İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Çin mübarizəsi: Yeni düzənin böyük gücü kim olacaq?

989 19.12.2022 16:23 Analitika A A

SSRİ-nin dağılmasıyla “soyuq müharibə” bitdi və birqütblü dünyada ABŞ-ın hegemonluğu başladı. Ancaq 2000-ci illərdən başlayaraq Vaşinqton çətinliklərlə üzləşdi, Rusiya, Çin, Hindistan və Braziliya kimi ölkələr öz bölgələrində fəallıqlarını artdırdılar.

Musavat.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Buna baxmayaraq, mərkəzin ekspertlərinin fikrincə, Vaşinqton öz liderliyi uğrunda siyasi-diplomatik mübarizəsini davam etdirir:

“ABŞ Prezidenti Co Bayden hesab edir ki, dünyada Amerikanın liderliyinə ehtiyac var: “Biz strateji rəqabət şəraitində dünya quruluşunun formalaşdırılması uğrunda mübarizə aparırıq. Çağırışlarla üz-üzəyik. Dəyərlərimizi bölüşən tərəfdaşlarımızla təhlükəsiz dünyanı formalaşdırmağa çalışırıq”.

Bu sözləri Rusiya və Çində belə qəbul edirlər ki, onlar ABŞ-ın həm də ona görə rəqibləridir ki, Vaşinqtonun dəyərlərinə zidd siyasət yürüdürlər. Vaşintonda Rusiyadan çox Çini əsas təhdid kimi görürlər. Pekin Vaşinqtonun strateji rəqibidir. ABŞ-ın siyasi və ekspert dairələrində belə bir fikir var ki, Çin beynəlxalq münasibətləri özü istədiyi formada formatlaşdırmağa çalışır. Vaşinqton bunun qarşısını almağa səy göstərir.

ABŞ-ın Çinə qarşı müqavimət siyasəti Donald Trampın prezidentliyi dövründə başlayıb. Hazırkı Prezident Bayden bu siyasəti davam etdirir. 1970-ci illərdə Pekinlə təmaslara başlayan Vaşinqton düşünürdü ki, bu siyasət nəticəsində zaman keçdikcə Çin dəyişəcək. Ancaq bu baş vermədi. Əksinə, Çin Kommunist Partiyasının rəhbərliyi ölkənin mövqelərini beynəlxalq aləmdə möhkəmlətməyə başladı. Çin Amerika modelini qəbul etmədi.

Bayden Çinlə mübarizə aparmaqla yanaşı, Pekinlə dialoqdan da imtina etmir. Bayden Çin lideri Si Cinpinlə ara-sıra görüşür və müxtəlif mövzularda fikir mübadiləsi aparır. Bayden Cinpinə açıq deyib ki, Vaşinqton Pekinlə həm mübarizə aparacaq, həm də əməkdaşlıq edəcək. İki ölkənin əməkdaşlıq etdiyi sahələdir bunlardır: iqlimin dəyişməsi, qlobal makroiqtisadi sabitlik, səhiyyə və qlobal ərzaq təhlükəsizliyi. Bu, iki ölkə arasında bu mövzular ətrafında məhdud əməkdaşlığı şərtləndirir.

Çinin ABŞ-la mübarizə aparmaq planı yoxdur. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrlə əməkdaşlığında öz qaydalarını tətbiq etməyə çalışır. Cinpin Kommunist Partiyasının son qurultayında bu prinsipi belə izah edib: “Çin modernləşmiş aparıcı sosialist dövlətə çevirməli, beynəlxalq aləmdə çəkimizi artırmalıyıq”.

Ancaq bunun özünü Qərbdə təhdid kimi qiymətləndirirlər”.

Mərkəzin ekspertlərinə görə, Vaşinqton Pekinin başqa bir siyasətindən də narahatdır:

“Blumberq” agentliyinin məlumatına görə, ABŞ Afrika ölkələrinin Çinə borclarını ödəməkdə çətinlik çəkdiyi üçün borc şərtləri ətrafında şəffaflığın artırılmasını tələb edəcək. Dövlət Departamentinin iqtisadi artım, enerji və ətraf mühit məsələləri üzrə katibi Xose Fernandez deyib ki, Vaşinqton həmçinin bu ölkələrin xalqlarını sıxışdıran sarsıdıcı borcdan necə çıxa biləcəklərini anlamağa çalışacaq. Fernandez bu sözləri Vaşinqtonda 40-dan çox dövlət başçısının qatıldığı ABŞ-Afrika ölkələri sammiti çərçivəsində deyib.

Bayden ABŞ-ın Çinin milyardlarla dollarlıq sərmayə vasitəsilə nüfuz qazandığı qitə ilə əlaqələrini canlandırmaq istəyir. Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Li Penq isə bildirib ki, Çin inkişaf etməkdə olan, o cümlədən Afrika ölkələrinin üzləşdiyi borc məsələlərinə böyük önəm verir və onlara “borc təzyiqi”ni azaltmağa kömək etmək öhdəliyi götürüb.

COVID Çindən dünya ölkələrinə yayılsa da, xəstəlikdən ölənlərin sayı bu ölkə üçün faciəvi olmadı. Əksinə, xəstəlik ABŞ-a çatdıqda ölənlərin sayı yüz minlərə çatdı. Xəstəliyin mənbəyi ABŞ-la Çin arasında hələ də fikir ayrılığının olduğu məsələdir. Buna baxmayaraq, Pekin xəstəliklə mübarizədə kəskin addımlardan çəkinməyə başlayıb. Çinlilərin bir neçə günlük sərt etirazı Pekini geri addım atmağa məcbur etdi.

“Vaşinqton Post” qəzetinini yazdığına görə, Çin "sıfır COVID" siyasətini ləğv etməyə başladıqdan cəmi bir həftə sonra, təxminən üç illik qapanmanın sona çatdığını göstərən böyük şəhərlərdə ailələr yeni tapdıqları azadlığa qovuşublar. Ancaq bu azadlıq onlara baha başa gəlir. Çinlilər qorxudan dərman ehtiyatlarını artırıb və ev müalicəsi ilə məşğul olurlar. Bu da apteklərdə dərman qıtlığı yaradır. Apteklərdə qızdırma dərmanları, eləcə də ənənəvi bitki mənşəli dərmanlar tükənib.

Məqalədə bir çinliyə istinad edilərək yazılıb ki, apteklərdən birində satıcı bir paket dərman onun əlinə qoyaraq, “bunu da al, çünki sonra bu da tükənəcək”, deyib. Müxtəlif şayiələr Çindəki supermarketlərdə ərzaq qıtlığı da yaradıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR