ABŞ nəşri Ermənistan Konstitusiyasında Qarabağla bağlı müddəaların qalmasının gələcəkdə yeni gərginliklərə yol aça biləcəyi qənaətini bölüşüb.
Musavat.com xəbər verir ki, ABŞ-də nəşr olunan “The National Interest” jurnalında dərc edilən məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın seçki qələbəsinin vacib olduğu, lakin Azərbaycanla uzunmüddətli sülhün taleyini müəyyən etməyəcəyi bildirilir.
Məqalə müəllifi Cozef Epşteyn yazır ki, əsas məsələ Ermənistan Konstitusiyasının müqəddiməsində yer alan və 1990-cı il Müstəqillik Bəyannaməsinə, dolayısı ilə isə Qarabağla bağlı 1989-cu il qərarına istinad edən müddəaların taleyidir.
Müəllifin fikrincə, həmin müddəalar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə dair iddiaların hüquqi izlərini saxlayır. Buna görə də Azərbaycanın bu hissənin Konstitusiyadan çıxarılması tələbi sülh prosesinin əsas elementlərindən biri kimi qiymətləndirilir.
Məqalədə qeyd olunur ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarına görə, müqəddimənin dəyişdirilməsi mümkün deyil və bu səbəbdən yeni Konstitusiyanın qəbul edilməsi tələb olunur. Bunun üçün isə ümumxalq referendumu keçirilməlidir.
Epşteyn hesab edir ki, əgər bu məsələ tam həll olunmasa, gələcəkdə Ermənistanın yeni hakimiyyətləri həmin müddəalara istinad edərək ərazi məsələsini yenidən gündəmə gətirə bilərlər. Müəllif belə vəziyyətdə sülhün davamlı olmayacağını və yeni qarşıdurma riskinin qalacağını vurğulayır.
Məqalədə Almaniya və İrlandiyanın ərazi iddialarını konstitusion dəyişikliklər yolu ilə aradan qaldırdıqdan sonra uzunmüddətli sabitliyə nail olduqları da xatırladılır.
“The National Interest”in qənaətinə görə, Ermənistan qarşısında duran əsas vəzifə Qarabağla bağlı müddəaların hüquqi şəkildə aradan qaldırılması və bunun referendum vasitəsilə təsdiqlənməsidir.
Musavat.com






