Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) Prezidenti, əməkdar elm xadimi, əməkdar həkim, professor Rəna Əliyeva Braziliyanın Belem şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP30) iştirak edib.
Musavat.com xəbər verir ki, 2025-ci ilin noyabrında baş tutmuş COP30 və bu qlobal əhəmiyyətli konfrans çərçivəsində 4-cü Qlobal Ağız Sağlamlığı və İqlim Fəaliyyət Konfransı zamanı dünya ölkələri qarşısında aktual problem olaraq duran ətraf mühit, onun qorunması sahəsində həyata keçirilən tədbirlər, bu tədbirlərin kompleks şəkildə reallaşdırılmasının vacibliyi vurğulanıb.
Ətraf mühit məsələləri ilə birbaşa bağlı olan qlobal sağlamlıq sistemlərində, bu sistemlərin ayrılmaz hissəsi olan stomatologiya sahəsində ekoloji məsuliyyətin artırılması üçün mühüm platforma olacağı bildirilib.
Konfransın açılışında tədbirə rəhbərlik edən Filadelfiya - Penn Diş Tibbinin İnteqrativ Qlobal Ağız Sağlamlığı Mərkəzi (CIGOH) daxilində Ağız və Planet Sağlamlığı Siyasətləri Direktoru Dr. Culian Fişer, iştirakçıları salamlayaraq tədbirin ağız sağlamlığı cəmiyyəti üçün iqlim dəyişikliyi ilə bağlı qlobal diskursda iştirak etmək üçün mühüm fürsət və ağız və planet sağlamlığı haqqında məlumatlılığı və bilikləri artırmaq üçün platforma olduğunu bildirib.
Tədbirin açılış hissəsinə ilk öncə Pensilvaniya Universitetinin, Stomatologiya Tibb Məktəbinin dekanı və Profilaktik və Bərpaedici Stomatologiya kafedrasının professoru Dr. Mark S. Volffun çıxışı ilə başlanılıb və tədbirin işinə uğurlar arzu edilib.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) stomatoloji mütəxəssis olan və Ümumdünya Səhiyyə Təşkilatında ağız sağlamlığı qlobal departamentin rəhbəri Diş cərrahiyyəsi üzrə doktor, İctimai Səhiyyə Magistri, Fəlsəfə doktoru, Dr. Benua Varen çıxış edib. Çıxışında Dr. Varen qeyd edibdir ki, ÜST-da ağız sağlamlığının ümumi orqanizm sağlamlığı ilə birbaşa əlaqəli olduğuna görə 2020-2030 illər üzrə strateji fəaliyyət planının tərtib edilməsi olduqca mühüm və zəruridir.
Konfransın işinə Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDI) Prezidenti Dr.Nikolay Şarkovun çıxışı ilə davam edilib. Dr.Şarkov dəyişən dünyada stomatologiyanın dayanıqlı inkşafının vacib olduğunu bildirib. O, həmçinin qeyd edib ki, hazırda davam edən iqlim dəyişiklikləri əhalinin sağlamlığını təhlükə altına alır və dəyişikliklər ictimai sağlamlığa və ağız boşluğu gigiyenasına daha da artan diqqət tələb edir. Çıxışının sonunda bu problemlərin həlli istiqamətində görülən tədbirlər ölkələr üçün yeni strateji prioritet təşkil etdiyini bildirərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Tədbir zamanı öz çıxışında diş və ağız boşluğu sağlamlığının, ətraf mühit problemləri üzrə aktual mövzularına toxunan ASA Prezidenti, əməkdar həkim, professor Rəna Əliyeva kompleks yanaşma olmadan iqlimlə bağlı problemlərin həllinin mümkün olmadığını, ekosistemin dəyişdiyini və onunla bağlı iqlim dəyişikliyinin ağız sağlamlığına da təsir etdiyini bildirdi və bu yeni paradiqmadan istifadə stomatoloji xidmət təcrübəsini dəyişmək, profilaktika və uzunmüddətli davamlılığa daha çox diqqət yetirmək üçün həyati əhəmiyyət kəsb etdiyini, Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və Ümumdünya Səhiyyə Təşkilatının Ağız Sağlamlığı Strateji Fəaliyyət Planına sadiq olduğunu tədbir iştirakçıların diqqətinə çatdırıb. Çıxış yüksək səviyyəli beynəlxalq konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans gedişatında ətraf mühit, iqlim dəyişikliklərinin insanların sağlamlığına təsiri, su çatışmazlığı, su hövzələrinin çirklənməsi kimi problemlərin diş və ağız boşluğu sağlamlığına, bununla da ümumi səhhətə vurduğu ziyan, bu və digər aktual problemlərin həlli istiqamətində müxtəlif beynəlxalq təşəbbüslər və gigiyena problemləri xüsusilə də ağız boşluğu problemlərinin aradan qaldırılması üçün həyata keçirilən fəaliyyət haqqında Beynəlxalq Diş Tədqiqatları Assosiasiyasının (IADR) Baş İcraçı Direktoru Kristofer H. Foksun, Fici Hökumətinin Səhiyyə və Tibbi Xidmətlər üzrə köməkçisi Penioni Ravunavanın, Para Universitet Mərkəzi (CESUPA) Dr. Renata Bastosun da çıxışları dinlənildi.
Qeyd etmək lazımdır ki, hər il noyabr ayında keçirilən bu qlobal əhəmiyyətli tədbir artıq bir ənənəyə çevrilib. Belə ki, 2024-cü ilin noyabr ayında Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 Konfransı çərçivəsində təşkil olunmuş ”Ağız Boşluğunun Sağlamlığı və İqlim Dəyişikliyinin təsiri üzrə 3-cü Qlobal Konfrans” keçirilib. Onlayn formatda keçirilmiş bu tədbirdə dövlət rəsmiləri və elm adamları iştirak etmiş, və Azərbaycanın bu sahəyə olan diqqətini və həssaslığını konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir zamanı çıxış edən prof. Rəna Əliyeva iqlim dəyişikliyi, çirklənmə problemləri və biomüxtəlifliyin itirilməsi kimi qlobal çağırışlar və böhranlarla üzləşdiyimizi deyərək, ağız sağlamlığı ətraf mühitlə, cəmiyyətlərin davamlılığı və hər bir insanın rifahı ilə sıx əlaqəli olduğu üçün təcrid olunmuş şəkildə nəzərdən keçirilməsinin mümkün olmadığını vurğulayıb. Professor ətraf mühitin dəyişməsinə səbəb olan amillərin azaldılması istiqamətində fəal iş aparılmasının, hökümət və cəmiyyət institutları tərəfindən bu məsələləri təhsil, səhiyyə və gündəlik təcrübəyə daxil edilməsinin vacibliyini, həmçinin Azərbaycanda bu istiqamət üzrə təhsil proqramları hazırlandığını və onlar davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə prinsiplərini stomatoloqların peşəkar hazırlığına inteqrasiya etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
COP29 çərçivəsində xarici və yerli mütəxəssislərin, yüksən səviyyəli qonaqların iştirak etdiyi tədbirlər silsiləsinin dünya miqyasında geniş şəkildə işıqlandırılmış və yekun olaraq Azərbaycan Hökumətinin təşəbbüsü və birbaşa iştirakı ilə mühüm qərarların qəbul olunması tarixə düşüb.
Tədbirdə çıxış edən iştirakçılar BMT-nin COP tədbirləri çərçivəsində stomatologiya və ağız üzrə beynəlxalq mütəxəssislərin bir araya gəlməsi və mürəkkəb çağırışlara hazırlaşması üçün dəyərli fürsət olduğunu qeyd ediblər.






