İnsanlara hürriyət, millətlərə istiqlal!

2256 saylı qətnamənin sirri: Qarabağda beynəlxalq missiya

2088 05.07.2023 12:00 Siyasət A A

AŞ PA-nın qəbul etdiyi anti-Azərbaycan qətnaməsinin arxasından da Fransa çıxdı; Bakının bu qətnaməyə ciddi önəm verməməsinin səbəbləri nə ola bilər?

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA)  yay sessiyasında Azərbaycan əleyhinə qəbul olunan 2256 saylı qətnamə Bakıda o qədər də diqqətə alınmasa da, İrəvan bundan xeyli həvəslənib.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Paşinyan hakimiyyəti xüsusilə AŞ PA qətnaməsinin 8-ci bəndinə diqqət edir. “Assambleya Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinin sülhün həyata keçirilməsi üçün istənilən mexanizm çərçivəsində neytral beynəlxalq iştirakı ilə Bakı və Stepanakert (Xankəndi-red) arasında dialoq yolu ilə həllini tələb edir. Assambleya Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması olduğunu vurğulayıb, Dağlıq Qarabağa təbii qaz və elektrik enerjisinin verilişinin dayandırılması faktını bəyan edib. Dağlıq Qarabağdakı vəziyyəti humanitar və insan hüquqları böhranı kimi qiymətləndirir və BMT Baş Assambleyasının diqqətinə çatdırır. Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsi bu böhranla bağlı faktaraşdırıcı missiyanın Dağlıq Qarabağa və Laçın dəhlizinə tez bir zamanda göndərilməsinin zəruriliyini vurğulayır”.

Təsadüfi deyil ki, Nikol Paşinyan AŞ PA-da qəbul edilmiş anti-Azərbaycan qətnaməsini “Dağlıq Qarabağda yaranmış humanitar böhrana beynəlxalq diqqətin cəlb edilməsi baxımından ən mühüm sənəd” adlandırıb. Azərbaycan XİN-in qətnaməyə rəsmi münasibəti olmasa da AŞ PA-nın qətnaməsi haqda ağızdolusu danışan və şərh edən Paşinyana cavab verib. XİN hesab edir ki, Ermənistanın baş nazirinin fikirləri cəfəngiyyatdır və Bakı bunu qətiyyətlə rədd edir. Sitat: “Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvafiq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib”. 

Bakının bu qətnaməyə ciddi önəm verməməsinin səbəbləri nə ola bilər? Ermənistan bir neçə aydır ki, mütəmadi olaraq Qarabağ iqtisadi bölgəsinə faktaraşdırıcı missiyanın göndərilməsinə çalışır və bunu qətnaməyə sala bildilər. Bakının razılığı olmadan bu missiyanın gəlməsi, əlbəttə, mümkünsüzdür, amma bu, 21 iyul görüşü ərəfəsi Azərbaycana yeni təzyiq rıçaqları yaratmaq imkanı verir. Ola bilsin ki, rəsmi Bakıda tam əminlik var - nə əski parçası olan qətnamənin hüquqi qüvvəsi mövcuddur, nə də tövsiyə xarakterli bu sənədə istinad edilərək Azərbaycandan icazəsiz faktaraşdırıcı missiya göndərilə bilər. Üstəlik, hər gün Laçın postundan görüntülər yayılır, dinc ermənilər “quzu balası” kimi sakitcə növbədə dayanıblar, yoxlanılıb buraxılırlar. Yəni nə blokada var, nə yol bağlanıb, nə hansısa humanitar fəlakət yaşanır.

Hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin təcili tibbi yardım maşınları Xankəndidən İrəvana xəstə aparıb-gətirirlər. Əslində buna da zərurət yoxdur. Nə üçün Azərbaycan ərazisində yaşayan erməniəsilli sakinlər Ermənistanda müalicə almalıdırlar? Bizim təcili tibbi yardım maşınlarımız onları Gəncənin, Bərdənin xəstəxanalarına aparıb-gətirə bilərlər. Növbəti mərhələdə bu məsələlər də həll olunmalıdır. Eyni zamanda Qarabağda sülənən Araik Arutyunyan köçüb gedən ermənilərə “cəhənnəmə getsinlər” deməklə vəziyyətinin nə dərəcədə getdikdə ağırlaşdığını etiraf etmiş oldu. O zaman AŞ PA bu qətnamə ilə kimə qahmar çıxır? Blokadada olan separatçılara, yoxsa onların əsarətində olan mülki ermənilərə?

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə 

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, bu qətnamə anti-Azərbaycan, antitürk və antiislam mahiyyəti daşıyır. A.Mollazadənin sözlərinə görə, qətnamənin qəbul edilməsinin arxasında Fransa dayanır və təzyiq məqsədi güdür. Deputat hesab edir ki, Fransada baş verənlər antisemitizm, rasizmin bu ölkədə olduğunu ortaya qoyur: “Avropa Şurası Fransadakı hadisələri araşdırmalıdır və deyilməlidir ki, bu rasizm qurumun təməl prinsiplərinə ziddir. Əgər belə olmasa, deməli, Avropa bəyan etdiyi öz dəyərlərinə hörmət qoymur və köhnə imperiya istəkləri ilə yaşayır. Ona görə Avropa Şurası ilk növbədə Fransa hadisələrinə diqqət yetirməlidir. O ki qaldı faktaraşdırıcı missiya göndərilməsinə, Azərbaycanın razılığı olmadan mümkün deyil”.

Baydenin Kiyevə səfəri xüsusi mərhələnin başlanmasına işarədir”-Əziz  Əlibəyli

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, Avropa ilə Azərbaycanın əlaqələrinin xarakteri dəyişməkdədir: “Məsələn, ATƏT aparıcı Avropa təşkilatı kimi əhəmiyyət kəsb edirdi. Keçmiş dövrdən miras qalmış münaqişə ilə bağlı məğlubiyyət sindromunu özündə saxlayırdı. Vətən müharibəsi bunu dəyişdi və ATƏT-lə əlaqələr məhdudlaşdı. İndi təxminən Avropa Şurası da belədir. Qurumun alt komitələri insan haqları, media məsələləri ilə bağlı Azərbaycana ciddi hücumlar etməyə başlayıblar. Azərbaycan tərəfi bəyan etdi ki, birtərəfli hücumlardır. Bu gün Fransada insan haqları pozulur, amma hesabatlar görmürük. O cümlədən 1 milyon məcburi köçkün və qaçqınımız var, mülkiyyət hüquqları tapdanıb, insanlıq əleyhinə müharibə cinayətləri törədilib, amma Avropa Şurasının hansısa konvensiyası yoxdur. Ona görə mübahisə meydana çıxdı və zaman keçdikcə Azərbaycanın Qərbdə əsas tərəfdaşı Avropa İttifaqı olmağa başladı.  Bu baxımdan rəsmi Bakı münaqişə ilə bağlı aktiv fəaliyyətə keçən Ermənistana, baş naziri Paşinyana cavab verməyi proritet hesab edir, nəinki Avropa Şurasına, onun ermənipərəst deputatlarına. Həmin qətnaməyə reaksiya vermək prioritet deyil”.

Xatırladaq ki, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib. Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir. Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR