İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Demokratlar Partiyası hakimiyyətdə olanda Ukrayna ərazi itirir

834 22.04.2022 12:19 Yazarlar A A

 

 

 

 Barak Obama dönəmində Krım getdi, indi də Bayden hakimiyyətinin fitnəsi səbəbindən Ukrayna Azov dənizinə çıxışı itirdi

 

Ukraynada  Qərb-Rusiya müharibəsinin ikinci ayı tamam olmaqdadır.  “Birinci mərhələ bitdi”, “sonuncu mərhələ nə vaxtdır?” kimi bölgülər mənasız işdir. Müharibə elə müharibədir və davam edir…

Halal olsun, Çavuşoğluna. Ölkəsinin müstəqil mövqeli olduğunu bir daha ortaya qoydu. Çavuşoğlu İstanbul danışıqlarından sonra prosesin çox uzanmayacağını düşündüklərini, fəqət NATO toplantısından sonra müharibənin niyə davam etdiyini anladıqlarını deyib: “Biz xüsusilə İstanbuldakı danışıqlardan sonra müharibənin belə uzun sürəcəyini düşünməmişdik. NATO xarici işlər nazirlərinin toplantısından sonra belə bir fikir ortaya çıxdı. Çünki  NATO daxilində müharibənin davam etməsini istəyən ölkələr var. Onlar Rusiyanın savaşa davam etməsini və gücünü itirməsini istəyirlər. Ukraynanı rəqabət meydanı kimi görməməliyik. Rusiyanın Ukraynaya hücumu qəbuledilməzdir. Ukraynanın təhlükəsizliyinin təfərrüatlarına gələndə, biz bu müharibənin davam edəcəyini anladıq". Net və dəqiq mövqe. Bunu NATO üzvü olan ölkənin xarici işlər naziri deyir. Yəni bunu havadan-sudan götürmür, baş verən prosesi görüb deyir. Ona görə müharibənin nə vaxt bitəcəyi böyük ölçüdə heç Putindən də asılı deyil. İngiltərə və Amerika nə vaxt istəsə, o zaman bəlkə danışıqların başlaması mümkün ola bilər. Amma hələ o vaxt yetişməyib…  

Dünyanın bütün nöqtələrində amerikapərəstlər ağzının danışığını bilməyən Co Baydenin az qala hər gün ağzından çıxan “silah göndəririk” sözlərini böyük məmnuniyyətlə qarşılayıb sevinirlər. Hətta bir yerli ekspertin dediyi kimi, bu silahlarla Krımı da geri almaq mümkündür… Amma bu adamlardan heç  biri demir ki, nə  sirdirsə, ABŞ-da Demokratlar Partiyası hakimiyyətdə olanda bu yazıq Ukrayna xalqı ərazi itirir. Barak Obama dönəmində Krım getdi, indi də Bayden hakimiyyətinin fitnəsi səbəbindən Ukrayna Azov dənizinə çıxışı itirdi. Amerika əlbəttə ki, qaynar qazandan çox uzaqdır, müharibə onun ərazisində getmir. Ukraynanı oda atıb, indi də yanan ocağın üstünə benzin tökməkdən asan iş nə var?     

 

Başa düşürəm, indi Ukrayna müharibəsi hətta Azərbaycanda belə, bəzi siyasi populistlərə və ekspertlərə  geniş meydan verib,  Putini söyüb, Zelenskini öyürlər. Həqiqət isə bunların heç birində deyil. Həm Putin, həm Zelenskini bu qanlı oyuna ABŞ salıb. Müharibədən əvvəlki Rusiya-ABŞ, Rusiya-NATO, Rusiya-Ukrayna danışıqları  iqnor edildi. Rusiyanın təklifləri rədd edildi, halbuki ortaq nöqtələr tapmaq mümkün idi. Niyə o zaman birmənalı demirdilər ki, Ukrayna heç vaxt NATO-ya üzv qəbul olunmayacaq. Rusiya da ö sözü istəyirdi. Amma nala-mıxa vurdular, müharibə başlayanda isə birmənalı dedilər: “Ukrayna NATO-ya üzv olmayacaq.” Demək, bu müharibənin başlaması üçün hər şey etdilər. Bunu görmək üçün dərin təfəkkür lazım deyil, oyun  aşkardır...

Deyilə bilər ki, ABŞ və NATO nə etməlidir, işğala qarşı Ukraynaya dəstək verir və sairə… Bunlar hamısı şirmadır. Bu müharibənin qarşısı alınmalı idi, həm də yüzdə-yüz bu mümkün idi. Mümkün olanı etmədilər, indi mümkünsüz olanın qulpundan yapışıblar...

Biz Amerikaya, onun ədalətinə illərlə inanmışıq. İndi o illərə təəssüf etməkdən başqa əlimizdən heç nə gəlmir də. Amma bəziləri hələ də usanmadan “Amerika, Amerika” deyir. Amerika Qarabağ məsələsində həmişə erməninin tərəfində olub, indi də o tərəfdədir. “Qarabağa status” deyənlər də elə onlardır. Rusdan da betər allahsızdırlar Qarabağ məsələsində...

 Rusiyanın Ukraynada işğalçı olduğunu deməyən öz payına namərddir- özgə ərazisinə girmisənsə, bunun adı işğal niyyətidir. Amma Amerikanın və NATO-nun, eləcə də bu mürəkkəb şahmat taxtasında özünü “şah” hesab edən o şoumen-prezidentin bu oyunun bir parçası olduğunu etiraf etməmək də gerçəyə, guya yanlarında olduqları Ukrayna xalqına xəyanətdir. Ukrayna xalqı təkcə işğala məruz qalmayıb, həm də böyük bir xəyanətin qurbanı olmaqdadır...

 Sonda. Yazıq o adamların halına ki, “sosial şəbəkə cəmiyəti” onları yönləndirir. Hərdən “yutub”da rastıma çıxır, topluma xoş gəlmək üçün dəridən-qabıqdan çıxırlar, çünki... asılıdırlar. Biri nə vaxtsa seçkidə partiyasına səs almaq, biri sadəcə, “halal olsun, ağzından od tökülürdü” eşitmək üçün... Mənim isə adını yazanda hərf səhvi edən sosial şəbəkə istifadəçiləri qarşısında belə bir öhdəliyim olmadı. Bilənlər-bilir, Müsavat Partiyası “bu gün- sabah hakimiyyətə gəlirik” havasında olanda da elə həmin partiyanın 25 -30 min tirajla çıxan qəzetində məhz düşündüyümü yazmışam. (İnanmayanlar gedib, “Yeni Müsavat”ın arxivinə baxsınlar) Yazmışam ki, Amerika sizin hakimiyyətə gəlməyinizə qol qoymaz. Səbəblər də bu, bu...Bu, o vaxtlar idi ki, partiyanın “Azərbaycan 37”dəki qərargahında hörmətli İsa Qənbərin əlini sıxmaq üçün növbəyə dururdular. İndi də Bayden və Zelenski üçün o “əl sıxmaq növbəsini” görürəmsə, demək düşündüyümü yazmaqda da haqlıyam...   

Nazim SABİROĞLU,
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR