İnsanlara hürriyət, millətlərə istiqlal!

Zalujni getdi - yeni baş komandan hədəfləri açıqladı

972 10.02.2024 09:12 Gündəm A A

Fikrət Yusifov: “Ukrayna Gürcüstanın yolunu gedir”

Ukrayna prezidenti Vladimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı təyin edib. Sırski yeni vəzifələri açıqlayıb. APA xəbər verir ki, bu barədə general Sırski “Telegram” hesabında paylaşım edib.

“Gündəlikdə yeni vəzifələr var. Bu, ilk növbədə, cəbhənin beynəlxalq tərəfdaşlardan gələn ən son silahlara olan tələbatını nəzərə almaqla, bütün hərbi idarəetmə orqanlarının, birləşmələrin və hissələrin hərəkətlərinin aydın və ətraflı planlaşdırılmasıdır. Döyüş bölmələri üçün lazım olan hər şeyin ən sürətli və rasional bölüşdürülməsi və çatdırılması hərbi logistikanın əsas vəzifəsi idi və qalır. Cəbhənin bütün ehtiyaclarını istisnasız bilmək və onun hər bir bölgəsində vəziyyətdən xəbərdar olmaq bütün səviyyələrdə qərargahların vəzifəsidir. İdeyaların və planların inkişafı və uğurla həyata keçirilməsi üçün həlledici amil hərbi idarənin şəxsi heyətinin ixtisaslı olmasıdır.

Hərbçilərin həyatı və sağlamlığı həmişə Ukrayna ordusunun əsas dəyəri olub və belədir. Buna görə də döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bölmələrin bərpası və şəxsi heyətin hazırlığının intensivləşdirilməsi arasında tarazlığın qorunması həmişəkindən daha aktual olaraq qalır.

Yeni texniki həllərin tətbiqi və uğurlu təcrübənin genişləndirilməsi, məsələn, pilotsuz uçuş sistemlərin, müasir radioelektron müharibə vasitələrinin tətbiqi azadlıq müharibəmizdə qələbənin qurulmasının gələcək vektorlarından biridir.

Yalnız döyüş vasitələrinin və üsullarının dəyişməsi və daim təkmilləşdirilməsi bu yolda uğur qazanmağa imkan verəcəkdir. Amma təbii ki, etibarlı arxa cəbhə müharibədə ümumi uğurun əsas komponentlərindən biridir", - baş komandan bildirib.

Siyasi ekspertlər bu qərarı kifayət qədər ciddi hesab edirlər. Hətta bunu təəccüblə qarşılayanlar da az deyil. Buna səbəb də Zalujninin kifayət qədər ciddi fiqur olmasıdır. 

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Ukraynanın Gürcüstanın yolunu getdiyini düşünür: “Mən dəfələrlə bu barədə yazmışam. Bizim bir çoxumuz Ukrayna ilə bağlı məsələlərin köklərini dərindən araşdıra bilmirik. Bu isə ondan irəli gəlir ki, biz Qərbin demokratiya, insan haqları kimi dəyərlərə gerçəkdən sədaqətli olduğuna inanırıq. Dəfələrlə demişəm, bir daha təkrar edirəm - dünyada siyasət və geosiyasət yoxdur! Siyasət və geosiyasət adlanan bu oyunların arxasında biznes - iqtisadi maraqlar dayanır. Bu maraqlar ortada olduqca Qərb də Ukrayna, Ermənistan, Gürcüstan və bu kimi digər ölkələrdən o maraqları reallaşdırmaq aləti kimi istifadə edəcəkdir. 

Gəlin ardıcıllıqla baxaq. Öncə Gürcüstanda nələr baş verdi? Mixail Saakaşvilini hakimiyyətə Qərb gətirdi. O, iki müddət Gürcüstana rəhbərlik edib, əski sovetlər məkanının “vor zakon” ixrac edən bir ölkəsindən Qərbin də istədiyi demokratik dəyərlərlə yaşamağa başlayan bir ölkə yaratdı. Saakaşvili ölkəsinin demokratiyaya doğru 100 illik yolunu ən azından 10 dəfə qısalda bildi. O bunu gerçəkdən bacardı. Qərb də ilk vaxtlar buna bəh-bəh deyib əl çaldı. Bəs sonra nə baş verdi? Bunu hamı bilir. Gürcüstanda hakimiyyətə Rusiyanın yaxın adamı Bdzina İvanaşvili sahibləndi və o, ilk fürsətdə Saakaşvilini həbsxanaya atdırdı. Bu gün Saakaşvili Gürcüstan türməsində can verir, Qərb isə Saakaşvilini artıq çoxdan dəfn edib. Bu gün Qərb Gürcüstanda baş vermis demokratiya oyunlarını eynilə Ermənistanda oynayır. Qərb eyni oyunu, bir başqa formada Zelenski ilə oynayır. Çox təəssüf edirəm ki, bütün bu baş verənləri bizdə olan əksər siyasi şərhçilər real dəyərləndirə bilmirlər. Hamı demokratiya uğrunda mübariz olub, Ukraynanın bu müharibədə qalib gələcəyini israr edir. Mən də çox istərdim ki, Ukrayna bu müharibədə qalib gəlsin, ancaq Ukrayna bu müharibəni artıq çoxdan uduzub. Qərb Gürcüstanı öz maraqlarına necə qurban verdisə, bu gün də eyni qaydada Ukraynanı qurban verir. Ukraynaya edilən bütün yardımlar isə Qərb üçün sadəcə qəpik-quruş qədər xərcdir. Bu gün Qərbdə 30 trliyon dollara qədər sərbəst vəsait dolanır. Onun bir neçə yüz milyard dollarını Ukraynaya “yardım” kimi istifadə etmək heç problem deyil. Əvəzində Qərb yaxın gələcəkdə dünyanın yenidən bölgüsündə böyük paylara sahiblənməyi hədəfləyir. Bax, Qərbin Ukrayna üzərindən bu gün yürütdüyü “geosiyasətin” əsl mahiyyəti budur. Qarşıda dünyanın iqtisadi və siyasi xəritəsinin yenidən çəkilməsi kimi ciddi proseslər dayanır. Qərb öz oyunlarını bunun üzərindən qurur.

Avropa Parlamentinin Rusiyada bu ilin mart ayında keçiriləcək prezident seçkisinə münasibəti bütün bu dediklərimizi açıq şəkildə təsdiq edir. Bu bir daha Qərbin Ukrayna üzərindən hansı oyunlar oynadığının aydın sübutudur. Qərbi Gürcüstan, Ukrayna və Ermənistan kimi ölkələrdə demokratiyanın, insan azadlığının olub-olmaması heç vaxt düşündürməyib. Qərb bütün bu “alətlərlə” öz strateji hədəflərinə doğru irəliləyir. 

Qərbin Azərbaycana qarşı aqressiyası isə Azərbaycan hökumətinin bu oyunlara getməməsindən qaynaqlanır. Onlar Azərbaycanın bu oyunlara getməməsini, sadəcə, həzm edə bilmirlər. Çox təəssüf edirəm ki, bütün bu oyunları bizdəki analitiklərin bir çoxu başa düşmür. Qərbin Ukraynaya silah verməsi Ukraynanın bu müharibədə qələbəsini təmin edə bilməz. Ən azından ona görə ki, Qərb Rusiyanın bu müharibədə uduzmasını istəmir".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Zalujninin istefaya göndərilməsinin uzun zaman sürən fikir ayrılıqlarının nəticəsi olduğunu düşünür: “Çox güman ki, istefaya qədər onunla yaranmış situasiya ilə bağlı uzun müddət müzakirələr aparılıb. Görünür ki, nəticə müsbət olmadığından belə bir qərar verilməsi məcburiyyətində qalıblar. Ukrayna mətbuatının bir hissəsi bu istefanın səbəblərini Zalujninin 2024-cü il üçün hərbi əməliyyatlar planını hazırlamamaqda, ümumi səfərbərliyin edilməsinin onun işi olmadığını, siyasətçilərin işi olduğunu deməsində və bu kimi başqa fikir ayrılıqlarında olduğunu göstərirlər. Başqa tərəf isə Zalujninin artıq siyasi fiqura çevirildiyini və dövlət başçısı iddialarının yarandığını səbəb kimi göstərirlər. Əslində bu versiya da havadan yaranmayıb. Ukraynanın ən böyük dəstəkçilərindən biri Böyük Britaniyadır. Son 1 ildə Britaniya rəsmilərinin, hərbiçilərinin, xüsusi xidmət orqanları rəhbərlərinin Prezident Adminstrasiyasının başı üzərindən birbaşa Zalujni ilə görüşmələri faktları var. Bu da rəsmi Londonun növbəti dövr üçün kimi prezident görməsi anlamına gələ bilər. Ümumiyyətlə, bu məsələdə Almaniya da Kiyev meri Kliçko ilə yaxından təmasdadır. Hesab edirəm ki, bu istefanı ordunun içində müsbət qarşılamayanlar da olacaq. Amma onların bu hadisəyə hansı şəkildə reaksiya verəcəyini indidən demək olmaz. Zalujni kifayət qədər millətçi olduğundan yəqin ki, bu istefa səbəbindən ordu içində hansısa parçalanma yaranmasına imkan verməməyə çalışacaq, əlindən gələn qədər Rusiyaya qarşı müqavimətin artmasında və güclənməsində dəstəyini göstərəcək. Çünki İstənilən halda onun ölkədə nüfuzu hələ də yüksəkdir və bu nüfuzun ona gələcəkdə hələ çox lazım olacağını yaxşı bilir”. 

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO – Yeni Çağ Media

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd əslində Zalujni ilə yolların yaydan ayrıldığını qeyd etdi: “Valeri Zalujni danışmağa, problemləri, çatışmazlıqları dilə gətirməyə başlamışdı. Bunu bir çoxları Zalujninin siyasətə qarışması kimi şərh edirdi. Məsələ ondadır ki, Zalujni reallıqları dilə gətirirdi. O, Ali Radada bildirdi ki, ya sfərbərlik qanunu qəbul edilsin, ya da deputatlar gəlib döyüşsünlər. Bu məsələdə Zalujnini haqlı hesab edirəm. Çünki müharibə gedən ölkənin səfərbərliklə bağlı qanunu hələ də qəbul edilməyib. Elə fikir formalaşdırırlar ki, komandan ancaq döyüşməlidir. Belə anlayış yoxdur. Komandan əgər öndə döyüşənləri dəyişməyə əsgər tapmırsa, lazımi qədər silah, sursat, texnika ilə təmin edilmirsə, necə döyüşəcək? Belə olan halda təbii ki, danışmağa başlayacaq. Nəzərə almaq lazımdır ki, Zalujninin orduda çox ciddi aftoriteti var idi. Zelenski bundan da çəkinirdi. Zalujninin danışması əslində Qərb dairələrini də narahat edirdi. Çünki silah da tələb edirdi. Qərb isə lazımi qədər silah vermirdi. Biz artıq bir ildən çoxdur ki, "F-16" veriləcəyini eşidirik, ancaq hələ də bu barədə irəliləyiş yoxdur. Zelenski ilə Zalujni arasında gərginlik əslində ötən ilin yayından başladı. O zaman bütün Qərb mediası, elə Zelenskinin özü də əks-hücum əməliyyatları edəcəklərini bəyan etdilər. Sözdə bunu demək çox asandır. Bunu sahədə həyata keçirəcək şəxs Zalujni idi. Ancaq əməliyyatlar başlamazdan əvvəl yazırdıq ki, aviasiyasız əks-hücum mümkün deyil, heç bir nəticə verməyəcək, vermədi də. Məsələyə fərqli yöndən də yanaşmaq olar. Zalujni ilə Zelenki arasında orduda problemlərə gətirib çıxara bilərdi. Ona görə bu qərarın alındığı doğru görünür. Hesab edirəm ki, bu baxımdan Ukrayna adına bu qərar doğrudur. Ancaq bu, problemləri həll etməyəcək. Sırskin Quru Qoşunları komandanı idi. O, müharibənin ilk dövrləri Kiyevin müdafiəsini təşkil etmişdi. Uğurlu əməliyyatlar həyata keçirmişdi. Sırskinin də orduda avtoriteti var. Ancaq müharibənin gedişinə təsir etmək üçün Sırskin azdır, əsgər, silah, texnika və aviasiya lazımdır. Bunlar olmadan nəticə gözləmək ağılsızlıqdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR