İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Abbasovun oğlunun həbs etdirdiyi müstəntiq İsa Nəcəfovla müzakirələrindən danışdı

2585 07.12.2022 17:26 Kriminal A A

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Ramin Talıbovun 2001-ci ildə prokurorluqda verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində Hindistan vətəndaşlarının yaşadığı Əmircan qəsəbəsinə bir neçə polis əməkdaşları ilə getdiklərini deyib. Bildirib ki, həmin ünvana 27-ci polis bölməsinin rəis müavini Ülvi Allahyarovun göstərişi ilə gedib. İfadəsindən Samir Kərimovun onlarla birlikdə getdiyi bilinmir.

Samir Kərimov və vəkilləri Ramin Talıbovun bu ifadəsi ilə sonrakı ifadələri arasında ziddiyyət olduğunu deyiblər. Ramin Talıbov isə səslənən ifadəsini təqsidləyib və ona məxsus olduğunu bildirib. Ramin Talıbov o dövrdə həmin ifadəni Samir Kərimovun təsiri altında verdiyini deyib: “Həmin vaxt Samir Kərimov Bakı şəhər Prokurorluğunda mühüm işlər üzrə müstəntiq idi. Mənə dedilər ki, bu ifadəni belə ver, imza et. Mən də ona görə həmin ifadəmdə Samir Kərimovun adını çəkməmişəm. Sonradan Samir Kərimov prokurorluq orqanlarından xaric olunub və bundan sonra verdiyim ifadələrimdə həqiqəti demişəm. Mən daxili işlər orqanlarında qüsursuz xidmət etmişəm, qısa zamanda yüksək vəzifələrə qalxmışam. Bu hadisələr mənim karyerama zərbə oldu. Mən daxili işlər orqanlarında töhmətlə xaric olundum. Bu hadisələrə kimi Samir Kərimovu tanımamışam. Orqandan xaric olunandan sonra deperesiyaya düşdüm. Uzun müddət özümə gələ bilmədim. Bu vəziyyət məndə 2004-cü ilə kimi davam etdi. 2004-cü ildə isə rəsmi qaydada prokurorluq orqanlarına müraciət etdim və barəmdə aparılan istintaqla bağlı maraqlandım. Bildirdim ki, mənim işimi Samir Kərimovun işindən ayrılsın, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilməmə dair cinayət işi ayrıca icraatda məhkəməyə göndərilsin. Amma bunu istintaq etmədi. İşin üstündən 21 il keçəndən sonra barəmdə Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olundu. 21 il sonra nə dəyişdi ki, mənə belə ağır ittiham verildi. Bunu başa düşmürəm”.

Daha sonra təqsirləndirilən şəxs qismində Samir Kərimov sərbəst ifadə verib. O, ittihamlar üzrə özünü təqsirli bilməyib. Bildirib ki, istintaq orqanı tərəfindən barəsində ittiham irəli sürülən zaman mötəbər sübut, dəlil ortaya qoya bilməyib: “Mən Hindistan vətəndaşı olan şəxslərdən rüşvət tələb etməmişəm. Bu mənə qarşı qurulmuş bir plandır”.

Sabiq müstəntiq deyib ki, 2001-ci ilin oktyabrın 1-də Hindistan vətəndaşlarının yaşadığı evə silahlı hücumun olması və onların külli miqdarda pulunun maskalı şəxslər tərəfindən oğurlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub: “Bununla bağlı edilən şikayət əsasında Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hindistan vətəndaşlarının bu şikayəti ilə bağlı Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində ifadələri alınıb. Həmin idarədə istintaq aparılıdıqdan bir qədər sonra iş alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verildi. Hindistan vətəndaşları oktyabrın 7-də verdikləri ifadələrində 3 nəfər üzü maskalı şəxsin basqın etdiyini bildiriblər. Amma sonradan ifadələrini dəyişdiriblər. Onlar 3 nəfər polis əməkdaşının rüşvət tələb etdiklərini yazıblar. Noyabrın 7-dən sonra isə onlardan rüşvətlə bağlı ifadə alınmağa başlayıb. Həmin Hindistan vətəndaşlarından biri – Mala Sabinyan rus dilində ifadə verib. Onun rus dilini bilməməsi, rus dilində ifadəsinin alınmasına istintaq fikir verməyib. Həmin ifadə əsasında quldurluq cinayəti ilə başlanan cinayət işi sonradan rüşvət alma ittihamına çevrilib”.

Samir Kərimov deyib ki, müstəntiq işlədiyi dövrlərdə bir çox səs-küylü cinayət işləri onun icraatında aparılıb, amma həmin işlər barəsində olan cinayət işinə əlavə olunmayıb. Qeyd edib ki, “Sadvalçı”lara qarşı aparılan istintaq hərəkətlərində iştirak edib, 6 nəfərin həbs olunması ilə bağlı keçirilən əməliyyatlarda iştirak edib.

Samir Kərimov qeyd edib ki, müstəniq olduğu dövrlərdə gördüyü işlər o vaxtkı baş prokurorun müavini olmuş, hazırda isə Konstitusiya məhkəməsinin hakimi İsa Nəcəfovla müzakirə edilib. Onun sözlərinə görə, gördüyü bütün işlər Bakı şəhər prokuroru olmuş Ədalət Mirsalamlının nəzarətində olub. Samir Kərimov bildirib ki, heç bir qanunsuz hərəkətə yol verməyib. Sabiq müstəntiq barəsindəki ittihamın saxta olduğunu, Aydın Abbasovun sifarişi ilə ona rüşvət alma ittihamının verildiyini deyib. Onun sözlərinə görə, həmin dövrdə “Xəyal Kompani” şirkəti ilə bağlı cinayət işinin icraatını aparıb: “Sonradan bildim ki, bu şirkət Aydın Abbasovun himayəsi altında olan şirkətdir. Elə həmin şirkət başqa bir şirkətlə birləşdirildi. Bildim ki, bu şirkət onlara məxsus olub”.

Samir Kərimovun sözlərinə görə, Ülvi Allahyarovun hindistanılların yaşadığı evdə axtarış aparılması ilə bağlı ərizəsi cinayət işində yoxdur: “Bu da mənim təqsirsiz olmağıma sübutdur. Deyirlər ki, həmin hindistanlıların yaşadığı ünvana polislər gedib. Həmin adamlar polis formasında olub. Prokurorluğun adını çəkən olmayıb. Bir nəfər desin ki, mən orada olmuşam. Belə bir faktı deyən olsa mən kənara çəkilərəm, cəzamı da çəkərəm. Bütün bu olaylar Aydın Abbasovun tapşırığı ilə şişirdilmiş bir işdir. Aydın Abbasov mənə zəng etdi və hindistanlılarla bağlı cinayət işi apardığımı, Əmircan qəsəbəsində olan, yaşadıqları ünvana gedib-getmədiyimi soruşdu. Mən həmin ünvana getmədiyimi bildirdim. Xeyli vaxtdan sonra Aydın Abbasov yenə də zəng etdi. Məni təhqir etdi, başıma oyun açacağını dedi. Bundan sonra Aydın Abbasov Baş Prokurorluqda qəbula getdi. 2002-ci ilin martın 23-ə qədər işlədim. Amma mənim icraatına iş verilmədi. Heç çağırıb məni dindirən də olmadı. Martın 23-də Zakir Qaralovun əmri ilə işdən azad olundum. Vəzifədən azad olunduqdan sonra may ayına qədər gözlədim, yenə də məni çağırıb dindirən olmadı. Bundan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə getdim və idarənin rəisi Tahir Kazımovla görüşmək istədim. Amma Tahir Kazımov həmin vaxt idarədə deyildi. Məni orada müavini məni qəbul etdi, Nurəddin adlı müstəntiqi çağırdı. Məni həmin müstəntiqə tapşırdı, bildirdi ki, prokurorluqda işləyib, məni dinləsin. Sonradan həmin müstəntiqə ifadə verdim. Mənə dedi ki, get, sənlik bir iş yoxdur. Mən də getdim. Sonradan isə iş üzrə şahidlər dindirilib. Amma məni tanınmaya çağırmayıblar, məni heç kimlə üzləşdirməyiblər”.

Samir Kərimov bildirib ki, Azərbaycanda iş tapa bilmədiyi üçün sonradan Rusiyaya gedib. Onun sözlərinə görə, Moskavada vətəndaşlıq aldıqdan sonra orada vəkil işləmək üçün müvafiq quruma müraciət edib: “Mənim də azyaşlı övladlarım vardı. Onları dolandırmalı idim. Vəkil kimi işə başlayandan sonra Rusiyadakı səfirlikdə qeydiyyata düşdüm. Qanunla nəzərdə tutulmuş qaydada ikili vətəndaşlıqla yaşmağa başladım. Səfirliyin bütün kütləvi tədibrlərində iştirak edirdim. Amma heç kim mənə axtarışda olduğumu demirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana gəlib-getmişəm. Heç kim mənə bir söz deməyib. 2022-ci ildə Azərbaycana gəldim və burada qeydiyyata düşən zaman barəmdə cinayət işi olduğunu bildirdilər. Sonra prokurorluq əməkdaşları məni həbs etdilər”.

S.Kərimov qeyd edib ki, şahidlərə onun fotoları göstərilib, amma heç kim onu tanımayıb: “Sonradan barmaqla məni göstəriblər, şahidlərə məni tanıtdırıblar. Belə istintaq aparmaq olar? Burada yazılanlar cəfəngiyyatdır. Mənim günahlım yoxdur. Xahiş edirəm barəmdə olan cinayət işinə xitam verəsiz”.

Növbəti proses dekabrın 12-nə təyin olunub.

İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar pul tələb ediblər, son nəticədə 20 min manat alıblar. Əcnəbilərin keyfiyyətsiz məhsulları əhaliyə satmağa görə hədələndiyi, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün onlardan pul alındığı iddia edilib.

İstintaq sənədlərinə görə, Samir Kərimov Hindistan vətəndaşları - Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Xatırladaq ki, Hindistan vətəndaşlarını işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub. Samir Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb.

Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi. Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib.

Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü “ASAN Xidmət”ə gedib, ertəsi gün saxlanılıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR