İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yəqin özünü Fətullaha oxşadır...” – Elşən Musayevdən Cəmil Həsənliyə sərt sözlər!

2248 14.07.2023 22:40 Yazarlar A A

Dünyanın sonunun gəldiyini bildirən əlamət zəlzələlər, sellər, daşqınlar deyil. Dünyanın sonunun gəldiyini bildirən əlamət xəstəliklərin artması, şeytanın daha iri masştapda insan qəlblərinə girməsi-filan da deyil! Dünyanın sonunun gəldiyini bildirən əlamət bu günə qədər tanıdığımız və tanıya biləcəyimiz ən rəzil, ən yöndəmsiz, ən “axırıncı” adamın – Cəmil Həsənlinin başqa şeydən yox, məhz ədalətdən danışmasıdır! Üstəlik, Arif Məmmədov adında “qaçaq” və Qubad adında “qıpçaq”la bərabər!

Bu naftalin qoxulu siyasətçi son zamanlar yenə feysbuk və Qənimətin “Azadlıq qəzeti” üzərindən peydahlanıb və insanlara çamur atmaqla məşğuldur. Əvvəl mənim haqqımda yalan informasiya yaydı, sonra başqa imza ilə hakimiyyət haqda yaramaz bir yazı qələmə aldı və indi də “Yeni Müsavat”ı, Rauf Arifoğlunu hədəfə alıb. İddia isə budur ki, danışılası başqa məsələlər varkən niyə bizim üçlüyün yaratdığı “Azərbaycan Gənclərinin Təhsil Fondu”nu hədəfə almısız?

Başlayaq elə həmin fonddan! Fond və Cəmil Həsənli. Cəmil Həsənli və Fond. Ya da Fond və Arif Məmmədov. Arif Məmmədov və Fond. Qubad da həmçinin. Həmahənglik varmı? Uyğunluq sezilirmi? Xeyr! Tam tərsi: Eynən qurd və quzu, ilan və yarpız kimi səslənir. Çün, dələduzluğun nəzəriyyəsini yazan kəslərdir, bunlar. Qabaq düşməyə, hər işdən faiz götürməyə, milli maraqları “topdan” satmağa, erməni qucağında oturmağa bəhanə gəzən dəllallardır, bunlar. Professor obrazında dağıdıcı, pozucu prosessor rolunu oynayan, elmdən, təhsildən, mədəniyyətdən bixəbər “mənəviyyat bomjları”dır, bunlar!

Beləsi tələbəmi düşünər, kiməsə dayaqmı durar, ehtiyacı olana əlmi uzadar? Əsla!

***

Cəmil Həsənli erməni qrantları ilə London “gecəqondu”larında 6 ay səfil həyatı yaşayandan sonra mitilini atdılar bayıra. Bakıya qayıdıb. O gün “Dəniz Mall”ın həndəvərində gördüm. Əli ətəyindən uzun gəzirdi. Arif Məmmədov bildiyim qədər Avropada taksi sürür. “Uber”də çalışır. Qubad İbadoğlu isə...

Və fond yaradırlar! Hansı gününüzə? Hansı halınızla? Hansı imicinizlə? Hansı nüfuzunuzla?!

Təbii, məram başqadır. Yeni “pul silmə” yolu tapıblar. Yəqin özlərini Fətullaha, Sorosa oxşadırlar. Təhsil üzərindən yeni şəbəkə, mövcud hakimiyyətə qarşı müxalif tələbə elektoratı yaratmaq istəyirlər.

Həm də “quş” ağılları ilə! Sərçə beyinləri ilə!

“Anti-milli Şura”da bədbəxt elədiyiniz gənclər azdır, bir də təhsil adı ilə növbəti qurbanlarınızın siyahısını hazırlayın. AXCP-nin qaramat və səviyyəsiz mühitində çürütdüyünüz, məhv etdiyiniz, arxasından qaçdığınız, 30 il boyunca qanunsuz mitinqlərə, aksiyalara, müxtəlif cinayətlərə sövq etdiyiniz zavallılar azdır, bir də fond adı ilə bu sıraya yenilərini əlavə edin. Edin və gülün. Gülün və sevinin. Çünki insan faciələri sizin kimi qansızların, vicdansızların çöhrəsində sevinc yarada bilən əsas səbəbdir!

O ki qala, danışılası məsələlərə...Danışılası məsələ indi sülhdür, erməninin tərkisilah olmasıdır, Azərbaycanın qələbəsidir, günü-gündən artan gücümüz, bölgədə möhkəmlənən mövqeyimizdir! Danışdınmı bu barədə heç, ay Cəmil Həsənli? Şuşa işğaldan azad olunanda sevindinmi? Ağzını açıb bir kəlmə söz söylədinmi? Yox, söyləmədin. Amma kövrək, həssas mövzularla, qurşaqdan aşağı zərbələrlə hakimiyyəti zədələmək, nüfuzdan salmaq üçün bütün mümkün imkanlardan istifadə elədin. Həm də xasiyyətinə və xislətinə uyğun əxlaqsızlıqla!

Bir dəfə də demişdim: “Zamanında Qarabağı satanlar bu gün Qarabağı geri qaytaranları ittiham edir!.” Ədalətin kor qaldığı yer bax budur! Ədalət məhfumunun anasının ağlar qoyulduğu məqam bax budur! Əli Kərimlinin qarışdırdığı qır qazanında, təbliğ elədiyi dəyərlər modelində, AXCP və radikal müxalifətin iyrənc kuluarlarında ədalətin meyarı, kodeksi, indeksi, baxış bucağı bax budur!

Ən sonda: Cəmil Həsənli haqda son yazımdan sonra əziz dostlardan biri telefonuma belə bir mətndə mesaj yazdı: “Qardaş, məqalədə qeyd etmisən ki, Cəmil Həsənli Prezidentin ona bağışladığı evin qabağını özəlləşdirib və obyekt edib. Nəzərinə bir məqamı çatdırım: Cəmil nəinki obyektin özünü, hətta həmin obyektə məxsus torpağın altını belə özəlləşdirib. Lap çoxdan!”

Elə bu mesajdan sonra ağlıma bir ideya gəldi, ay Cəmil..

Madam ki, “ALT” özəlləşdirmək üzrə də pərgarsan, o zaman sən canı, dar kafanda gizlənən “şüurALTını” da özəlləşdir...Özəlləşdir ki, erməni ordan, London fürsətçiləri burdan, inkir-minkir o biri tərəfdən, pul müqabilində namus satanlar başqa tərəfdən həmin “şüuraltı”nı istədikləri qiymət müqabilində dağıda, deşə, aşsüzənə döndərə bilməsinlər...

Elə Fondun “kupça”sını da öz adına yazdır. Ariflə Qubada çox güvənmə.

Çün, onlar sərgilədikləri tərbiyə və əxlaqla Paşinyanın bütün ölənlərinə rəhmət oxutduran adamlardır...

 

Elşən Musayev, Milli Məclisin deputatı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR