İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yuxuda Aqil Babayevin imam olduğunu görürdüm" - 72 min manatı itirən zərərçəkən

993 26.10.2022 17:09 Kriminal A A

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesə jurnalistlər yenə də buraxılmayıb.

Prosesdə müdafiə tərəfi vəsatətlə çıxış edib. Onlar zərərçəkmişlərin bir-bir zala dəvət olunaraq ifadə vermələrini istəyiblər. Vəkillər bunu zərərçəkmişlərin iclasda təhqiredici sözlər işlətməsi ilə əsaslandırıblar. Məhkəmə vəsatəti təmin etməyib.

Bundan sonra zərərçəkmiş Kavə Rövşən ifadə verib. İttihama görə, Kavə Rövşən avtomobil və avtomobil aksesuarları ilə məşğul olub. Bu iş üzrə ona 72 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları zəkat qismində verdiyini deyib.

Kavə Rövşən qeyd edib ki, Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyənib. Sonralar isə hər gecə yuxuda onun imam olduğunu görüb: "Sonralar Aqil Babayev yuxularıma girməyə başladı. Tutaq ki, söhbət zamanı deyirdi qiyamət olacaq, bunu həmin gün yuxuda görürdüm. Deyirdi yağış yağacaq, gecə yuxuda görürdüm. Bundan əlavə, hər dəfə yuxuda Aqil Babayevin imam olduğunu görürdüm. Belə deyək ki, məni ovsunlamışdı. Bir sözlə, Aqil nə danışırdı, onu yuxuda görürdüm. Yuxumda görürdüm ki, Aqil imam mehdidir".

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

E.Məmmədəliyev
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR