İnsanlara hürriyət, millətlərə istiqlal!

20-25 il sonra açılan cinayətlər - hüquqşünasın şərhi

1435 20.08.2022 09:30 Kriminal A A

Hansı cinayət əməllərinə görə məsuliyyətə cəlbetmə müddətsizdir?; vəkil: “Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axını dayanır”

Son vaxtlar illər əvvəl törədilmiş, bağlı qalan cinayətlərin bir neçəsi açılıb. Bununla bağlı həm DİN, həm də Baş Prokurorluq son həftələrdə bir neçə faktı açıqlayıblar.

Sonuncu olaraq 18 avqustda verilən məlumata görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Belə ki, 15 fevral 2000-ci il tarixdə Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Yolçuyeva Solmaz Rzaqulu qızının yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanaraq istintaq aparılsa da, təqsirləndirilən şəxs müəyyən edilmədiyindən iş üzrə icraat 16 iyul 2001-ci il tarixdə dayandırılıb.

16 avqust 2022-ci il tarixdə icraat təzələnərək istintaq Gəncə Şəhər Prokurorluğu tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla Gəncə şəhər sakinləri - 1977-ci il təvəllüdlü Elsevər Məmmədov, 1980-ci il təvəllüdlü Xəyal Səfərov və 1978-ci il təvəllüdlü Arzu Hacıyevin cinayət əlaqəsinə girərək külli miqdarda pulu quldurluq yolu ilə talamaq məqsədilə Solmaz Yolçuyevanı yaşadığı mənzildə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə cinayət əməlində şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa cəlb edilib, digər şəxslərin - X.Səfərovun 2001-ci ildə Qazaxıstanda, A.Hacıyevin isə 2004-cü ildə Rusiya Federasiyasında ölmələri müəyyən olunub.

Toplanan mötəbər sübutlar əsasında E.Məmmədova Cinayət Məcəlləsinin (köhnə redaksiya) 94.1-ci maddəsi ilə (tamah məqsədilə qəsdən adam öldürmə) ittiham elan edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət qanunvericiliyinə görə, hansı cinayətlərin məsuliyyətə cəlb etmə dövrü nə qədərdir? Məsələn, bəzi cinayətlər var ki, onların üzərindən müəyyən müddət keçəndən sonra şəxs məsuliyyətə cəlb edilmir. Ancaq bir sıra cinayətlərin cəlbetmə müddəti yoxdur. Konkret hansı xarakterli əməllərə görə cəlbetmə müddəti yoxdur, hansılara var?

VƏKİL İLHAMƏ HƏSƏNOVA: "İslahatlar vəkilliyin müstəqilliyi üçündür" -  MÜSAHİBƏ

Vəkil İlhamə Həsənova 

Vəkil İlhamə Həsənova “Yeni Müsavat”a deyib ki, Cinayət Məcəlləsinin 75-ci maddəsi cəlbetmə müddətini əhatə edir: “Belə ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdə;

az ağır cinayətin törədildiyi gündən 7 il keçdikdə; 

ağır cinayətin törədildiyi gündən 12 il keçdikdə;

xüsusilə ağır cinayətin törədildiyi gündən 20 il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Bu zaman müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axını dayanır. Bu halda müddətin axını, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir".

Vəkil deyir ki, məhkəmə müddətin keçməsi ilə bağlı  şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz: “Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halı Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə tətbiq edilmir. Cinayət Prosessual Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir”.

Vəkil deyir ki, CPM ilə müəyyən edilib ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır: “Cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur:

- cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi;

- amnistiya aktının mövcud olması.

Bundan fərqli olaraq qanunverici cəzadan azad etmə ilə bağlı CM-in digər normalarına şərti xarakter verir. Bunlara şərti məhkum etmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması aiddir. Yuxarıda sadalanan hallarda söhbət qanuni qüvvəyə minmiş hökmə əsasən cəza çəkən, şərti məhkum edilmiş və ya cəzalarının çəkilməsi təxirə salınmış  şəxslərdən gedir. CM-in 83.1-ci maddəsinin tələbləri baxımından isə belə cəzadan azad etmə məhkumluğu aradan qaldırmır".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR