İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ generalından müəmmalı Ukrayna açıqlaması - Vaşinqton ümidsizləşir?

1212 04.04.2023 08:12 Siyasət A A

Rövşən Məhərrəmov: “Ukrayna hücumda daha çox çətinlik çəkəcək”

“Ukrayna yaxın perspektivdə Rusiya qoşunlarını sıxışdırıb çıxarmaq və itirilmiş bütün əraziləri geri qaytarmaq kimi hərbi məqsədinə nail ola bilməyəcək”.

Bu mülahizəni ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli “Defence One” nəşrinə onlayn müsahibəsində səsləndirib.

Prezident Volodimir Zelenskinin Ukrayna üçün əsas hədəfin bütün Rusiya qoşunlarını öz ərazilərdən çıxarmaq olduğunu dəfələrlə bəyan etdiyini xatırladan general deyib: “Mən düşünmürəm ki, yaxın gələcəkdə bu, mümkün olacaq”.

Mark Millinin sözlərinə görə, Ukrayna qarşıya çox çətin hərbi vəzifə qoyub və Kiyevin həmin hədəfə bu il çatması mümkünsüz görünür.

Bəs nə vaxt mümkün görünür? Olmaya ABŞ Ukrayna müharibəsindən yorulmağa və ümidsizləşməyə başlayıb? Ya bəlkə Ukraynaya dəstəyi azaltmaq üçün motiv axtarır? Milli niyə belə deyir? Az öncə o, daha nikbin fikirlər söyləmişdi.

Qeyd edək ki, Ukrayna ordusu yaxın həftələrdə işğalçı qüvvələrə qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına hazırlaşır.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Polkovnik Rövşən Məhərrəmov hər iki tərəfin gücünün tükəndiyini qeyd etdi: “İndiyə qədər Ukraynanın bir sıra əraziləri rus qoşunları tərəfindən işğal olunub. Amma Ukrayna qoşunları tərəfindən azad olunan ərazilər də oldu. Bir sözlə, Ukrayna tərəfi qismən də olsa niyyətinə çatmış kimi görünür. Baxmayaraq ki, Baxmud istiqamətində ağır döyüşlər gedir. Bəzi hərbi ekspertlər hesab edir ki, bu, daha çox rus ordusunu gücdən salmağa hesablanıb. Amma nəzərə alaq ki, Ukrayna ordusu da gücdən düşür. Ukraynanın hərbi ekspertləri bildirirlər ki, onların 40 min ordusu İngiltərə, Almaniya və Polşada hazırlıq mərhələsi keçir. Bunun daha çox NATO standartlarına uyğunlaşdırılmasına hesablandığı bildirilir. Amma o boyda böyük ərazini 40 min qoşunla azad etmək mümkün deyil. Bilirsiniz ki, Ukraynanın hazırda başqa-başqa ərazilərdə döyüşən briqadaları, taktiki taborlar var. Onların sayı az deyil. Hazırda 150 min hərbçi civarında Ukrayna ordusu ruslara müqavimət göstərir. Hər iki tərəf çoxlu sayda itkilər verir. Ruslar işğal etdikləri ərazilərdə güclü müdafiəyə hazırlaşırlar. Bunu Amerika başda olmaqla, Qərb dünyası bilməmiş deyil. Bütün əraziləri indiki vaxtda güclə boşaltmaq mümkünsüz görünür. Bayaq qeyd etdiyim hazırlıq mərhələsi keçən 40 min ordudan ilk mərhələdə istifadə olunmayacaq. Çağırışla 150 min civarında ordu toplanıb və ilkin mərhələdə ondan istifadə olunacaq. Hazırda Rusiya işğal etdiyi ərazilərdə güclü müdafiə sistemi qurmaqla məşğuldur. Ukraynalılar güclü hücuma başlasalar, itkilər təbii ki, daha çox olacaq. Hazırda bütün diqqət Baxmud istiqamətinə yönəlib. Hesab edirəm ki, rus qoşunları işğal etdikləri ərazilərin bir hissəsini qoruyacaqlar. Baxmud strateji məntəqə olduğu üçün orada ciddi döyüşlər gedir, hər iki tərəf böyük itkilər verir. Ukrayna ordusuna hələ çox silah-sursat lazımdır. Ukrayna tərəfi tam şəkildə silah-sursatla təmin olunmayıb. Hücum üçün aviasiyadan istifadə çox vacibdir. Ukrayna ordusunda qırıcı və bombardmançı təyyarələrin ciddi şəkildə qıtlığı müşahidə olunur. Amerikanın, NATO-nun baş qərargahında bunlar təhlil olunur. Güc nisbəti açıq şəkildə görünür. Ukraynaya Avropadan gələn tanklar rus tankları qarşısında azdır. Baxmayaraq ki, hücum edən tərəf Ukrayna olacaq. Bu məsələlərdə çətinliklər təbii ki, müşahidə olunacaq. Döyüş meydanında tək quru qoşunları ilə savaş aparılmır. Bu hücum kompleks şəkilində aparılmalıdır. Həm hava hücumu, həm də hava hücumundan müdafiə sistemləri mükəmməl olmalıdır. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi müəyyən nəticələr çıxarmamış deyil. Zaporojye vilayətinin bir hissəsini rusların boşaltması ilə bağlı fikirlər səslənir. Hesab edirəm ki, bu daha çox digər əraziləri əldə saxlamağa hesablanıb. Rusiya tərəfinin gücü təbii ki, Ukrayna tərəfindən qat-qat çoxdur. Amerika tərəfindən verilən açıqlamalar təsadüfi deyil. Digər ərazilərdə də Ukrayna tərəfi ordular saxlamalıdır. Çünki hər an istənilən yerdən ruslar hücum edə bilər. Rusiya Kiyev, Xarkov istiqamətlərində yeni hücum planı hazırlaya bilər. Eyni vaxtda həm hücuma, həm də müdafiə olunmağa imkanları çatır. Ukrayna ordusunda hazırlıq səviyyəsi ruslardan daha çoxdur. Amma bu da yetmir. Ruslar da hər şeyi hesablayır. Bundan sonra da hər iki tərəfdən böyük itkilər gözlənilir”.

Hərbi ekspert məsələlərə obyektiv baxmağın tərəfdarıdır: “Mən də istəyirəm ki, bu savaşda Ukrayna qalib gəlsin. Amma elə məsələlər var ki, istədiyimiz kimi həll olunmur. Rusiya tərəfindən hələ döyüşə atılmayan çoxsaylı qüvvələr var, ehtiyat qüvvələri kifayət qədər çoxdur. Ukrayna tərəfində bu imkanlar təəssüf ki, yoxdur. Kiyev və başqa istiqamətlərdə müdafiəyə ciddi şəkildə diqqət ayırırlar. Bəzi ekspertlərimiz var ki, pafos üfürürlər. Mən ruspərəst deyiləm. Sadəcə, düzgün danışmağa çalışıram. Hücum üçün güclü, çoxsaylı qüvvən, uzunmənzilli raketlərin olmalıdır. Hava hücumundan müdafiə sistemi yoxdur, strateji əraziləri qoruya bilmirsən, İran PUA-larının qarşısını almaq olmur. Bir qisim ərazini azad etmək qələbə çalmaq demək deyil. Ukraynanın ehtiyat qüvvəsi yoxdur. Rusiya kimi böyük dövlət öz ordusunu tam edə bilmir. Nə qədər təmin olunsalar da, Ukrayna tərəfi barədə də demək lazımdır. Tam şəkildə texnika ilə təmin olunmadılar. Ukraynada hər an hava dəyişir. Onun fəsadlarını düşünmək lazımdır. Döyüş teatr səhnəsinə baxanda görürük ki, Ukrayna tərəfində ciddi şəkildə çətinliklər olacaq. Unutmaq olmaz ki, müdafiə hücumdan asandır. Bu baxımdan, Ukrayna hücumda daha çox çətinlik çəkəcək. İtki sayı da həmçinin belədir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR