İnsanlara hürriyət, millətlərə istiqlal!

78 yaşını qeyd edən Xalq rəssamı sirrini açdı: "49 ildir bunu edirəm və..."

3137 06.02.2024 20:16 Müsahibə A A

6 fevral Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun doğum günüdür.

Musavat.com xəbər verir ki, Xalq rəssamı təəssüratlarını Publika.az-la bölüşüb.

Müsahibəni təqdim edirik:

- Doğum gününüz mübarək, Ağaəli müəllim.

- Çox sağ olun. Diqqətiniz, zənginiz üçün təşəkkür edirəm.

- Doğum gününüzdə özünüzü necə hiss edirsiniz?

- Şükür Allaha, yaxşıyam. Hər şey qaydasındadır.

- Ağaəli müəllim, yaş neçə oldu?

- Yaş oldu 78 (gülür).

- Bir insan ömrünün ən gözəl çağındasınız...

- Bilirsiniz, mən vegetarianam. Ona görə belə yaxşı qalmışam (gülür). 49 ildir ki, vegetarianam, sağlamlığımda bunun böyük rolu var.

- Maşallah olsun.

- Hər kəsin öz taleyi var. Mən həmişə işləmişəm, əziyyət çəkmişəm. Həyatda heç bir işim asan olmayıb. Rəssamlıq həyatı çox ağırdır. Gərək daima öz üzərində işləyəsən. Sənətdə "mən" demək düzgün deyil, çünki bizdən əvvəl olduğu kimi, bizdən sonra da sənətkarlar yetişəcək. Ona görə də çalışıb hər şeyin yaxşısını təqdim edəsən. Mən də Azərbaycanın rəssamlıq sənəti üçün çalışıram.

- Bu gün, bu yaşda Ağaəli müəllim özünü necə hiss edir?

- Pis deyiləm. O gün nəvəmi karuseldə yuxarı qaldıranda hiss elədim ki, bir az ayağım ağrıdı (gülür). Belə heç bir şikayətim yoxdur. Çox şükür, özümü gümrah hiss edirəm.

Sənətkar üçün bilirsiniz nə lazımıdır? Onu axtarasan, hal-əhval tutasan. Sizin zənginizə çox sevindim. Yadınızdan çıxarmadığınız üçün var olun.

- İnsanların çoxu doğum günlərini təmtəraqlı keçirir, bəziləri isə sıradan bir gün kimi qeyd edir. Bəs siz necə, ad günü keçirməyi sevirsiniz?

- Düzünü desəm, sevmirəm. Bir neçə il əvvəl yoldaşım və qızım ad günümə təmtəraqla hazırlıq görəndə bir dostum dedi ki, nəyə sevinirsiniz? Ömürdən gedir. Həqiqətən də belədir. Ad gününü ailə arasında, sadə və göstərişsiz qeyd edəsən. İnsan üçün elə hər gün ad günüdür.

- Azərbaycan rəssamlıq sənətinin ən peşəkar fırça ustalarından biri kimi, Ağaəli İbrahimov elə əsər varmı hələ də işləməyib?

- Əla sualdır. İcazənizlə böyük dahi rəssam, impressionizmin banisi Van Qoqun fikri ilə cavab verim: Van Qoq deyib ki, ən gözəl əsərlər rəssama aiddir. Çox əsərlər işləyə bilərsən, amma zaman buna imkan vermir. Əsl sənətkar daima axtarışdadır. Bax, bu səbəbdən bütün əsərləri işləmək olmur. Dünyada elə bir sənətkar da yoxdur desin ki, mən hər bir əsəri yaratmışam. Həyat axtarışdır...

- Vaxt ayırdığınız üçün, səmimi söhbətə görə təşəkkür edirəm.

- Mən sizə təşəkkür edirəm. Diqqətiniz, zənginiz, təbrikiniz ən böyük hədiyyə oldu. Çox sağ olun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR