İnsanlara hürriyət, millətlərə istiqlal!

31 mart soyqırımı - azərbaycanlılar üçün yaddaş təzələnməsi

552 30.03.2022 16:20 Gündəm A A

“Erməni soyqırımı” yalanı arxasında gizlənən xalq 100 ildən çoxdur Qafqazda işğal və etnik təmizləmə aparır

31 mart soyqırımının növbəti - 104-cü ildönümü yaxınlaşır. 100 ildən çoxdur ki, dünyanı “soyqırım” yalanına inandırmağa çalışan ermənilər 1918-ci ilin yazında Qafqazda azərbaycanlılara qarşı amansız qırğın törədiblər.

Məlum olduğu kimi, 1915-ci ildə Anadoludan köçürülən ermənilərin mühüm bir hissəsi Qafqaza yerləşib. Onların içərisində yaxşı hazırlıqlı və uzun müddət Şərqi Anadoluda yerli əhaliyə və Osmanlı ordusuna qarşı hücumlar törətmiş silahlı erməni dəstələri vardı. Osmanlı ərazilərində Çar Rusiyası və Avropa dövlətləri vasitəsilə (Saykes Pikot sazişinə əsasən – K.R.) erməni dövləti qurmaq planı pozulan erməni millətçi qrupları 1917-ci ildə Çar Rusiyasında baş verən inqilab və qarışıqlıqdan istifadə edərək Qafqazda erməni dövləti yaratmaq üçün hərəkətə keçdi.

1918-ci ildə və eləcə də sonrakı illərdə azərbaycanlılara qarşı baş verən soyqırımı cinayətlərinin bir əsas hədəfi vardı: Cənubi Qafqazda müsəlman azərbaycanlıları didərgin salmaq və onların torpaqlarında erməni dövləti yaratmaq. Bu səbəbdən də 1917-ci ildən sonra erməni – Daşnaksütyun partiyası silahlı terror dəstələri indiki Ermənistan və Azərbaycan ərazilərində yerləşən azərbaycanlı kəndlərinə hücum edərək əhalini qətlə yetirməyə və deportasiya etməyə başladı. Nəticədə on minlərlə insan qətlə yetirildi və yüz minlərlə insan ev-eşiyini tərk etməyə məcbur oldu.

Bakı quberniyası, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirildi.

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, on minlərlə insanı yaşayış yerindən qovub.

1918-ci ilin mart soyqırımları yalnız türk-müsəlman əhali deyil, həmçinin minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlara qarşı törədilib. Dinc insanlarla yanaşı erməni cinayətkarlar həm də Qafqazdakı Azərbaycan mədəni izini silməyə çalışıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəniyyət abidələrini dağıdıb.

31 mart hadisələri zamanı Bakı Sovetinin 6 min silahlı əsgəri ilə yanaşı Daşnaksutyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək uşaqdan böyüyə, qadın-kişi demədən hər kəsi qətlə yetirib. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.

Şamaxı və ətraf 72 kənddə ermənilər tərəfindən 7 min, bəzi mənbələrdə isə hətta bir neçə dəfə çox insan, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilib. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.

Qubada isə erməni millətçiləri 4 minə yaxın insanı qətlə yetirib. Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılıb. Erməni millətçiləri Qubada dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdiyi soyqırımı cinayətlərini araşdırmaq üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıb. Və soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub.

Bu onu göstərir ki, AXC hakimiyyəti mart soyqırımı cinayətini unutmamış. Bu amansız soyqırımı cinayətinin icraçılarının ifşa olunub məsuliyyətə cəlb olunması, cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün işlər görüb. Ancaq təəssüf ki, AXC iqtidarının devrilməsi bu prosesin dayanmasıan səbəb olub.

Lakin aradan keçən 70 illik sovet “fasiləsi”ndən sonra ermənilər yenidən 1918-ci il hadisələrini təkrarladılar. 1988-ci ildə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə deportasiyası və qətlə yetirlməsi 1918-ci ildə baş verənlərlə eyni məqsədə xidmət edirdi. Hər iki hadisənin məqsədi azərbaycanlıları qətlə yetirmək, onları qorxudaraq evlərindən qovmaq və yeni ərazilər ələ keçirmək. 1918-ci ildə olduğu kimi, bu dəfə də SSRİ dağıldı və ermənilərə yaranmış xaos və qarışıqlıqdan istifadə edərək növbəti dəfə azərbaycanlılara qarşı soyqırımı cinayəti törədərək onları yurdlarından qovdular. Ancaq ermənilərin Azərbaycan torpaqları hesabına Qafqazda ikinci erməni dövləti yaratmaq cəhdinin qarşısını 30 ildən sonra qətiyyətlə alındı.

Müstəqillikdən sonra Azərbaycan dövlət orqanları 100 il əvvəl ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaq və bu hadisələrə hüquqi qiymətin verilməsi üçün işlər görüb. Baxmayaraq ki, 100 ildən çoxdur dünyaya yayılmış güclü erməni lobbisi “erməni soyqırımı” təbliğatı apararaq beynəlxalq ictimaiyyətin gözlərini bağlayır, ötən müddət də Azərbaycan da 1918-ci il mart soyqırımlarını tanıtmaq üçün ciddi işlər görüb.

1998-ci il martın 26-da Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayaraq martın 31-ni “Azərbaycanlıların Soyqırımı Günü” elan edib. Bir il sonra isə fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

Azərbaycanda 1918-ci il erməni cinayətlərinin araşdırılması məqsədi ilə arxivlərdə tədqiqat işləri aparılsa da, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlığın aşkarlanması mart soyqırımı ilə bağlı yeni əyani sübutların tapılması hadisəsi kimi əhəmiyyətli idi.

Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar nəticəsində 500-dək insan kəlləsi olduğu, onlardan 50-dən çoxunun uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu məlum oldu. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradıldı.

Bundan başqa Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

1918-ci il hadisələri və 1988-94-cü il müharibəsi göstərdi ki, erməni millətçiliyinin Azərbaycan xalqına qarşı nifrəti bitməyib. Düşmən hər zaman oyaqdır və hər fürsətdə, regionda baş verən qarışıqlıqdan istifadə etməyə hazırdır. Bu mənada 1918-ci il, eləcə də 1905-1907-ci illər hadisələrini unutmamaq, necə deyərlər, milli yaddaşı diri tutmaq lazımdır. Çünki biz unutsaq da düşmən niyyətindən çəkilmir, hər fürsətdə Azərbaycana zərbə vurmağa çalışır. Növbəti Şamaxı, Bakı, Xocalı hadisələrinin baş verməməsi üçün daha əvvəl yaşanmış faciələri unutmamaq, bu tarixi gələcək nəsillərin yaddaşında saxlamaq lazımdır.

Kənan Rövşənoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR