İnsanlara hürriyət, millətlərə istiqlal!

23 oktyabrda imzalanan müqaviləyə HƏ, Azərbaycana YOX...

4480 17.11.2023 14:47 Siyasət A A

“ABŞ-ın Azərbaycana qarşı sonuncu mənfi addımları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması ölkənin rəsmi mövqeyini aydın şəkildə ifadə edir. ABŞ hökumətinin Azərbaycana yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktına 907-ci düzəlişdən imtinanı qadağan etməyə dair ABŞ Senatının qərarı ikitərəfli əlaqələrə mənfi təsir etsə də, müdafiə sahəsi də daxil olmaqla, Azərbaycanın digər sahələrdəki potensialına çətin ki, təsir göstərsin”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

FERİD.jpeg (379 KB)

O xatırladıb ki, 907-ci düzəliş 1992-ci il oktyabrın 24-də qəbul olunub:

“Məhz həmin il Azərbaycanın Şuşa şəhəri işğal edilib, erməni silahlı dəstələri dəhşətli Xocalı soyqırımını törədib. Azərbaycanda həmin vaxt başqa hökumət mövcud idi. Bütün bunlar göstərir ki, ABŞ-ın bu yanaşması indiki və ya keçmişdə mövcud olmuş hökumətlə əlaqədar deyil, Ermənistanın işğalına məruz qalmış Azərbaycanla bir ölkə olaraq bağlıdır. 2001-ci ilin oktyabrında Buş administrasiyasının Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın köməyinə ehtiyac duyduğuna görə 907-ci düzəlişdən imtina barədə qərar qəbul etməsi amerikalı qanunvericilərin bu aktının iflasa uğradığını göstərdi. Azərbaycana ehtiyac duyduğu zaman ABŞ hökuməti imtinanın yenidən işə salınması təşəbbüsü ilə çıxış edəcək. Bu cür yanaşma ABŞ-ın daxil olduğu digər ikitərəfli münasibətlərdə də mövcuddur. Noyabrın 22-dəki çıxışı zamanı ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen Azərbaycana qarşı digər tənqidi açıqlamaları ilə yanaşı, ABŞ-ın Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin İran deyil, Ermənistan vasitəsi ilə qurulmasında maraqlı olduğunu deyib. Qeyd etmək yerinə düşər ki, bu il oktyabrın 23-də Ermənistan və İran arasında yolun tikintisinə dair müqavilə imzalanıb. Necə olur ki, ABŞ rəsmiləri buna normal yanaşır, lakin Azərbaycanla İran arasında rabitənin qurulmasına qarşı çıxırlar?”

F.Şəfiyev hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan-ABŞ əlaqələri çox vacibdir:

“Lakin təəssüf ki, hazırkı ABŞ administrasiyasında Azərbaycana qarşı siyasət hökm sürür. Keçmiş təcrübə göstərir ki, bu, müvəqqəti xarakter daşıyır və adətən növbəti gələcək administrasiya fərqli siyasət irəli sürür. Ona görə də hər iki ölkədə mövcud əməkdaşlıq və dostluq əlaqələrini düzgün dəyərləndirən siyasətçi və mütəxəssislərin fəaliyyətlərini davam etdirməsi vacibdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR