İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yüksək bal yığmaq hələ yaxşı mütəxəssis olmaq deyil...” - uğurlu peşəni necə seçməli...

879 23.04.2024 12:10 Təhsil A A

Məleykə Abbaszadə: “Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”; ekspertlər deyir ki, abituriyentlər mütləq mütəxəssislərlə məsləhətləşməlidir, çünki...

“Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir. Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədrinin fikrincə, yalnız kifayət qədər bal toplamaq, hansısa ixtisasa qəbul olmaq düzgün yanaşma deyil: “Belə olduqda abituriyentlər 4 il itirirlər. Sual verməlidirlər, nə üçün o universitetə gedirlər, hansı ixtisasla məşğul olmaq istəyirlər? Gənclər arzulamağı bacarmalıdırlar. Arzuları onların gələcək həyatlarında yalnız hansısa maddi maraqlarla əlaqələndirilməməlidir. Nə ilə məşğul olacaqlar? Hansı töhfəni verə biləcəklər? Mütəxəssis kimi özlərini hansı sahədə görürlər? Bu suallara cavab tapmalıdırlar, özlərini aldatmasınlar. Çox zaman insanlar özlərini aldadırlar ki, "bacarıram, amma oxumuram". Bu, yalandır. Oxumağı bacaran oxuyur və nəticə əldə edir".

DİM sədri düzmü deyir? Sirr deyil ki, ali məktəblərin bir çox məzunu universitetdən sonra tamam fərqli ixtisasa üz tuturlar. Ya oxuduqları sahəyə həvəsləri olmadığı, ya da layiqli iş tapmadıqları üçün. 

Bəs dünyagörüşü hələ formalaşmayan gəncləri indidən gələcək üçün düzgün hədəf seçməyə necə yönəltməli? Burada daha çox valideyn rol oynamalıdır, yoxsa? Uğurlu peşəni necə seçməli? 

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, DİM sədri fikirlərində haqlıdır: “Hər il bizim müşahidə etdiyimiz fakt ondan ibarətdir ki, ali təhsil və orta ixtisas təhsili istiqamətində elektron ərizə qəbulunda iştirak edən abituriyentlərin böyük əksəriyyəti ixtisaslarını kortəbii şəkildə seçirlər. Bu da gələcəkdə əmək bazarında işsiz ordunun formalaşmasına gətirib çıxarır. Çünki onların seçdikləri ixtisasa faktiki olaraq əmək bazarında ehtiyac olmur. Digər tərəfdən, insanlar məcbur olub növbəti dövrdə ixtisasını dəyişməklə bağlı çətin bir vəziyyətlə üzləşirlər. İkinci ali təhsildən əlavə məcbur olub fərqli bir sahədə işləyirlər. Cəmiyyətimizdə buna nümunə kifayət qədər çoxdur. Ona görə yaxşı olar ki, hər il ali təhsil müəssisələrinə müraciət edən şəxslər mütləq mütəxəssislərlə məsləhətləşsinlər. Onlar əmək bazarında hansı ixtisaslara daha çox tələbat varsa, onlar haqda informasiya alıb istiqamətlərini götürməlidirlər. Bu prosesi erkən yaşdan tənzimləmək daha məqsədəuyğundur. Tədricən valideyn diqqət yetirməlidir, övladının marağı hansı istiqamətədir. Yuxarı sinfə gəlib çatdıqda hansısa mütəxəssislə görüşüb artıq övladının istiqamətlənməsinə qərar verməlidir. 8-ci sinifdə oxuyan bir şagird müəyyən ixtisaslarla bağlı müfəssəl informasiyaya sahib olmalıdır ki, doğru qərar verə bilsin. Yalnız belə olduğu təqdirdə görərik ki, hər kəs öz yerindədir və gələcəkdə ixtisasdəyişmə ilə bağlı problem yaşamırlar. Misal üçün, ali təhsil müəssisələri istiqamətində hazırda elektron ərizə qəbulu aparılır. Burada 40 mindən çox müraciət qeydə alınıb. Gözləntimiz ondan ibarətdir ki, proses yekunlaşanadək bu rəqəm 90 mindən çox olsun. Belə olarsa, bu il 60 min yer ayrılacaqsa, onsuz da 30-35 mindən çox insanın kənarda qalma ehtimalı var. Bununla paralel yenə də düzgün seçim aparmayanlar 70-80 faiz öz istədikləri ixtisasa qəbul ola bilməyib, tamam başqa sahəyə qəbul olacaqlar. Bu, əlbəttə ki, dövlətimiz üçün də prioritet istiqamətlər deyil. Ona görə valideynlər vaxtında düzgün qərar qəbul etmək üçün bu sahə üzrə ixtisaslaşmış şəxslərin fikrini almalıdır”. 

Rövşən Nəcəfov - Son müsahib (HEKAYƏ) » islahat.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rövşən Nəcəfov 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İnsanın peşəsi onun xarakterinə bağlıdır. İxtisas seçimi də şəxsin psixikası ilə assosiasiya olunur. Buna kənardan təhrik olmamalıdır. Zaman və seçim əsas meyarlardır. İnsanların zamanını bəzən doğmaları alır. "Düzgün ixtisas seçimi" odur ki, şəxsin istək və niyyətinə uyğun ixtisas seçimi edilməlidir. Gələcəklə bağlı düşüncə formalaşmadan insanları gələcəyə hazırlamaq olmur. İlk mərhələ şəxs öz gələcəyi haqqında geniş mənzərə yaratmalıdır. Alternativlər təqdim olunmalıdır ki, şəxs öz seçimində müqayisələr apara bilsin. 

Yüksək bal toplamaq bilik göstəricisi deyil və gələcəkdə şəxsin həmin ixtisasda uğurlu olacağına təsir etmir. Kifayət qədər nümunələr var ki, yüksək bal toplayıb ali məktəblərə qəbul olan şəxslər sonradan öz sahələrində əmək fəaliyyəti göstərmirlər. Dörd il kifayət qədər zamandır ki, insan özünü təkmilləşdirsin. Dörd il insanların həyatında boş zaman kimi yadda qalmamalıdır. Orta və ali məktəblərdə ixtisas seçimi ilə bağlı psixoloji maarifləndirmə işləri aparılmalıdır. Şəxslər bilməlidir ki, beş il və on il sonra onların həyatı necə olacaq. Gələcəklə bağlı təsəvvürü olmayan insanları gələcəyə hazırlamaq olmur. Valideynlər övladlarının ixtisas seçimində rol almamalıdır. Uşaqlar istək və niyyətlərinə uyğun ixtisas seçdikləri zaman onları gələcəyə hazırlaya bilərlər. İstək və niyyətin formalaşması üçün psixoloqa müraciət etmək lazımdır. Uşaqlar öz gələcəklərinə hazır olmalıdırlar". 

Ekspertlər onu da qeyd edir ki, ixtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına üç əsas amil - abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Abituriyentlər ötən illərin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmalıdırlar. Abituriyentlər mütləq şəkildə ötən ildə ixtisas qrupu üzrə eyni və daha çox bal toplayanların sayına və həmin ildəki plan yerlərinə baxmalıdır. Bəzi aşağı balla formalaşmış ixtisasların plan yerləri müqayisə edilməlidir. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı abituriyentləri yanılda bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR