtiyac yoxdur. Bu günə qədər proses Rusiyanın diqtəsi altında gedib, indi ABŞ ona şərik çıxmağa çalışır. Bu şəraitdə yekun nəticə Vaşinqton və Moskvanın razılığa gəlməsi ilə əldə oluna bilər. Bu razılaşma isə real görünmür. ABŞ ola bilər ki, hadisələrin axarını Rusiyaya qarşı ikinci cəbhənin açılmasına yönəltsin. Və yaxud Azərbaycanla İran arasında hərbi qarşıdurma yaradıb, Rusiyanı da oraya cəlb etmək həvəsinə düşə bilərlər. Azərbaycan bu cür təxribatlara imkan verməməlidir. Azərbaycan ABŞ və ya Rusiyanın “sülh” təşəbbüslərinə inanmamalı, Türkiyə ilə müttəfiqliyinə arxalanaraq, 2020-ci il 27 sentyabrda başlanan, Laçın dəhlizinə nəzarətin ələ alınması ilə davam etdirilən yoluna sadiq qalmalı, bu yöndə hərəkətini sürdürməlidir".

Bu arada, Türkiyə rəsmən bəyan edib ki, Ermənistan imitasiya ilə məşğuldur və qonşularını aldatmağa çalışır.  Xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində Ankaranın Ermənistanın üzünə hava yolunu qapatdığını rəsmən açıqlaması, İrəvandakı abidə təxribatından sonra bu addımın atıldığını bəyan etməsi rəsmi İrəvanın Türkiyə və Azərbaycanla ədavətə son qoymaq niyyətində olmadığını bir daha təsdiqləyir. Bu, həm də Vaşinqton görüşlərindən çox ciddi nəticə gözləməyin sadəlövhlük olduğunu deməyə əsas yaradır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR