İnsanlara hürriyət, millətlərə istiqlal!

“Abbasqulu bəyi sağ buraxsaq” hadisəsi – Navalnının xaricə verilməsi planı nədən pozulub?

1551 18.03.2024 12:51 Dünya A A

Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümündən 1 aydan artıq vaxt keçsə də, bu barədə qalmaqal səngimək bilmir.

Düz bir aydır ki, hər gün beynılxalq mediada bu barədə yazılır, böyük dövlətlərin rəhbərləri münasibət bildirir, rusiyalı siyasətçilər cavab verir.

Bu xüsusda danışan əcnəbilər ya dolayısıyla, ya da birbaşa Navalnının öz əcəli ilə ölmədiyini, qəsdən öldürüldüyünü bəyan edirlər. Onların əlində əsas da var. Navalnı həbs edilməzdən əvvəl bir neçə dəfə hücuma məruz qalıb, bir dəfə həyatına sui-qəsd edilib və 5 ay müalicə olunub, ölkəyə qayıdan kimi qurama ittihamlarla həbs edilib, saxlanıldığı həbsxanalar dəfələrlə dəyişdirilib, hər dəfə daha ağır şəraitli koloniyalara yerləşdirilib, nəhayət, adam həyatını itirib. Bu, təqib zəncirinin məntiqi yekunudur – adamı ölənə qədər qovublar və yarımçıq qalmış sui-qəsdi başa çatdırıblar. Rusiyada buna “yaralı şikarı qovaraq ovlamaq” deyirlər.

Rusiyalı siyasət adamları isə Navalnının ölümünün əz əcəli ilə baş verdiyini deyirlər. Müxalifətçinin vəfatının 1 ayının tamamında RF prezidenti Vladimir Putin də ilk dəfə bu barədə danışıb və deyib ki, azadlıqdan məhrumetmə yerlərində olan insanların dünyasını dəyişdiyi başqa hallar da olub, həyat belədir, nə etmək olar.

Putinin bu mövzuda açıqlamasında maraqlı bir detal da var. Rusiya lideri deyib ki, Navalnının ölümündən bir neçə gün əvvəl ona təklif ediblər ki, Navalnı ilə Qərb ölkələrindən birində həbs həyatı yaşayan "bəzi adamlar" (güman ki, rusiyalı kəşfiyyatçılar) dəyişdirilsin. Öz dediyinə görə, onunla danışan adam hələ cümləsini bitirməmiş Putin "razıyam" deyib və yeganə şərti o olub ki, Navalnı bir daha Rusiyaya qayıtmasın. “Təəssüf ki, Navalnının ölümü bu planın gerçəkləşməsinə imkan vermədi", – Putin bildirib.

Bəlkə də məhz bu cümlə ilə Navalnının ölümünün necə baş verdiyini senariləşdirmək olar. Güman belə bir istiqamətə gedir: Putin Navalnını “bəzi adamlar”a dəyişdirməyə razı olduqdan dərhal sonra ya özü ağır-yüngül edərək, bu mübadilənin ona faydalı olmayacağı qənaətinə gəlib, ya da bunu ona yaxın çevrəsi pıçıldayıb. Hər liderin yanında mütləq bir Qəmlo olur və ona “Kərbəlayi, Abbasqulu bəyi sağ buraxsaq, gedib üstümüzə qoşun gətirəcək” deyir (“Axırıncı aşırım” filmindən xatırlatma).

Prinsipcə, “onunla danışan adam hələ cümləsini bitirməmiş” Navalnını dəyişdirilməsinə razı olan Putin söz tamama yetən kimi, uzaq Nenes-Yamal diyarında cəza çəkən Navalnının təcili Moskvaya gətirilməsini, sağlıq durumuna diqqət edilməsini əmr etməliydi, amma o, 2-3 gündən sonra eşidib ki, Navalnı ölüb. Ona görə də ağla gələn ilk fikir budur ki, Putin Navalnının sağ-salamat şəkildə xaricə göndərilməsini məqsədəuyğun saymayıb, həm də verdiyi vədə xilaf çıxmaq istəməyib. Bu təqidrdə üçüncü çıxış yolu var: adam yoxdur, problem də yoxdur.

Hələ bir ay öncə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Aleksey Navalnının ölümünü şərh edərkən demişdi ki, dost olmayan dövlətlər Rusiya rəhbərliyini müxalifətçini qətlə yetirməkdə ittiham etməyə başlayıblar, amma onun ölümü Rusiyanın iqtisadiyyatını parçalamaq məqsədi ilə ona qarşı 19 mindən çox sanksiya tətbiq edənlərə, Ukraynada müharibədə uduzanlara sərf edir.

Volodin Navalnının ölümünün sərf etdiyi siyasi dairələrin və adamların adını da çəkmişdu: ABŞ hökuməti və NATO, Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Ukrayna prezidenti Vladimir Zelenski.

Söz yox ki, bu, olduqca qeyri-ciddi bir açıqlamaydı. Adı çəkilənlərin Navalnının ölümündən götürəcəkləri fayda yalnız Rusiya iqtidarını daha sərt tənqid etmək üçün yeni bir arqument əldə etməkdən artıq nə ola bilərdi? Heç nə. Onsuz da onların əlində, dilində Rusiyaya dair N qədər tutarlı arqument var və vaxtaşırı səsləndirirlər.

Əslində məsələyə rədim Roma kriminalistlərinin hələ də aktual olan məntiqi ilə, “bu qətl kimə sərf edirdi” prizmasından yanaşsaq, Navalnının ölümünün daha çox kimə sərf etdiyini cidd-cəhdlə əsaslandırmağa ehtiyac yoxdur. Hər şey göz önündədir. İllərdən bəri o, kimə mane olurdusa, kim onu təqib edir, zəhərləyir, tutur, işgəncə verirdisə, müxalifətçinin ölümü də daha çox ona sərf edirdi. Bu, “iki üstəgəl iki” düsturunun cavabı qədər aksiomdur.

Təəssüf ki, 1963-cü ildə ABŞ prezidenti Con Kennedi Texas ştatında güllələnib öldürüləndə federal kriminalistlər bu hadisəyə “bu qətl kimə sərf edirdi” məntiqi ilə yanaşmayıblar, daha dəqiqi, həmin məntiqi azdırıblar, ortaya çoxlu versiya atıblar və Kennedinin bədəni soyumamış, elə cəsədin aparıldığı təyyarədəcə prezident vəzifəsini qəbul edən vitse-prezident Lindon Consonun bu qətlin sərf etdiyi 1 nömrəli adam olduğunu “gözdən qaçırıblar”. Daha sonra Con Kennedinin qardaşı Robertin 1968-ci ildə prezidentliyinə namizədliyini elan edən kimi öldürülməsi ilə Kennedinin qətlinin sirr pərdəsi altında saxlanması təmin edilib. Çünki Robert Kennedinin prezident seçiləcəyi ehtimalı yüksək olub və o, qardaşını öldürənləri ifşa edəcəkdi. Bunun qarşısını daha bir siyasi qətl törətməklə alıblar. Ona görə də Kennedinin qətli hələ də bütün zamanların müəmmalı qətllərindən biri olaraq qalır. Bir neçə il öncə prezident Tramp Kennedinin qətli ilə bağlı arxiv materiallarının hamısını açacağını deyəndə ABŞ MKİ-si elə bir açıqlama verdi ki, prezident öz sözünü tutmaqdan vaz keçdi. Bu, o demək idi, o qətlin bütün sirləri MKİ-də var və bu sirlərin açılması o idarəyə sərf etmir.

Navalnının ölümündə isə elə bir müəmma yoxdur – üzərinə nə qədər mübhəmlik haləsi çəkilsə də.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR