İnsanlara hürriyət, millətlərə istiqlal!

“40 min dollar verdi, razılaşdıq” – SENSASİON CİNAYƏT İŞİ

1085 28.02.2024 16:16 Kriminal A A

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com-un xəbərinə görə, prosesdə şahid qismində Ramin Səfərəliyev ifadə verib.

Onun şahid qismində məhkəməyə dəvət olunması ötən prosesdə Rəşad Məlikzadənin ifadəsi ilə əlaqəlidir. R.Məlikzadə ötən iclasdakı ifadəsində Maliyyə və Büdcə İdarəsinin Təftiş Şöbəsinin rəisi, polkovnik Rafael Xələfova “Land Rover Discovery” markalı avtomobilin onun tərəfindən alındığını və 72 min manat pul verdiyini bildirib. O, maşını şahid Ramin Səfərəliyevdən aldığını deyib.

Buna görə də Ramin Səfərəliyev məhkəməyə şahid qismində dəvət olunub. O, məhkəmədə maşın alqı-satqısı ilə məşğul olduğunu, Almaniyadan avtomobil gətirdiyini deyib:

“Rəşadı əvvəldən tanıyıram. Bizim salondan bir neçə dəfə avtomobil alıb, münasibət yaranıb. Rəşad özü üçün əvvəl “Mercedes”, daha sonra isə “Land Rover Discovery” markalı avtomobil almışdı. 2019-cu il idi, Rəşad mənə zəng elədi. Həmin vaxt mən Almaniyada idim. Artıq maşın alıb, Bakıya gəlirdim. Dedi ki, bizim rəisə maşın lazımdır. Dedim ki, yoldayam “Land Rover” gətirirəm. Rəşad həmin maşını rəis üçün almaq istədiklərini bildirdi. Bakıya çatandan sonra Müdafiə Nazirliyinin qarşısına gəldim. Nazirliyin qarşısında Rəşad, rəis dediyi şəxs və bir neçə adam avtomobilə baxdılar. Dizel mühərrikli avtomobil idi, 40 min dollara razılaşdıq. Onsuz da mən Rəşada demişdim ki, avtomobili 40 min dollardan aşağı verməyəcəm. Həmin vaxt onlar maşını gömrüyə apardılar. Çünki maşın gömrük rəsmiləşməsindən keçməmişdi. Bunlar maşını götürüb getdi, rəsmiləşdirdilər. Sonra rəisin köməkçisi dediyi şəxs pulu gətirib verdi”.

Hakimin suallarını cavablandıran Ramin Səfərəliyev avtomobili alan şəxsi tanımadığını deyib: “Mən orada təkcə Rəşadı tanıyıram. Maşını alan şəxs 50-55 yaşında idi. Üstündən çox vaxt keçib deyə çox şeyi xatırlamıram. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm”.

Bundan sonra hakim bildirib ki, bu iş üzrə dindirilməyən 3 şahid var. Onlar Maliyyə Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Təftiş Şöbəsinin sabiq rəisi Rafael Xələfov və Maliyyələşmə şöbəsinin sabiq rəisi Nəriman Cabbarovdur. Onlardan Nizami Məmmədov və Rafael Xələfov barəsində cinayət işi var. Hər 3 şahid gələn proses məhkəməyə çağırılacaq.

Növbəti proses martın 13-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Rəşad Məlikzadəyə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. R.Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib. Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR