İnsanlara hürriyət, millətlərə istiqlal!

27 yaşlı hərbçimiz müharibə ilə bağlı elə şeyləri danışdı ki... - "Laçına çatana qədər..."

2138 26.06.2023 10:57 Müsahibə A A

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. Ordumuzun tarixində ən şanlı mərhələ təbii ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın işğaldan azad edilməsi ilə bağlıdır. 30 il ərzində hər bir azərbaycanlı, xüsusilə hərbçilər Ali Baş Komandanın əmr verəcəyi o günü gözləyib. Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi ərəfəsində Müdafiə Nazirliyi bir qrup Vətən müharibəsi qəhrəmanı ilə görüş təşkil edib. Onlardan biri də 44 günlük Vətən müharibəsində Sülhməramlı Qüvvələrin Xüsusi Təyinatlı bölüyünün komandiri, “Azərbaycan bayrağı” ordenli baş leytenant Əmirbəy Ramaldanovdur. Baş leytenant 2018-ci ildə Azərbaycan Ali Hərbi məktəbini bitirib. Qulluq etdiyi dövrdə xarici ölkələrdə təhsil alıb. 

27 yaşlı qəhrəman Musavat.com-a özəl açıqlamasında Vətən müharibəsi dövründə yaşananlarla bağlı xatirələrini bölüşüb:

- Çox gəncsiniz. Müharibəyə gedəndə isə 24 yaşınız var idi. Peşəkar hərbçi olmaq üçün çalışmısınız, lakin müharibəyə hazırlıq başqa, döyüş meydanı tamam başqa...

-Hər kəs o günü gözləyib. Müharibədəki qələbəmizə qədər bir çox əməliyyat olub, məsələn aprel döyüşlərini xatırlayaq. Azərbaycan ordusu bu günə 30 il ərzində hazırlaşıb. Hər bir qoşun növü müharibəyə yüksək səviyyədə hazırlıqlı idi. Düşmən qüvvələri 4 il  ərzində müharibə aparıb Qarabağı işğal etmişdi, biz isə 44 gün ərzində vahid komandanlıq altında, nizamlı şəkildə qələbə əldə etdik.

-Döyüş yolunuz hansı ərazidən başlamışdı?

-Mən sülhməramlı qüvvələrin tərkibində xidmət edirəm. Bölmələrimiz Cəbrayıldan başlayaraq, Qubadlı, Laçın ərazisində döyüşüb.  Biz Laçına çatana qədər şəhid verməmişdik. Laçının Suarası kəndində ikən Şuşanın azad edilməsi xəbərini eşitdik. Qələbə xəbərini eşidəndə tarixə düşməyimizi göz yaşları ilə qeyd etdik.

-Dediniz ki, Laçına çatana qədər şəhid verməmişdiniz. Məlumdur ki, Laçın yolu strateji əhəmiyyətə malikdir.  Mübaliğəsiz deyə bilərik ki, erməni silahlı qüvvələri üçün Laçın dəhlizi “nəfəs borusu”idi. Bu baxımdan o ərazidə gedən döyüşlər haqqında bir də sizdən eşitmək istərdik.

-Düşmən qüvvələri bu ərazini daha güclü qorumağa çalışırdı. Hər bir vəziyyətdə əsgərlərimə güvənirdim. Onlar mənim inamımı doğrultdular. Ümumiyyətlə, ruh yüksəkliyi sona qədər bizi tərk etmədi. Məhz bunun nəticəsidir ki, ordumuz işğaldan azad etdiyi hər bir ərazidə möhkəmlənir və geri addım atmırdı. Ali Baş Komandan və xalqımıza inamımız bizə qələbə qazanmağa yardım etdi.

-Ən ağır döyüşünüzü necə xatırlayırsınız?

-Ən ağır döyüş birinci döyüş olur. Çox gənc olduğum üçün əvvəlki heç bir döyüşdə iştirak etməmişdim.  Müharibədə ikən 24 yaşım var idi, leytenant idim. 24 yaşında birdən-birə müharibənin ortasına düşmək asan deyil. Təlimlər, hazırlıqlar bizi yetişdirmişdi. Odur ki, döyüş meydanında nəyə qadir olduğumuzu göstərdik və qələbə qazandıq.

-Qarabağ işğaldan azad ediləndən sonra məşhur bir fikir yaranmışdı-Qarabağı görməyən gənclər Qarabağı azad etdilər. Siz Qarabağı görməsəniz də, Qarabağın azadlığı üçün vuruşmuşunuz. O torpaqlara ayaq basanda hansı hissləri keçirirdiniz?

-Həqiqətən, belə fikir var idi, biz bunu hiss edirdik. Ayaqlarımız o torpaqlara dəydikcə sevincimiz artırdı. Qarabağı görməsək də, 30 ildən sonra o torpaqlara ilk bizim ayaqlarımız dəydi. Bu bizi daha da ürəkləndirirdi. İşğal altında olan ərazilərdəki dağıntıları görəndə düşünürdük ki, burada bizim də evimiz ola bilərdi. Bu, bizim qəzəbimizi artırırdı. Azərbaycan xalqının məruz qaldığı soyqırımlarını da nəzərə alanda fikirləşirik ki, Qarabağın 44 gün ərzində işğaldan azad edilməsi möhtəşəm nəticədir.

- 3 ilə yaxın zaman keçməsinə baxmayaraq, erməni silahlı qüvvələrinin, separatçıların təxribatları səngimir. Bu da o deməkdir ki, Azərbaycan ordusu daim təxribatların qarşısını almağa, anti-terror əməliyyatlarına hazırlıqlı olmalıdır.

-Müharibədən sonra bir çox əməliyyat keçirilib. Bu əməliyyatlarda Azərbaycan ordusu bir daha gücünü göstərib. Hər bir təxribata qarşı Azərbaycan ordusunun bölmələri mütəmadi təlimlər keçirir.  Biz hər zaman verilən tapşırıqları yerinə yetirməyə hazırıq. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Sadəcə bu fakt belə ordumuzun qüdrətini, hazırlıq dərəcəsini göstərmək üçün kifayət edir. Azərbaycan ordusu müasir standartlara tam uyğundur.

Əmirbəy Ramaldanov Vətən müharibəsində qəhrəmanlığa görə Azərbaycan bayrağı ordeni, “Cəbrayılın azad  olunmasına görə”, “Laçının azad  olunmasına görə”, “Qubadlının azad  olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Qeyd edək ki, baş leytenant Ə. Ramaldanov polkovnik, tanınmış hərbi ekspert Şair Ramaldanovun bacısı oğlu,  şəhid polkovnik-leytenant Babək Ramaldanovun dayısı oğludur.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR