“Hələ də “AzDrama”da çalışıram. Təqaüdə çıxsam da, teatrda tamaşalarda rol alıram. Sağ olsunlar, Xalq artistiyəm və mənə işləmək üçün şərait yaradıblar. Biz sənət adamları sənətlə nəfəs alırıq”.
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti, 75 yaşlı aktyor Cəfər Namiq Kamal deyib.
O bildirib ki, obrazlar yaratmaq həvəsi gənclik illərindən də artıqdır:
“Ömrün sonuna çatanda lap həvəslə işləmək istəyirsən ki, özündən sonra nəsə qalsın. 75 illiyim tamam olanda N.V.Qoqolun eyni adlı əsəri əsasında hazırlanmış “Müfəttiş” tamaşasında oynamışam. Orada şəhər rəisi rolunu ifa edirdim. Sentyabr ayından isə yeni tamaşalar göstəriləcək”.
Aktyor qeyd edib ki, yay tətilini hər il Yessentukidə keçirsə də, ötən il gedə bilməyib:
“Müharibə gedir. Yollar o qədər çətinləşib ki, rezerv etdiyim yeri ləğv etdim. Yessentukinin suyu mənə çox kömək olurdu”.
Qeyd edək ki, Cəfər Namiq Kamal 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2013-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
Şahanə Rəhimli
Musavat.com






