İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Avropadan uzaqlaşdırılır-yeni alyans yolunda müzakirələr başladı  

350 19.01.2026 15:26 Ölkə A A

Dünyaca məşhur “Politico” nəşri məlumat verir ki, Qrenlandiya böhranı və Amerika prezidenti Donald Trampın qarşı tərəflərə tətbiq etməyə hazırlaşdığı cəza rüsumları Avropanın səbrini tükədib. Artıq Avropada ABŞ-ın iştirakı olmadan Ukraynanın daxil ola biləcəyi yeni təhlükəsizlik alyansının yaradılması müzakirə olunur.

Ekspertlər bildirir ki, əgər Vaşinqton mövqeyini köklü şəkildə dəyişməsə, Avropa öz təhlükəsizlik strukturunu radikal şəkildə yenidən qurmağa məcbur olacaq. Aİ üzvü olmayan Böyük Britaniya və Norveç də daxil olmaqla, bir sıra ölkələr artıq ABŞ-sız işləyən “istəklilər koalisiyası” çərçivəsində effektiv fəaliyyət göstərir. Bu format gələcəkdə yeni alyansın təməli ola bilər və Ukrayna burada mühüm strateji rol oynayacaq.

Beləliklə, Avropa artıq müstəqil hərəkətə hazırdır və bu addım qlobal güc balansında ciddi dəyişikliklərə yol aça bilər.
Şəhla Cəlilzadə: “Qərb Gürcüstandakı təsir imkanlarını itirmək istəmir”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirdi ki, Trampın siyasi ritorikası çox zaman ziddiyyətlidir:

“Məsələn, o bir zamanlar NATO-nun “köhnəldiyini”, artıq vacib olmadığını deyirdi, hətta ABŞ-ın NATO-dan çıxması ilə də hədələmişdi. Lakin ötən müddət ərzində biz tam əksinə, ABŞ-ın təzyiqləri ilə NATO-nun digər üzvlərinin hərbi büdcələrini artırdıqlarını, başqa ifadə ilə NATO-nun hərbi gücünü Avropa cəbhəsində artırdığını müşahidə edirik. Məsələn, Trampın birinci prezidentlik dövründə cəmi 3 NATO ölkəsi (ABŞ, Böyük Britaniya, Yunanıstan) hərbi xərclərini ÜDM-in 2% həddinə çatdırmışdısa, 2017-ci ildə 5 ölkə, 2020-ci ildə 9 ölkə, 2024-cü ildə 23 ölkə, 2026-cı il etibarilə demək olar ki, bütün NATO ölkələri (İslandiya istisna 31 ölkə, çünki onun peşəkar ordusu yoxdur) hərbi büdcəsini bu həddə çatdırıb və Tramp artıq 5% tələbi qoyub. Ötən ilin iyununda baş tutan, NATO-nun 75 illiyinə həsr olunan Haaqa Zirvəsində 2035-dək NATO ölkələrinin hamısının hərbi büdcəsini ÜDM-in 5%-nə çatdıracağı razılaşdırıldı. ABŞ-ın Qrenlandiyanı “işğal” planı əslində Avropanı hərbi gücünü artırmağa sövq etmək məqsədi daşıyır. ABŞ-ın Qrenlandiyanı işğal etməsi nə beynəlxalq hüquqa, nə də siyasi reallığa uymur. Bu, həqiqətən də NATO-nun dağılması demək olardı ki, ABŞ-ın bunu hədəfləmədiyi aydındır. Qrenlandiyanın sülh yolu ilə ABŞ-a verilməsi, yəni ABŞ tərəfindən satın alınması ssenarisi yalnız mərkəzi Danimarka və yerli Qrenlandiya hökumətlərinin razılığı əsasında baş tuta bilər. Lakin ictimai rəy hələ ki, belə bir razılığın olmadığını göstərir”.

Şərhçi onu da qeyd etdi ki, Qrenlandiyanın ABŞ-a verilməsi kollektiv Qərbin daha böyük təhdid, qlobal miqyaslı savaş hazırlığı fonunda reallaşa bilər: “Belə ki, ABŞ bu addımını Rusiya və Çinin Arktika fəaliyyətinin durdurulması məqsədi daşıdığını iddia edir. Avropanın ABŞ-dan müstəqil hərbi qüvvələrinin yaradılması həm də qlobal münaqişədən yayınma istiqamətində atılan addım kimi dəyərləndirilə bilər. Belə ki, Ukrayna müharibəsində Rusiyanın mövqeyi dünyanı yeni qlobal müharibəyə sürükləyə bilərdi.  Avropa xüsusi xidmət orqanları müharibə gedişində hesablayırdılar ki, qarşıdakı 3-5 ildə Rusiya Ukraynanı tam zəiflətdikdən sonra NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv təhlükəsizlik) işləkliyini test edə bilər. Odur ki, Tramp 28 maddəlik sülh planı ilə Ukraynanı sülhə vadar edir, eyni zamanda təhlükəsizlik təminatlarında iştirakdan imtina edir. Ukraynaya təhlükəsizlik təminatı olaraq əsasını Avropa ölkələrinin təşkil edəcəyi “Könüllülər Koalisiyasının” yaradılması planlaşdırılır. Burada ABŞ-ın iştirakı nəzərdə tutulmur. Bu, artıq qeyd etdiyim kimi, yeni dünya müharibəsindən yayınmaq məqsədi daşıyır. Odur ki, Avropa və ABŞ arasında geosiyasi ayrılma prosesi gedir, lakin bu, ümumilikdə kollektiv Qərbin zəifləməsinə, NATO-nun dağılmasına deyil, əksinə yeni, ehtimal olunan qlobal münaqişələr kontekstində onların gücünün artırılmasına, regionlar üzrə kollektiv Qərbin xeyrinə güc balansının təmin olunmasına xidmət edir. Onu da əlavə edim ki, Türkiyə Aİ üzvü olmasa da, Avropanın yeni təhlükəsizlik arxitekturasında mühüm aktorlardan birinə çevriləcəkdir. 

Həmçinin Çinlə ABŞ arasında gələcək toqquşma ssenariləri artıq neçə illərdir ki, müzakirə olunur. NATO ölkələrinin hərbi büdcələrini artırması, Avropa cəbhəsinin gücləndirilməsi və s. Qərbin böyük hazırlıq prosesi içərisinə daxil olması məhz qarşıda gözlənilən təhlükələr kontekstində daha dərin məna kəsb edir”.

Cavanşir ABBASLI

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR