İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ Azərbaycana silah satmağa razılaşıb” - erməni lobbisi şokda

1214 21.04.2023 09:42 Siyasət A A

Ermənilərin əlinə baxan konqresmenlər xorla hücuma keçdi və ölkələrini Azərbaycana silah satmamağa çağırdı; Qabil Hüseynli: “Amerika hesab edir ki, İrana qarşı qətiyyətli dayanan Azərbaycanın müdafiə imkanları artmalıdır”

ABŞ-ın ermənipərəst konqresmeni Adam Şiff yenidən Azərbaycana qarşı fəal addımlara başlayıb. Şiff iddia edir ki, ABŞ Ticarət Departamenti  “artsax”ı blokadada saxlayan Azərbaycana ağır atışlı tüfənglər satmaq niyyətindədir.

“Yeni Müsavat”ın məlumatına görə, Adam Şiff öz həmkarlarını ticarət naziri Cina Raymondoya sorğu məktubunu imzalamağa çağırıb. Məktubda  Şiff bəyan edib ki, "Ermənistana qarşı daha ölümcül silahların ixracını iddia etmək yalnız münaqişəni alovlandıracaq". Şiff həmçinin Dövlət Departamentinin 2022-ci il İnsan Haqları Hesabatına istinad edərək iddia edib ki, bu hesabatda "Azərbaycanın əsirliyində olan erməni əsgərlərinə qarşı işgəncələr və qəddar münasibət haqqında etibarlı məlumatlar var".

Konqres üzvləri aprelin 21-nə qədər nazir Raymondoya ünvanlanmış məktubu imzalamalıdırlar. Amerika tüfənglərinin, o cümlədən hücum və yarıavtomatik snayper tüfənglərinin mümkün satışı ilə bağlı şayiələr fevralın 1-də ortaya çıxıb. Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, ABŞ Konqresində erməni qrupunun sədr müavinidir, həmişə ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilib. 44 günlük müharibədən sonra o, dəfələrlə “bütün erməni əsirlərin və saxlanılan digər şəxslərin” geri qaytarılmalı olduğunu bildirib.

Yeri gəlmişkən, Adam Şiff ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononun regiona ötən aydakı səfəri zamanı Azərbaycana qarşı sanksiyalar ideyasını rədd etməsinə də  narazılığını bildirmişdi. Şiffin təşəbbüsü ilə Luis Bonoya yazılan anti-Azərbaycan məzmunlu məktubda deyilirdi: “Biz sizin Azərbaycana qarşı iqtisadi və diplomatik sanksiyaların tətbiqini istisna edən şərhlərinizdən dərin narahatıq. Siz "sanksiya vaxtı deyil... bu, hazırda nəzərdən keçirilmir" dediyiniz bildirilir. Dağlıq Qarabağ blokadasına görə 120 min günahsız insan üçüncü aydır ki, öz fundamental hüquqlarından məhrum edildiyi halda, heç bir təzyiq alətini istisna etməyin vaxtı deyil".

Yeri gəlmişkən, ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvü saxta erməni soyqırımının rəsmən tanındığını əsas gətirərək Konqres Kitabxanasına 10 milyon dollar ayrılmasını istəyiblər. Onlar bu vəsaiti hesabına saxta soyqırımla bağlı ayrıca arxiv materiallarının toplanmasına, amerikalılarının “həqiqəti öyrənməsi”nə yönəldilməsini istəyirlər. İddialar nə qədər gerçəyi əks etdirir ? Erməni lobbisinin növbəti həmlələri nə ilə nəticələnə bilər? Faktiki olaraq, ermənipərəst konqresmenlər aktiv fəaliyyətə keçiblər. Onların ticarət nazirinə müraciəti nəticə verə bilərmi, yaxud ABŞ-ın Azərbaycana silah satması iddiaları realdırmı? Çünki bədnam “907-ci düzəliş” Azərbaycana hərbi yardımı qadağan edir, amma satış mümkün ola bilərmi?

Yeri gəlmişkən, Ermənistanın Daşnaksütyun Partiyasının Ali Orqanının rəsmi nümayəndəsi İşxan Saqatelyan da ABŞ-a səfərində Amerika Erməniləri Milli Konqresi (ANCA) ilə görüşü zamanı “907-ci düzəliş”in saxlanması, eləcə də ABŞ-n Azərbaycana hərbi yardımının dayandırılması, onun hərbi rəhbərliyinə sanksiyaların tətbiqi məsələlərini qaldırmışdı. ANCA erməni diasporunun ABŞ-dakı ən güclü təşkilatıdır və lobbinin fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Beləliklə, Amerikada olan erməni lobbisi və onun təsiri altında çıxış edən konqresmenlər bu aralar möhkəm həyəcanlanıblar.

Bundan əlavə, digər ermənipərəst konqresmen də hücuma keçib. Konqresin erməni məsələləri üzrə qrupunun həmsədri Frenk Pallon deyib ki, Azərbaycanın “artsax”a hücumu, Laçın dəhlizinin bağlanması “erməni soyqırımı”nın davamıdır". Onun sözlərinə görə, “Dağlıq Qarabağ”da baş verənlər, iki il əvvəlki hücum, təcavüz, Laçın dəhlizinin bağlanması, məncə, soyqırımın davamından başqa bir şey deyil. Biz bilirik ki, Dağlıq Qarabağda insanlar yetərincə qida və dərman çatışmazlığından məhrumdurlar. Soyqırım kimi səslənir, amma biz buna imkan verməyəcəyik. Bu, istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, eyni fenomendir", - konqresmen vurğulayıb.

Onunla həmfikir olan Konqres üzvü Keti Porter bildirib ki, Azərbaycanı təcavüzünə görə məsuliyyətə cəlb etməliyik: “Biz də Bayden administrasiyasına təzyiq göstərməliyik ki, təşəbbüs göstərsin və bu blokadanın aradan qaldırılması üçün addımlar atsın. Amerika vergi ödəyiciləri Azərbaycanın erməni xalqına qarşı düşmənçiliyinə sponsorluq etməməlidirlər. Nə qədər ki, təcavüz davam edir, Azərbaycan heç bir hərbi dəstək almamalıdır”, - Porter bildirib.

Qabil Hüseynli: “Qərbi Azərbaycanda ən azı 6 dəfə deportasiya, soyqırım  törədilib”

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan İranın təhdidləri altında olan ölkədir. Onun fikrincə, Azərbaycan özünü İranın hədələrindən müdafiə etmək məcburiyyətindədir. “Bunu nəzərə alaraq, Konqres "907-ci düzəliş"i aradan qaldırmağı və hücum silahları satmağı təklif edir. Düzdür, hələ Konqresdə müzakirə edilməyib, amma gündəlikdə var. Amerika hesab edir ki, bu bölgədə Azərbaycanın mövqeyi güclənməlidir. Çünki İrana qarşı qətiyyətli dayanan Azərbaycanın müdafiə imkanları artmalıdır. ABŞ xarici işlər naziri Entoni Blinken də qeyd etmişdi ki, Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır", - deyə professor qeyd etdi. Q.Hüseynli konqresmen Şiffin çağırışının nəticə verəcəyinə inanmır: “Hətta Konqresdə onun fikrinin reaksiya doğuracağını da gözləmirəm. Çünki ABŞ üçün dövlət maraqları prioritetdir. Bu maraqlar da tələb edir ki, Azərbaycanla siyasi-iqtisadi və həmçinin strateji xarakterli münasibətləri inkişaf etdirsin, daha da yüksəltsin”.

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli qəzetimizə qeyd etdi ki, ABŞ Azərbaycana silah satmamaq öhdəliyi götürməyib: “Amerika müharibə aparan bir çox ölkələrə silah satıb və bu da heç bir narahatlıq yaratmayıb. Ərazisi təcavüzə məruz qalan Ukraynaya Amerika silah verirsə, torpaqları işğal olunmuş Azərbaycana da müdafiə sənayesi məhsullarının idxalı normal qəbul olunmalıdır. Qarabağda isə blokada yoxdur və konqresmen çərənləyir. Amma Azərbaycanın özünün kifayət qədər avtomatları var, bu da ayrı məsələdir. Hər halda, müəyyən qurğuların alınmasına ehtiyac ola bilər. Ona görə ermənilər və onların sözü ilə oturub-duran konqresmenlər narahat olmasınlar”.

Onu da deyək ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra həmişə ABŞ tərəfindən təhlükəsizlik sahəsinə ayrılan yardımın fəal istifadəçilərindən biri olub. 2002-ci ildən yuxarı bu yardım 411,6 milyon ABŞ dolları təşkil edir. Bu vəsait təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bölüşdürülüb. Bu layihələr içərisində “xarici ölkələrin hərbi maliyyələşməsi” layihəsi mövcuddur. Layihənin həcmi 51 milyon ABŞ dollarıdır. Layihəyə əsasən, ABŞ istehsalı hərbi əmlak siyahısına daxil edilib, hərbi istehsalın və xidmətlərin əldə edilməsinə ayrılan kredit və ya qrantdan ibarətdir. Digər bir layihə silahların yayılmaması, terrorçuluğa qarşı, minadan təmizləmə və bunlarla bağlı fəaliyyətlərin həyata keçirilməsi üçün ABŞ-ın ayırdığı 37 milyon dollar həcmindəki yardımdan ibarətdir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR