İnsanlara hürriyət, millətlərə istiqlal!

6 oldular: Azərbaycanda siyasi partiyalar özlərini niyə buraxırlar?

1714 28.03.2023 18:10 Siyasət A A

Elman Nəsirov: “Azərbaycanda partiyaların sayı azalacaq, lakin nəticədə...”

Tural Abbaslı: “Ehtimal var ki, daha 15-20 partiya özünü  könüllü şəkildə buraxsın”

   
Azərbaycanda siyasi partiyaların öz fəaliyyətlərinə xitam verməsi prosesi davam edir. Bu gün xalq hərəkatının fəallarından olan Yunus Oğuzun rəhbərlik etdiyi, Ədliyyə Nazirliyində 2002-ci ildə qeydiyyatdan keçmiş Milli Vəhdət Partiyası öz fəaliyyətinə son verməsi haqda bəyanat yayıb. Bundan əvvəl isə keçmiş deputat Xanhüseyn Kazımlının qurduğu ​Azərbaycan Sosial Rifah Partiyası, 1995-ci ildən fəaliyyət göstərən Azərbaycan Təkamül Partiyası, 1994-cü ildən qeydiyyata alınan, sədri Abutalıb Səmədov olan Azərbaycan Naminə Alyans Partiyası, Xudu Xudiyevin rəhbəri olduğu, 1992-ci ildən qeydiyyata alınan Birlik Partiyası, 2001-ci ildən təsis olunan, sədri Kamil Seyidov olan Azərbaycan Azad Respublikaçılar Partiyası ləğv olunmaq barədə qərar qəbul edib.

Fəaliyyətini dayandıran partiyaların sədrlərinin bəziləri bir müddət əvvəl “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulan 5 min üzv tələbinin kifayət qədər böyük olduğunu və bundan narazılıqlarını bildirmişdilər.  

Bəs siyasi partiyaların fəaliyyətlərinə xitam verməsi ölkənin siyasi palitrası baxımından yaxşıdır, ya pis? Normal, çoxpartiyalı ölkələrdə adətən neçə siyasi partiya olur, ən çox neçəsi aktiv və ya aparıcı olur?

Məsələn, hazırda seçki kampaniyası dövrünü yaşayan qardaş Türkiyədə 36 partiya seçkilərə buraxılıb. Əlbəttə, partiyalar üçün ən mükəmməl reytinq göstəricisi azad seçkilərdir. Azərbaycanda seçki “ələnməsi”ndən sonra neçə partiya qala bilər?

Siyasi düşərgə təmsilçiləri prosesi necə dəyərləndirir?

bf4cdef7-10c9-384c-b43f-3a109be2e5bd_850.jpg (79 KB)

YAP-çı deputat Elman Nəsirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Deputat ilk öncə “Siyasi partiyalar haqqında” yeni qanundan söz açıb:

“Xatırladım ki, bu qanunun çox geniş ictimai müzakirələri təşkil edildi,  komitələrdə müzakirə olundu, parlamentin üç oxunuşundan keçdi və öz təsdiqini tapdı. Həmin qanunda xeyli, təxminən 100-ə qədər düzəlişlər öz əksini tapıb.

Müasir dünyamızda siyasi partiyaların çəkisi ilk növbədə onun cəmiyyətə, ictimaiyyətə təsiri, siyasi proseslərə müdaxilə imkanı, siyasi proseslərin istiqamətinə təsir göstərmək potensiyalı ilə müəyyən edilir. Məlum oldu ki, Azərbaycanda çox sayda partiyalar var ki, onlar sədr, müavindən, qohum-əqrəbalardan ibarətdir və onların Azərbaycan cəmiyyətinə,  ictimai fikrinə heç bir təsir etmək potensialına malik deyil. Bizə isə kəmiyyətə deyil, keyfiyyətə söykənən partiyalar arası münasibətlər sistemi lazımdır”.

Elman Nəsirov qeyd edib ki, partiya üzvlərinin 1000 nəfərdən 5 min nəfərə qədər qaldırılması keyfiyyətə xidmət edən amildir:

“5 min üzvü olan partiya artıq cəmiyyətdə müəyyən söz sahibi kimi çıxış edə bilər.

Əvvəldən məlum idi ki, o partiyaların ki, sosial bazası yoxdur, arxasında ictimaiyyət dayanmır, onlar yeni siyasi qanun tələblərinə uyğun olaraq seçim qarşısında  qalacaqlar – ya özlərinin buraxmış elan edəcəklər, ya daha böyük partiyaların ətrafında birləşəcəklər. Yəni, bu, labüd bir proses idi.

İndi artıq bir neçə partiya  özünü buraxmış elan edib. Bir daha qeyd edirəm, çünki həmin partiyaların sözün əsl mənasında onların heç bir real potensiyalı yox idi. İstisna deyil ki,  bu proses hələ davam edəcək və daha yeni partiyaların siyasi səhnəni tərk etməsinin şahidi ola bilərik. Nəticədə Azərbaycanda partiyaların sayı azalacaq, lakin konkret sosial bazaya  söykənən, ictimai fikrə təsir etmək imkanına malik olan partiyalar qalacaq və möhkəmlənəcək, ölkədə kəmiyyətə deyil, keyfiyyətə söykənən partiyalar sistemi formalaşmış olacaq. Bu müsbət  hadisədir və dünya praktikasında da belədir.

Ulu öndər Heydər Əliyevin yaratdığı YENİ Azərbaycan Partiyası (YAP) ilə rəqabət apara biləcək partiya bugünkü reallıqda  yoxdur.

Hadisələrin gedişatı onu göstərir ki, keyfiyyət göstəriciləri ön plana keçdiyi təqdirdə Azərbaycanda yeni daha güclü partiyaların yaranması baş verə bilər ki, bundan da udan yalnız Azərbaycan cəmiyyəti olacaq. Hesab edirəm ki,  Azərbaycan cəmiyyəti də partiyaların sayının çoxluğunda deyil, onların keyfiyyət göstəricilərinin böyükülyündə  maraqlıdır”.

AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı qeyd etdi:

c1c85733d63a8e6c1b8cb0a25dbfa6a0-750x375.jpg (27 KB)

“Məsələ çox qəlizdir. Çünki çoxpartiyalı sistem, demokratik vəziyyət - bunların hamısı bir-biri ilə əlaqəlidir.

Bildiyim qədər Azərbaycanda 59 qeydiyyatdan keçmiş partiya fəaliyyət göstərir. Bu gün artıq onlardan 5-i özünü buraxıb, yəni fəaliyyətini dayandırıb, ehtimal var ki, 15-20-si də özünü  könüllü şəkildə buraxsın.

Normal ölkələrdə qəbul edirəm ki, ən yaxşı halda 4-6 partiya görsəni. siyasi pöroseslərə təsir edir, dövlət siyasətində rol alır və digər partiyaalrın olmasına baxmayaraq bu qədər sayda olan partiyalar öndə olur Bununla belə digərlərini də ləğv etmirlər. Digərləri zatən sərbəst rəqabətdə sıradan çıxır. Məsələn, Türkiyədə 200-dən artıq partiya var, amma siyasi səhnəni analiz edəndə ən yaxşı halda 6-7 partiya var ki, ölkə siyasətinə təsir edir. İndi AK Partiya qərar qəbul etsin ki, digər partiyalar ləğv olunsun? Buna nə ehtiyac var? Bir daha qeyd edirəm ki, əgər normal rəqabət mühiti, partiyalar  üçün normal təbliğat imkanları yaransa, siyasi mühit yaxşılaşdırılsa zatən təbii ələnmə, seçim olacaq. Amma indi şərtləri ağırlaşdırmaq, 5 min üzv tələbi və digər  şərt tələbləri qoymaq ki, bəziləri buna tab gətirməyərək sıradan çıxsın, belə təmizlənməni məqbul saymıram.

Əslində bu gün yeni qanuna istinad etsək, yəni neçə partiyanın bu qanunlara uyğun fəaliyyət göstərə bilməsini analiz etsək, görərik ki, Azərbaycanda bu tələblərə cavab verən 5 ya 6 partiya olar, ya olmaz. Təbii ki, onlardan ən birinci olanlardan biridir.

Bir daha qeyd edirəm ki, tələbləri sərtləşdirməkdənsə partiyalara şərait yaradılmalı, onların siyasi aktyor olması üçün daha geniş sahələr açılmalıdır. Çoxpartiyalı sistemin özü dövlətin daxili immunitetinin möhkəmlənməsi deməkdir. Çoxpartiyalı sistem cəmiyyətin, Azərbaycanın ictimai fikrinin öz siyasi partiyaları tərəfindən formlaşdırması, kənardan müdaxilələrin azalması deməkdir. Bunları etmədikcə İranın agentləri tutulur, Rusiyanın 5-ci kalonu ifşa olunur və sairə. Çünki partiya sistemi çökür, insanlar siyasətdən kənar qalır, siyasətlə məşğul olmurlar və üçüncü qüvvələr istədikləri rəy yaradır, mitinqlər təşkil edirlər və sairə”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR