İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaman Ermənistanın əleyhinə işləyir-Politoloq

569 28.04.2023 16:37 Siyasət A A

 

“Ermənistan gərginlikdən azad olmaq üçün Azərbaycanla sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Prosesin uzanması bizim üçün o qədər də problem yaratmır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, problem bitmiş hesab olunacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh sazişi ilə bağlı açıqlamasını şərh edərkən qeyd etdi ki, Paşinyan ərazi bütövlüyümüzü tanımağa hazır olduğunu desə də, Qarabağla bağlı təxribatçı mövqedən əl çəkmir: “Danışıqlarda 3-cü tərəfin iştirak etməsi ilə bağlı tələblə razılaşa bilmərik. İkinci Qarabağ müharibəsindən sonra prinsipial mövqeyimiz odur ki, Qarabağla bağlı bütün məsələlər ancaq Azərbaycana aiddir. Azərbaycan Vaşinqton, Brüssel və Moskva formatlarının hər birində iştirak edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağ iddialarından birdəfəlik əl çəkmiş olacaq. Zaman isə onların əleyhinə işləyir. Azərbaycan güclənir, hərbi büdcəmiz Ermənistanınkından 4 dəfə artıqdır”.

Politoloq hesab edir ki, Vaşinqtonun vasitəçiliyi Qarabağda Rusiyanın təsirini azaltmaq baxımından Azərbaycan üçün faydalıdır. O həmçinin Brüssel və Vaşinqtonun Qarabağla bağlı danışmadıqlarına diqqət çəkdi: “Diqqət Azərbaycan və Ermənistan arasında sülhə yönəldilir. Mayın sonuna qədər Vaşinqtonda liderlərin görüşəcəyi barədə xəbər yayılan kimi Rusiya nazirlərin görüşü ilə bağlı məsələni gündəmə gətirməyə çalışdı. Rusiyanın vasitəçiliyi tərəflərə fayda verməsə də, biz buna etiraz etmirik. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da vurğuladı ki, Azərbaycan danışıqların intensivləşdirilməsində maraqlıdır. Ermənistan tərəfinin dediklərini reallaşdırmaması özünə zərər verir”.

E.Şahinoğlunun fikrincə, sülhməramlıların komandanının dəyişməsinin hər iki tərəf üçün xüsusi əhəmiyyəti yoxdur. Politoloq erməni separatçıları üçün də yeni komandanlığın faydalı ola biləcəyini düşünmür: “Qarabağda yaşayan ermənilər Azərbaycan qanunları ilə yaşamalı, bizim pasportları qəbul etməlidirlər. Əks halda, ərazimizi tərk etməlidirlər. Bu məsələdə komandandan asılı olan heç nə yoxdur. O ki qaldı İranla müttəfiqliyə, bunun nə İrana, nə də Ermənistana faydası var. İran son iki ildə Azərbaycana qarşı siyasət aparmaqla heç nə qazanmadı. Halbuki, müharibəyə qədərki dövrdə münasibətləri normal hesab etmək olardı. Ermənistan İrana meyl etsə, Qərbdən dəstəyi azalacaq. Fransa və ABŞ-da ermənipərəst dairələr Paşinyanın İrana meyl etdiyini görsələr, daha ehtiyatlı mövqeyə keçəcəklər çünki ABŞ-ın İranla münasibətləri gərgindir”.  

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir.  Onun sözlərinə görə, hər iki tərəfdən olan nümayəndələr sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın zamanlarda görüşəcəklər: “Yaxın zamanlarda danışıqlar gözlənilir. Bu səbəbdən biz hazırladığımız sülh müqaviləsinin layihəsini Azərbaycana göndərməmişik. Hazırda müzakirələr davam edir”.

Digər bir məlumata görə, Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün ABŞ İrəvana təzyiq edir. Vaşinqton sülh sazişinin ilkin variantını tərəflərin may ayının sonuna qədər təsdiq etmələrini istəyir. Qeyd olunub ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin köməkçisi Erika Olson bu yaxınlarda Vaşinqton variantını İrəvana, sonra isə Bakıya gətirib. Sənədin təfərrüatları məlum deyil, lakin bəzi mənbələrin məlumatına görə, müqavilənin Ermənistanın maraqlarına cavab vermədiyi iddia olunur.

 

 
Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR