Rusiya ordusunun şənbə günü Zaporojyeyə təşkil etdiyi hücum nəticəsində aralarında bir uşağın da olduğu dinc sakinlər yaralanıb, yaşayış evlərinə və supermarketə ciddi ziyan dəyib.
Musavat.com xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.
İvan Fedorovun sözlərinə görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Zaporojyedəki ticarət mərkəzlərindən birinin yaxınlığında partlayıb. Daha sonra rəsmi şəxs zərbənin birbaşa supermarketin damına endiyini dəqiqləşdirib. Hücum nəticəsində ticarət obyektinin qarşı tərəfində yerləşən binadakı mənzillərdən birində yanğın baş verib.
Hadisə zamanı 10 yaşlı oğlan uşağı qolundan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun atası və daha bir nəfər də hücumun qurbanı olub. Fedorovun son məlumatına görə, yaralıların sayı 3 nəfərə çatıb; xəsarət alanlar 67 və 49 yaşlı kişilər, eləcə də azyaşlı uşaqdır. Atəş nəticəsində şəhərin iki rayonunda ən azı 8 çoxmənzilli yaşayış binası və qeyri-yaşayış sahələri zədələnib.
Eyni zamanda, Xarkov Vilayət Prokurorluğunun yaydığı məlumata görə, şənbə günü Rusiya dronları Xarkov vilayətinə də zərbələr endirib, nəticədə iki nəfər yaralanıb.
"Bakı vaxtı ilə saat 04:00 radələrində Rusiya hərbçiləri Çuquyev rayonunun Budarki kəndinə FPV dronu ilə hücum edib. Zərbə nəticəsində fərdi yaşayış evində yanğın qeydə alınıb. Hadisə zamanı 57 yaşlı kişi bədəninin 65%-nin II və III dərəcəli yanıq xəsarətləri alması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa, Bakı vaxtı ilə saat 12:50 radələrində Rusiya PUA-sı Starı Saltov qəsəbəsi ilə Molodova kəndi arasındakı yolda hərəkətdə olan mülki avtomobili hədəf alıb. Alışan nəqliyyat vasitəsində olan 46 yaşlı qadın yaralanıb", - deyə qurumdan bildirilib.
Digər bir qanlı hücum isə Nikolayev vilayətində qeydə alınıb. Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kimin verdiyi məlumata görə, şənbə günü Rusiya dronlarının hücumu nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb.
"Rusiya ordusu Kutsurub icmasına FPV dronları ilə hücum edib. Hadisə nəticəsində 64 yaşlı kişi həlak olub, bir avtomobilə ziyan dəyib. Günorta saatlarında isə Qoroxovsk icması FPV dronunun hücumuna məruz qalıb. Bu zərbə nəticəsində iki qadın və iki kişi olmaqla, dörd nəfər yaralanıb. Bütün yaralılar orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib", – deyə Vitali Kim qeyd edib.
Musavat.com











