İnsanlara hürriyət, millətlərə istiqlal!

27 oktyabr...

3769 28.10.2018 13:12 Yazarlar A A

 

27 oktyabr 1993...

27 oktyabr, 2003...

27 oktyabr, 2018.

25 il öncə, bu gün və bu saatlarda Tovuz yolçuluğumuz vardı. Ailə böyükləri qərarı vermişdi: ilk övladımız Tovuzda doğulsun...

Hava çox soyuqdu, arada qar atırdı, bizsə müqəddəs bir iş üçün yol başlatmışdıq.

Hər şey gözəl oldu və Allah bizə Dünya adlı ilk övladımızı verdi. Həmin günün sabahı Tovuza elə gözəl qar yağmışdı ki...

İndi Azərbaycanın mükəmməl təhsil almış, Tovuz doğumlu gənc bir hüquqşünası var...

*****

Dünyam 10 yaşındaydı. Yenə oktyabrın 27-i idi. İstintaqa çağlrdılar və həbs etdilər. 2003-cü il hadisələrində əsas suçlu kimi göstərildim. Efir mənə qarşı qəzəb və tələb püskürürdü: "tutulsun" deyən də vardı, "asılsın" bağıran da.

Yekə yekə insanları televizora çıxardıb, "bizi Rauf Arifoğlu öyrətdi", deyə, onları ifadələrə məcbur edirdilər. İndi bir çoxları var ya, özlərini bərkgedən mıxalifətçi, mənisə "iqtidar adamı" bəlirləyirlər. Onların çoxunu mənə görə o qədər döyüblər ki... Bir çoxlarının məni sevməməsinin, hər fürsətdə kürəyimi xəncərləməsinin əsas səbəbi də budur.

Onların arasında "mətin və dönməz müxalifətçilər" də var və hazırda düşərgə başındadırlar. Arada yazdıqları ciddi -ciddi şərhlərin altında uçaq -muşağa ünvanıma "satqın" yazdırırlar, ondan "kayf" tuturlar...

*****

25 il sonra yenə Tovuz yolu. Eyni gün, eyni saat...

Can dostum Novruz Əmi üçün gedirəm. İki gün sonra vəfatının 40-cı günü olacaq.

Əmi bizi bu fani və etibarsız dünyada buraxıb, haqq dünyasına köçdü.

Məni heç zaman heç bir şeydə sorğulamayan, yarğılamayan, atdığım bütün addımları, bütün manevrləri, bütün gedişləri dəstəkləyən, yanımda olan, haqq verən, qoruyan can dostum!

Sovetlər dönəmindən başlayan və bugünlərə qədər gələn, çox sınaqlardan çıxan ideal bir dostluq!

Azərbaycanda ikinci nümunəni görmədim.

Çünki Novruz Əmi kimisi yoxdu, olmayacaq da.

Dost kimi də, qardaş kimi də, vətəndaş və ata kimi də o, təkrarsız və möhtəşəmdi!

Zabit və komandan kimi isə Novruz Həsənli çox yüksək səviyyəli idi.

Azərbaycan və Tovuz uğrunda döyüşlərin, erməni işğalçılarına qarşı vətən müharibəsinin gerçək qəhrəmanı idi!

*****

9fadb83c-b6e5-45ea-a629-7af0c9461159.jpg (167 KB)

Bozalqanlı köyündəki o məzarda Turan sevdalı, Tovuz doğumlu şərəfli bir Azərbaycan zabiti yatır. O məzarı ziyarət edib, üstündə dua oxumağı Allah hər bir Azərbaycan övladına nəsib etsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR