Şuşada Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu davam edir.
Musavat.com-un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, forumun ikinci sessiyası “Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusuna həsr olunub.
Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, qardaş Türkiyənin beyin mərkəzləri ilə ortaq məqsədlər naminə toplaşmaq təkcə siyasi, elmi və ya strateji məna daşımır, həm də əsrlər boyu əcdadlarımızın bizi bir görmək idealının gerçəkləşməsidir. Onun sözlərinə görə, İlham Əliyevin liderliyi ilə qazanılan qələbə təkcə azərbaycanlıları deyil, bütün türk dünyasını birləşdirdi:
“Azərbaycan–Türkiyə beyin mərkəzlərini birləşdirən vahid platforma qlobal çağırışlara cavabdır. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan strategiyalar irəli sürən və onu millətlərin idealına çevirən güclü rəhbərlərdir. Təkcə Qarabağın xilası Azərbaycan prezidentinin ideoloq və strateq kimliyini ortaya qoyur. Cənubi Qafqaz tarixdə heç vaxt indiki qədər Bakıdan asılı olmayıb. Qələbə türk dünyasının geosiyasi çəkisini artırdı və Türkiyə, türk dövlətlərinin rolunu gücləndirdi. İrəvan təhlükəsizliyini artıq 3-cü paytaxtlarda deyil, məhz Bakı və Ankarada axtarır. “Türk Dünyasına Baxış–2040” sənədi Türk Sivilizasiyasının yüksəlişindən bəhs edir. Türkiyə ilə orduda, iqtisadiyyatda, siyasətdə birləşdiyimiz kimi, vahid dövlətə çevrilmək beyinlərin birliyindən keçir”.
İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Əsma Özdaşlı türk ordusu modelindən bəhs edib:
“50 il boyunca Türkiyə ordusu terrorla mübarizə aparıb və bu sayədə dünyada öncüllərdən hesab olunur. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu haqqında mif dağıdıldı. Qəhrəman Azərbaycan ordusu isə həm də türk ordusu modelinə keçdiyi üçün qələbə qazanmağa nail oldu. Zəfərdən sonra digər türk dövlətləri Türkiyə üçün qapılarını açdı. Əməkdaşlıqların genişlənməsi buna sübutdur”.
İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı çıxışında diqqətə çatdırıb ki, dövlətlər ikitərəfli və çoxtərəfli əlaqələrdə ortaq dil, ortaq mənfəət və kollektiv təhlükəsizlik kimi məqamlara diqqət edirlər:
“Bəzi məsələlər detal kimi görünsə də, ikitərəfli münasibətlərdə ciddi narahatlıq yarada bilər. Rəsmi Bakı və Ankaranın həyati məsələlərdə əməkdaşlıq etməsi önəmlidir. Hesab edirəm ki, strateji, uzunmüddətli plan hazırlanmalır. Bu məsələdə beyin mərkəzlərinin rolu əhəmiyyətlidir”.
Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədovun fikrincə, Azərbaycana özündən asılı olmayan faktorlara görə maraq artıb:
“Heç bir xarici sponsor olmadan TDT yaradılıb. Xarici faktorlardan asılı olmadan inteqrativ addımlar atırlır. Azərbaycan Mərkəzi Asiyaya qoşulduqca TDT-ə müsbət təsir edir. Ölkəmiz körpü rolunu oynayır. Müxtəlif istiqamətlərdə bizim rolumuz olmadan əməkdaşlıq alınmır. İqtisadi inkişafı mümkün qədər genişləndirəcəyik. Təşkilatdan birliyə keçidi təmin edə bilərik. Təşkilata maraq çoxalsa da, bir çox qüvvə, xüsusilə Avropa İttifaqı bunu etiraf etmək gücündə deyil. Öz yolumuzu getdikcə təşkilat daha da güclənəcək. Zamanla hərbi və iqtisadi birliyə çata biləcəyik”.
Nigar HƏSƏNLİ,
Musavat.com






