İnsanlara hürriyət, millətlərə istiqlal!

Yortulmaqdan qorxmamağın fəsadları

1781 01.08.2023 13:30 Yazarlar A A

 

İnsanda gərək bir az qorxu, bir az məsuliyyət, bir az da ehtiyatlılıq olsun. Məsələn, insan şərlənməkdən, durduq yerdə davaya düşməkdən, başqasını təhqir və şantaj etməkdən qorxmalıdır.

Haqqını tələb etməli olduğu yerdə qorxan, qədeşlərin sözü olmasın, kanta atan adamlar var, amma “bu sözü deyərəm, yazaram, gəlib məni yortarlar” perspektivindən qorxmur. Elə bilir ki, gəlməzlər.

Meyxanaçı Rəşad Dağlının başına gələnlər bu qəbildəndir. Adam dünənə qədər məclislərdə şeirlərini deyir, pulunu qazanır, balalarını dolandırırdı, indi heç nə üstündə içəridədir.

“Heç nə üstündə” deyəndə, söhbət onun maşınına adam mindirib, bıçağa əl atmasına qədər olan prosesə aiddir, əslində, adam öldürdüyünə görə ona hələ az iş veriblər, güzəştə gediblər.

Bıçaqladığı şəxslə onun arasındakə telefon söhbətlərinin, yazışmanın detalları açıqlandıqca görürsən ki, Rəşadda elə bir günah olmayıb. Məsələnin məğzi odur ki, onun qətlə yetirdiyi adam yortulmaqdan qorxmayıb, məsuliyyət hiss etməyib, odla, bıçaqla, oxla oynayıb və o da bir növ öz cəzasını alıb.

O adamın bir sözükeçən yaxını, dostu olsaydı və ona desəydi ki, bir tanınmış adamı şərləmək, şantaj eləmək yaxşı şey deyil, təhlükəlidir, bu haqq-hesabın zibili çıxa bilər, etmə, eləmə, bəlkə də anlayar, yarı yoldan qayıdardı. Amma belə anlaşılır ki, mümkün olmazmış. Çünki içəriyə xırda bir cinayət üstə düşən bir gənc artıq oradan potensial qatil kimi çıxırsa və nəinki islah olunmur, hətta kriminal sferada təcrübəsi və ranqı artırsa, o zaman ona söz anlatmaq çətin olur.

Başqa sözlə, türmələr məktəbdir. Gənc canilər orada kurs keçir, püxtələşir, sənətin qanun-qaydalarını, kriminal fəaliyyətlə pul qazanmağın yol-yolağasını öyrənir və bu “universitet”dən peşəkar kadr kimi məzun olurlar. Rəşad Dağlının vurduğu adam da içəriyə narkotik alverçisi kimi düşmüş, türkün sözü, gözüqara şantajçı kimi çıxmışdı. (Anadolu türkləri “gözüqara” deyərkən qorxmaz adamı nəzərdə tuturlar).

Bəlkə də o, Rəşaddan qopartmaq istədiyi 3 min manatı ala bilsəydi, gedib Orxan Lokbatanlını, Balaəlini, Mehman Əhmədlini də şantaj edəcəkdi. Çünki bilirdi ki, pul onlardadır və bu peşənin adamları üstlərinə “üzdəniraq” adı qoyulmasına dözə bilməzlər.

Bu biri avropoid şairlərə baxmayın, bunların bir çoxuna “üzdəniraq” deyilsə, cırnamazlar, hətta üstünlük sayar, Avropada işlərinin rəvan gedəcəyini düşünərlər. Amma meyxana şairləri üçün cinsi azlıq nümayəndəsi adlandırılmaq ölümə bərabər bir şeydir. Ondan sonra adam ya gərək gedib özünü, ya da kimisə öldürsün ki, bu ad ona yapışmasın.

Bu baxımdan Rəşad Dağlının başqa yolu olmayıb. Bu ölkənin, xüsusilə də yarımadanın yazılmamış qanunlarına görə, onun məruz qaldığı şantajın axırında kimsə ölməliydi – ya bu sözü həqiqətən deyən, ya onu özündən uyduran, ya da cinsi azlıq olduğu sübut edilən.

Əgər İsgəndər Rəşad Dağlıya onu “üzdəniraq” adlandıranın kimliyini desəydi, özü salamat qalacaq, həmin adam vurulacaqdı. Amma böyük ehtimalla ortada belə biri olmayıb və meyxanaçı qardaş da məcbur qalıb ki, sözü uyduranı və onu şantaj edəni öldürsün. Rəşadın özünü öldürməsi düz gəlməzdi, adı pis çıxardı.

İndi kimsə deyə bilər ki, axı bu vəhşilikdir, belə münaqişələri hüquqi müstəvidə, qanunların gücü ilə həll etmək lazımdır. Elədir. Amma Abşeron yarımadasında, eləcə də o biri mahallarda üzünə qarşı “üzdəniraq” deyilən adamlar polisə, məhkəməyə qaçmazlar, qaçsalar, dallarınca hamı yüz faiz belə deyər: “Ala, bu da vərdi peyserə, petux kimi qaçdı polisə”.

Vəssalam. Adamın karyerası, çayçıya, kişi içinə çıxması bitdi.

Bax, o gün bir nəfər də məsuliyyətsizlik, qormazlıq etmiş, sosial şəbəkədə bir neçə adamın adını çəkərək təhlükəli şeylər yazmışdı. Onun bəxti onda gətirmişdi ki, buralarda deyil. Yoxsa adı çəkilənlərdən birinin əzizi onun iş yerinə gedər, ya da yaşadığı mənzilin blokunun ağzında dayanıb evə gəlməsini gözləyər və qəfildən qabağına çıxıb deyər: “İndi o dediklərinin arxasında durursanmı?”

Əgər adam qorxmaz biridirsə, “bəli, yazmışam, lap yaxşı eləmişəm” deyə bilər, yox, qorxaqdırsa, yalvar-yaxar edər, üzr istəyər. İkinci halda bəlkə də o, şillə-şapalaqla canını qurtara bilər, amma birinci halda, çətin olar. Çünki onun qapısına qədər gəlib cavab tələb edən oğlan ona görə gəlməyib ki, “əcəb eləmişəm” cavabı eşitsin.

Ona görə də gərək heç kəs özünü tam əminlikdə hiss edib, başqalarını şantaj, təhqir etməsin və düşünməsin ki, ona heç nə edə bilməzlər. Edərlər. Necə ki, edirlər. Hökumət köməyə gələndə də gec olur. 

Atalar deyib ki, ehtiyatlı igidin anası ağlamaz. Bu cümləyə bir “məsuliyyətli” kəlməsi də artırılmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR