İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni hava limanları üçün biznes-planım

2012 12.07.2022 10:19 Yazarlar A A

 

“Dedim, könül, nə düşübsən həvəsdən,
Şamama dərərəm, tağ inciməsin.
Bu fani dünyadan bir köç eylərəm,
Aran qəmgin olub, dağ inciməsin”

(Aşıq Alı)

Fikir versəniz, dünyanın gün vuran ölkələrində ideyalar üçün münbit iqlim şəraiti vardır. Norveçdə, Kanadada, Danimarkada insanlar soyuqdan əziyyət çəkir, titrəyirlər. Ekvatorial Qvineyada, Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində və bizim gözəl Bakıda isə daim günəşli havadır. Günəş beynimizi qaynadır, istidən orda cürbəcür fikirlər yaranır. Bəşər tarixində bir çox dahi şəxsiyyətlər ekvatora yaxın bölgələrdən çıxmışdır. Bunlardan qeyd edə bilərəm Zaur Kamal, Tolik, Afşin Azəri, Roza Zərgərli, yağış suyundan enerji alan uşağı və qeyri-təvazökarlıq olmasın, şəxsən özümü.

Özümü qeyd eləməyim səbəbsiz deyil. Bugünlərdə yenə gün təpəmdən vuranda ağlıma çox maraqlı fikir, ideya, biznes-plan gəldi: Gürcüstanda aeroport qayırmaq. Niyə biz bu işlə məşğul olmuruq? Yaxşı gəlir götürmək mümkündür. Çünki Azərbaycandan xaricə uçmaq baha başa gəlir. Örnək üçün, Bakıdan İstanbula gedib qayıtmaq 600-900 manat arası dəyişirsə, eyni marşrut Tiflisdən 200-300 manat imiş. Xalq məcbur olur getsin Tiflisə, ordan uçsun. Özündən misal gətirmək olmasın, bir dəfə 4-5 il qabaq eyni marşrutu ailəlikcə ölçmüşük. Bakıdan avtobusla getdik Tiflisə, ordan uçduq Türkiyəyə. Qayıdanda da eyni yolla endik Tiflisə, ordan taksi tutub gəldik Qazax sərhədinə, dəxi bir taksiyə əyləşib şütüdük üzü Bakıya. Şəhərə çatanda da ürəkdən dedik: “Bakı, sabahın xeyir”. Hərçənd, axşama yaxın idi, ancaq Bakı üzümüzə vurmadı, bizi qucaqladı.  

Düzdür, ordan düş, bura min, oranın sərhədini adla, çamadanı sürü (Gürcüstana keçmək üçün xeyli piyada yol getməlisən), sərhədçiylə ağızlaş, taksiçi ilə razılaş – bunlar hamısı adamın anasını ağladır, zəhləsini tökür, səfərin hətta xoş məqsədli olsa bunu burnundan gətirir. Ancaq nə dəxli? Əsas odur bu marşrut eyni yolu Bakıdan uçmaqdan 2, bəzən 3 dəfə ucuz başa gəlir.

Gələk indi mənim biznes-ideyama. Bildiyiniz kimi, son illərdə ölkəmizin bir çox regionlarında yeni hava limanları tikilib zəhmətkeşlərin istifadəsinə verilmişdir. Di gəl namərd zəhmətkeşlər, yuxarıda yazdığım kimi, bu limanlardan yararlanmaq istəmir. Zaqatala, Lənkəran, Qəbələ, Füzuli, Beyləqan, Sabirabad, Kürdəmir, Zərdab, Samux, Şabran beynəlxalq aeroportları günün altında yanır. Nə enən var, nə qalxan, türkün sözü. Əgər vətəndaşlarımız Gürcüstandan uçursa, biz aeroportu niyə onlara sərfəli, yaxın, ucuz yerlərdə tikməyək? Kutaisidə, Bolnisidə, Qardabanidə, Laqodexidə bunun üçün boş çöllər tapmaq çətin deyildir. Tək Tiflis aeroportu bizim nəqliyyat imkanlarımız üçün azdır.    

Sonda Qarabağ qazisi Məğrub Bədəlsoyun məktubundan bir parça: “Hüquqların bayramı” adlı yazınızda hər bir vətəndaşın Konstitusiya Məhkəməsinə müraciət hüququ olduğuna toxunmuşdunuz. Mən sizə bildirim ki, KM sədrinin bu mövzuda açıqlaması vətəndaşları aldatmaqdan başqa bir şey deyil. Şəxsən mənim indiyə qədər KM-ə üç şikayətimə baxılmayıb. Heç şikayətlərə niyə baxılmadığı haqda qərarı da mənə vermirlər, hardasa it-bata salırlar ki, sonra bu qərarlardan Avropa Məhkəməsinə şikayət edə bilməyim. Özbaşınalıqdır”.

Məncə hörmətli qazimiz özbaşınalıqdan öz məqsədləri üçün istifadə edərək özü də özbaşına ola bilər. Gör nə qədər azadlıq, sərbəstlik şəraitindəyik. Buna görə mən şəxsən minnətdarlıq teleqramı vuracağam, qoy bir az sərin düşsün. İndi teleqram vurmağa getsəm günvurma olaram.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR