2026-cı ilin dövlət büdcəsinin ən mühüm yeniliklərindən biri Dövlət Neft Fondundan edilən transfertlərin azaldılmasıdır. Bu addım hökumətin neft gəlirlərindən asılılığı tədricən minimuma endirmə siyasəti kimi qiymətləndirilir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin üçüncü oxunuşda qəbul edilməsi haqda danışarkən deyib.
O bildirib ki, bir sıra mövcud vergi güzəştləri ləğv edilir, tütün və spirtli içkilərə aksizlərin artırılması nəzərdə tutulur:
“Bununla yanaşı, gəlir vergisinə tətbiq edilən güzəştlər də növbəti üç il ərzində tam şəkildə aradan qaldırılacaq. Bu dəyişikliklər vətəndaşların büdcənin formalaşmasında rolunu artıracaq və vergi yükü hiss ediləcək dərəcədə yüksələcək”.
İqtisadçı vurğulayıb ki, 2026-cı ildən etibarən hökumət işləməyən və ya rəsmi işi olmayan şəxslərin icbari tibbi sığorta haqlarını artıq dövlət büdcəsindən ödəməyəcək. Bu kateqoriyaya aid şəxslər tibbi sığorta ödənişlərini özləri qarşılamalı olacaqlar.
“Azərbaycanın pensiya qanunvericiliyinə əsasən, pensiyalar hər il orta aylıq maaşın artım tempinə uyğun indeksləşdirilir. 2026-cı ildə pensiyaların təxminən 9.2–9.3% artırılması gözlənilir. Sosial müdafiə sahəsində də dəyişikliklər var: yaşayış minimumunun yüksəlməsi fonunda ünvanlı sosial yardımın təxminən 5.3% (yəni 15 manat civarında) artırılması planlaşdırılır”, - o qeyd edib.
Eyni zamanda Ramiz Mehdiyevin istintaqı ilə bağlı baş verənlər, bu çərçivədə saxlanılacaq şəxslər mövzusu da müzakirədədir. Cəmiyyət bu məsələdə proseslərin ləng getməsindən narahatdır. Bundan başqa, Mehdiyevin komandasında təmsil olunan məmurlar-eks məmurlar da sual yaradan məqamlardandır. Nələr gözlənilir?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.
Qonaqlarımız millət vəkili Fazil Mustafa və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






