İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski müdafiə nazirini dəyişdi-Krımı Krım tatarı azad edəcək?

1036 04.09.2023 22:24 Gündəm A A

Alp Arslan İmamqulu: “Ukraynanın müdafiə nazirinin dəyişdirilməsi qərarı bir az fərqli görünsə də...”

Kənan Rövşənoğlu: “Ukrayna rəsmən elan edib ki...”

Səxavət Məmməd: “Siyasilər çox mesajlar verə bilər, ancaq...”

Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edib. Prezident hazırda nazir vəzifəsinin icrasını Rüstəm Umerova tapşırıldığını bildirib.

“Ali rada Umerovu yaxşı tanıyır. Parlamentdən bu namizədə dəstək gözləyirəm”, - Zelenski qeyd edib.

Qeyd edək ki, hələ ötən həftə musavat.com Ukraynada Müdafiə Nazirliyində dəyişikliklər olacağını bildirmişdi. Həmin məlumatda nazir postunda adı keçən R.Umerov barədə maraqlı faktlar verilmişdi:

R.Umerov 1982-ci ildə Özbəkistan SSR-in Səmərqənd vilayətinin Bulunqur Krım tatarlı mühacir ailəsində anadan olub. Atası Ənvər Umerov texnologiya, anası Meryem Umerova kimya mühəndisidir. Böyük qardaşının adı Aslan Ömər Krımlıdır.

1944-cü il mayın 18-də Umerovlar ailəsi Krımdan Orta Asiyaya deportasiya edilib. Yalnız 50 il sonra, 1980-ci illərin sonunda Krım tatarlarının repatriasiyası zamanı onlar yarımadaya qayıda biliblər.

Ukraynada Rusiya ilə müharibənin getdiyi ən qızğın vaxtda müdafiə nazirinin vəzifəsindən uzaqlaşdırılması ən müxtəlif səbəblərlə izah olunur. Fərqli ehtimallar da səsləndirilir.

Hərbi ekspert Alp Arslan İmamqulu bu təyinatda Krım faktorunu daha çox səbəb kimi görür: “Ukraynanın iyun ayında başlatdığı əks hücum əməliyyatları bir xeyli dərəcədə yavaş getməkdə idi. Bu da daha çox Rusiyanın birinci müdafiə xəttinin olması ilə əlaqədər idi. Ukraynanın yeni əks hücum əməliyyat qrupları Rusiyanın Zaporojye yaxınlığındakı birinci müdafiə xəttini aşdı. Bunun davamında Ukraynanın müdafiə nazirinin dəyişdirilməsi qərarı bir az fərqli görünsə də, bunun arxasından sanki bir mesaj verildi. Bu mesaj da ən çox onun yerinə bir Krım türkünün təyin olunması ilə əlaqədardır. Sanki verilən mesaj Krımın da mütləq şəkildə azad edilməsi yönündə verilən tapşırıqların sürətləndiriləcəyi ilə bağlı görünür. Ümumi olaraq, hal-hazırda Ukraynanın əks hücum əməliyyat qrupları birinci müdafiə xəttini aşıblar, ikinci müdafiə xəttini qarşılarına əsas hədəf kimi qoyublar. Nəzərə almaq lazımdır ki, hər zaman birinci müdafiə xətti çox güclü, hazırlıqlı formada olur. Düşünmürəm ki, ikinci müdafiə xətti bu cür olsun. Tez bir zamanda Rusiya silahlı qüvvələrinə qarşı əldə edilmiş nailiyyətin davamı olaraq, Krım istiqamətində yeni nailiyyətlərin əldə olunması da gözləniləndir. Bunu da yeni müdafiə nazirinin məhz krımlı olması ilə əlaqələndirmək olar”.

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu bu təyinatda Krım tatarlarına bir jest görür: “Əlbəttə, Ukrayna rəsmən elan edib ki, müharibə Krım azad edilənə qədər davam edəcək. Ada BMT tərəfindən Ukraynanın suveren ərazisidir. Lakin bir bürokratın nazir təyinatının Krımla əlaqəli olduğunu düşünmürəm. Bu ən yaxşı halda Krım tatarlarına jestdir. Çünki bilindiyi kimi, Ukraynada ordunun komandanı müdafiə naziri deyil. Nazir daha çox Qərb ölkələrində olduğu kimi, təchizata baxır. Bu mənada müdafiə nazirinin təyinatının birbaşa ordunun hərbi əməliyyatlarına təsir edəcəyini zənn etmirəm. Ancaq dediyim kimi Krım tatarlarına edilmiş jest ola bilər. Bir də yeni şəxsin özünün bacarıq və keyfiyyətləri ilə bağlı ola bilər”.

Hərbi ekspert Səxavət Məmməd bu dəyişikliyin ciddi nəticələr verəcəyini düşünmür: “Ukraynada müdafiə naziri postundakı Aleksey Reznikov mülki şəxs idi. Yerinə gələcəyi iddia edilən Rüstəm Umerov da mülkidir. Ümumiyyətlə, müdafiə naziri postu siyasi postdur. Ona görə də, o postda mülki şəxsin gəlməsinin heç bir xüsusi əhəmiyyəti yoxdur. Hesab edirəm ki, Aleksey Reznikovun vəzifədən kənarlaşdırılmasına əsas səbəb Ukrayna prezidenti Volodimir Zelenski arasındakı fikir ayrılıqları səbəb ola bilər. Əgər Ukrayna ordusunun Baş qərargah rəisi vəzifəsindən azad edilsə idi, o zaman bunu əməliyyatlardakı uğursuzluqlarla əlaqələndirmək olardı.

Hazırda siyasi hakimiyyət qətiyyən geri addım atmaq istəmir. Əksinə, həm Rusiya, həm də Ukrayna siyasi hakimiyyəti ordudan hər gün uğur tələb edir. Sahədə isə bunun baş verməsi o qədər də asan deyil. Ukrayna Rusiya müharibəsinə baxanda görürük ki, siyasilərin ordudan gözləntiləri çox yüksəkdir. Ancaq ordunun gücü tükənməyən sərvət deyil. Aleksey Reznikov həm ordunun real vəziyyətini, həm də siyasi hakimiyyətin nələr istədiyini bilir. Müharibə şəraitində ordu ilə siyasi hakimiyyət arasında körpü rolunu oynamaq o qədər asan deyil. Uzun zaman idi ki, Aleksey Reznikovun gedəcəyi proqnozlaşdırılırdı. Hesab edirəm ki, Ukraynada müdafiə nazirinin dəyişdirilməsi o qədər də ciddi nəticələr verməyəcək. Ukrayna nəinki indi işğal edilmiş, hətta Krımı da geri qaytaracağını bildirir. Krım tatarı olan Rüstəm Umerovun müdafiə naziri postuna gətirilməsi Rusiya üçün Krım mesajı da ola bilər. Siyasilər çox mesajlar verə bilər, ancaq müharibədə hər şey sahədə həll olur”.

 

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR