Milli Məclisdəki büdcə müzakirələri zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edərkən bir sıra təkliflər səsləndirib.
Onun bir təklifi xüsusilə diqqət çəkib. Komitə sədri ölkədə qeydiyyatda olan partiyalara dövlət büdcəsindən ayrılan maliyyənin artırılmasını təklif edib.
Sitat: “Bildiyiniz kimi, bu gün ölkədə dövlət maraqları çərçivəsində fəaliyyət göstərən partiyalar var. AXCP və Müsavat kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birgə, vahid mövqedə çalışırlar. Bu baxımdan imkan varsa, siyasi partiyalara ayrılan büdcənin də artırılması məqsədəuyğun olar”.
![]()
Musavat.com xəbər verir ki, AMİP liderinin köməkçisi Əli Orucov deputatın fikirlərini tam şəkildə dəstəkləyir:
“Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi müsbət haldır və bu, kənar sponsorlardan və yad təsirdən asılılığı aradan qaldırır. Eyni zamanda siyasi partiyaların müstəqilliyinə və sərbəst qərarlar verməsinə, şəffaflığına geniş imkanlar yaradır.
Bununla belə, partiyaların maliyyə və texniki təminatı, idarəçiliyi, fəaliyyəti ilə bağlı problemlər də qalır. Yeni qəbul edilən “Siyasi partiyalar haqqında” qanunda avtoritar meyillər üçün mexanizm və hüquqi bazanın olması ciddi qüsurdur. Belə bir vəziyyət partiyadaxili rəqabəti əngəlləyir, azad seçim imkanlarını məhdudlaşdırır. Partiyalara dövlətin ayırdığı vəsait geniş çaplı fəaliyyətə yetərli deyil. Ancaq cari xərcləri və əmək haqları qarşılayır.
Ona görə də deputat Siyavuş Novruzovun partiyalara ayrılan büdcənin artırılması barədə səsləndirdiyi fikirlər dəstəklənməlidir. Maliyyənin çox olması siyasi təşkilatların daha effektiv işləməsinə təkan verərdi. Məncə, iş adamlarının, biznes strukturlarının da siyasi partiyalara dəstək göstərməsinə qoyulan qeyri-rəsmi məhdudiyyət aradan qaldırılmalıdır.
Heç kəsə sirr deyil ki, bu gün orta təbəqə və milli burjuaziya sıradan çıxarılıb. Onun yerini məmur oliqarxiyası və hakimiyyətlə birbaşa əlaqəsi olan şəxslər qrupu tutub. Onların da siyasi hakim partiyadan kənar digər partiyalarla əlaqəsi yoxdur. Ancaq ortabab iş adamlarının siyasi partiyalara maraqları ola bilir və həmin iş adamları mümkün təzyiqlərdən, təqiblərdən çəkinərək məsafəli davranırlar.
Demək, siyasi partiyalara münasibət də tam pozitiv istiqamətdə dəyişməlidir ki, insanlar azad seçim edə bilsinlər. Bu, siyasi partiyaların dövlət büdcəsindən və hökumətdən asılılığını minimuma endirməsinə gətirib çıxarar. Təəssüflər olsun ki, siyasi fəaliyyət və siyasi partiyalarla bağlı məsələlər hələ də istənilən vəziyyətdə deyil”.
Cavanşir ABBASLI
Musavat.com






