İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Eskobarın zühuru – banan ölkəsi Ekvadoru nə neft xilas edir, nə də demokratiya

1686 10.01.2024 14:45 Dünya A A

Mərkəzi və Cənubi Amerikada yerləşən ölkələrinin əsas bəlası əndazəsini aşmış narkotik qaçaqmalçılığı, kütləviləşən cinayətkarlıq, davam edən kasıbçılıqdır. Meksikadan tutmuş Boliviyaya qədər milyonlarla insan güzəranını narkotik maddələr istehsalı və ticarətilə təmin etməyə çalışır.

Afrikadan sonra ən kasıb ölkələr bu regionda yerləşir. Ekvador Mərkəzi və Cənubi Amerikanın ən kasıb ölkələri arasında beşincidir. Ondan qabaqkı yerləri Haiti, Honduras, Nikaraqua və Boliviya tutur.

Bu günlərdə Ekvadorun adı dünya mediasının gündəminə Los Lobos həbsxanada törədilən qiyama və iki mafiya liderinin həbsxanadan və ölkədən qaçmasına görə çıxıb.

Qaçan şəxs ölkənin ən böyük ikinci cinayətkar qruplaşmasının lideri Fabrisio Kolon Pikodur. Bu günlərdə onu başqa cəzaçəkmə müəssisinə köçürməliymişlər. Həbsxanada qiyamı və iğtişaşı onun tərəfdarları bu səbəbdən törədiblər ki, liderlərinin köçürüldüyü yeni türmənin qayda-qanunları daha sərt olacaq və o, qaça bilməyəcək. Məhbuslar öz liderlərinin türmədən qaçmasını təmin etmək üçün partlayıcı maddələr, daşlar və odlu silahlardan istifadə edərək təhlükəsizlik qüvvələrinə və nəzrətçilərə hücum ediblər. Polis onların öhdəsindən gələ bilməyib.

piko.JPG (28 KB)

Nəticədə “Kapitan Piko” ilə birlikdə həbsxanadan 30-dan çox adam qaçıb. Onların 20-si ələ keçsə də, hələlik baş mafiozun harada gizləndiyi məlum deyil. Güman olunur ki, o, Ekvadarun hüdudlarından kənardadır.

Pikonun cinayətkar dəstəsi narkotik ticarəti üzrə ixtisaslaşıb. Ötən ilin məlumatına görə, qrupun 8 min üzvü var. Bu “ordu” ölkənin ən böyük canilər dəstəsi olan “Los Çoneros”dan ayrılıb. Onun lideri isə Fito kimi tanınan Adolfo Makias Villamardır. Bu həftə Fito da həbsxanadan qaçıb.

Fabrisio Kolon Piko yanvarın 5-də saxlanılıbmış. Ona adam oğurluğu ilə bağlı ittiham irəli sürülüb. Həmçinin Piko Ekvadorun baş prokuroru Diana Salazarın həyatına sui-qəsd hazırlamaqda şübhəli bilinir.

ekva.jpg (26 KB)

Bax, Ekvador belə bir ölkədir. Bu ölkə 1830-cu ildə Qran-Kolumbiya Respublikasından ayrılıb. Ölkə ekvator xəttinin hər iki tərəfində yerləşdiyi üçün “Ekvador” adını buradan götürüb.

Ekvador tarixən daxili sabitliyi taraz olmayan, hərbi çevrilişlərlə zəngin olan, siyasi qarşıdurmaların səngimədiyi, hakimiyyət dəyişikliklərinin tez-tez baş verdiyi bir ölkədir. Müstəqil dövlət kimi fəaliyyət göstərdiyi 194 ildə bu ölkəyə 56 prezident rəhbərlik edib. Hazırda Ekvadorun prezidenti Daniel Noboa adlı 36 yaşlı bir gəncdir.

O, bu vəzifəyə ölkənin ən varlı biznesmeni olan atası Alvaro Noboanın sayəsində, onun nüfuzu və pulu ilə seçilib. Alvaro Noboa özü Ekvador prezidenti postuna 5 dəfə namizəd olsa da, hər dəfə daha güclü rəqibinə uduzub. Nəhayət o, özünə qismət olmayan prezident mandatına və kreslosuna oğlunun yiyələnməsini təşkil edə bilib.

noboa.jpg (71 KB)

Atası ispan, anası rus olan Daniel Noboa 36 yaşının tamamına 1 həftə qalımış, keçən ilin noyabr ayının 23-də keçirilən seçkilərin 2-ci turunda 52 faiz səs toplayaraq prezident seçilib. Prezidentliyinin 50 günü tamam olmamış iki mafiya liderinin türmədən qaçması göstərir ki, gənc prezidentin işi çətin olacaq – həm ölkənin itisadiyyatının dirçəldilməsi sahəsində, həm də kriminogen durum nəzarət altına alınması işində.

Ekvador iqtisadiyyatının əsasını neft hasilatı və ixracı təşkil edir. Neft sektorundan gələn mənfəət ölkənin ixrac gəlirlərinin yarıdan çoxunu təşkil edir. Bundan başqa, Ekvador dünyanın ən böyük banan ixracatçısıdır və bu sahə Noboa ailəsinin inhisarındadır.

2000-ci ildə Ekvador ağır iqtisadi böhranla üzləşib və xarici borclarını ödəyə bilməyib. 2000-ci ilin martında parlament bir sıra struktur islahatlarını, o cümlədən ABŞ dollarının Ekvadorun milli valyutası kimi dövriyyəyə buraxılmasını təsdiqləyib. Dollarlaşma iqtisadiyyatı sabitləşdirib və iqtisadi artım başlayıb. Lakin 2006-cı ildə hökumət Ekvadorda fəaliyyət göstərən xarici və özəl neft şirkətlərinə vergiləri kəskin şəkildə artırıb və bu, ölkənin neft sektorunun istehsalını dərhal kəskin şəkildə azaldıb. Bu, iqtisadi qeyri-sabitliyə gətirib çıxardı, özəl investisiyalar kəskin şəkildə azalıb və iqtisadiyyatın ümumi göstəriciləri aşağı düşüb.

Adambaşına düşən ümumi daxili məhsulun həcminə görə Ekvador dünyada 123-cü yeri tutur, işsizlik səviyyəsi yüksəkdir.

Ölkə əhalisinin bir xeylisinin narkokartellərə “könül verməsi” məhz kütləvi işsizlik üzündəndir.

Belə anlaşılır ki, dünyada ən tələb olunan meyvənin – bananın 1 nömrəli ixracatçısı olmaq, neft hasil etmək, demokratik seçkilər keçirmək hələ bir ölkənin əhalisinin kasıbçılıqdan qurtulmasına səbəb vermir, ölkə əhalisinin güzəranını təmin etmək üçün çox iş görmək, ağıllı siyasət yeritmək lazımdır.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR