İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni dünya nizamında Azərbaycan regional güc və birləşdirici amil kimi

1788 22.10.2022 17:43 Analitika A A

Dünya nizamının yenidən şəkillənməsi

Böyük dövlət quruculuğunun əsası olaraq iqtisadi güc, etnik amilləri vahid milli ideologiyada birləşdirmək və həmrəylik yaratmaq, yaxşı idarəçilik və dəyişən dünya nizamına müvafiq böyük ideyalar və platformalar təklif edə bilmək bacarıqları qeyd olunmalıdır. Əks-tezis olaraq, 190-dan çox xalqı vahid dövlət idarəsində birləşdirən Rusiyanın imperial dövlət olaraq əsrlər boyu yaşamasında tabe etdiyi xalqların iqtisadi baxımdan asılı, dövlətçiliyi yaradan və yaşadan ideoloji təməllər baxımından yoxsul olması və velikorus ideyasının müxtəlif nəzəriyyələr və yanaşmalar vasitəsilə yaşadılması vurğulana bilər. Odur ki, ötən əsrlərdə “xalqlar həbsxanasını” özündə iqtisadi güc və dövlətçilik ideologiyası tapan xalqlar tərk edə bilmişdi. Rusiyanın “arxa bağça” adlandırdığı ərazilərində boy atan azadlıq hərəkatları məhz həmin xalqların milli-mədəni ideologiyasını cücərtməsi ilə mümkün olmuşdu. Bu çərçivədə azərbaycanlıların 19-20-ci əsr boyu azadlıq uğrunda mübarizəsi və 1991-ci ildə müstəqilliyimizin bərpasından, xüsusilə 2020-ci ildə Zəfər təqviminə keçid etdikdən sonra, azadlığımızın, bütövlüyümüzün əbədi qorunması və əhalinin rifahında öz əksini tapacaq davamlı iqtisadi inkişaf ritminin əldə olunaraq gələcək nəsillərə ötürülməsi üçün  vahid ideoloji kurs, məsələn “Böyük Millət – Böyük Dövlət” ideologiyasının yaradılması dövrün tələbinə çevrilməkdədir.

e193e4a6-f1f1-359f-9f5e-8f9d21e4ebd8_850.jpg (63 KB)

Bunun uğurlu tətbiqi üçün ilk növbədə dövlətimizin dəyişən dünya nizamındakı hərəkətləri düzgün proqnoz edərək böyük dövlət amalına müvafiq davranışlar sərgiləməsi mütləqdir.

Müasir dünyada rəsmi olaraq imperiya adlanan dövlət olmasa da böyük dövlət maraqlarını fərqli forma və vasitələrlə yaşadan milli-dövlətlər vardır. Onları, Böyük 5-lik, 7-lik, 8-lik, yaxud Böyük 20-lik vs. cür qruplaşdırmaq olar. Müasir imperiyaların başında imperator dayanmaya da bilər, məsələn ABŞ “imperiyasının” başçısı prezident, “başındakı tacı” isə ABŞ demokratiyasıdır. Belə ki, ABŞ öz qlobal iddialarını dünyanın digər nöqtələrində demokratiya adlı cəzibədar ideologiya aləti ilə həyata keçirməkdədir. Lakin bu alət artıq istənilən bəhrəni vermədiyi üçün, ABŞ proksi-güclər, rəngli baharlar vasitəsilə yeni üsullara əl atır. Bununla belə ABŞ-ın demokratiya modelinin hər kəs üçün cazibədar olmadığı və girdiyi bir çox savaşlardan məğlub ayrıldığı faktı Amerikan cəmiyyəti tərəfindən qəbul edilir – Vyetnam, Əfqanıstan, Somali, Yəmən, Liviya... Dünya SSRİ-nin dağılması ilə yaranan ABŞ-ın liderliyindəki təkqütblü dünyadan çoxqütblülüyə doğru yol almaqdadır...1945-sonrası formalaşan dünya nizamının (BMT TŞ) 5-li stukturuna da etirazlar səslənir, Ərdoğandan sitat: “Dünya 5-dən böyükdür”. ABŞ-ın Müdafiə Naziri Jim Mattisin hələ 2017-ci ildə dediyi kimi, “Biz Əfqanıstanda qalib gəlmirik. Odur ki, tezliklə biz öz siyasətimizi korrektə edəcəyik”. Və digər bir Amerikan generalının CNN-ə söylədiyi kimi, “Biz orada məğlub olsaq belə geri çəkilə bilmərik, çünki bu kənardan pis görünər...” Lakin 2021-ci ildə ABŞ qoşunlarını Əfqanıstandan tamamilə çıxarmalı oldu.

afqanjpg-1620074728.jpg (224 KB)

Bu gün Rusiya Federasiyasının – “imperiya” və ya fövqəldövlətçiliyə namizəd region ölkəsinin 24 fevral 2022-ci il tarixində Ukraynada elan etdiyi “blitskriqinin” uğurlu olmamasına baxmayaraq hələ də geri çəkilmək istəməməsinin əsas səbəblərindən biri bənzər şəkildə belə ifadə oluna bilər: “Rusiya kənardan pis görünər...” Amma ABŞ Əfqanıstandan çıxdığı kimi Rusiya da Ukraynada işğal etdiyi ərazilərdə özünə qarşı güclü müqavimətlə rastlaşarsa (ki, rastlaşmaqdadır) gec və ya tez, oradan çıxmalı olacaq. Rusiyanın bir sıra mifləri, o cümlədən məğlubedilməz ordusu və velikorus ideyası, Rusiya-Osmanlı savaşları dönəmindən qalma “Rusiya - pravoslav xalqlarının qoruyucusu” yanaşması məhz Ukraynada məhv oldu. Rusiya öz dövlət/milli maraqları üçün ruslarla eyni dini inanclı, eyni etnik kökənli Ukrayna körpələrini bombalamaqdan çəkinmədi.

Bəlkə də Rusiya Qərbin kollektiv davranışının daha zəif olacağını düşünmüşdü. Belə ki, Qərb (o cümlədən ABŞ) Ukraynadakı müharibədə birbaşa iştirak etməsə də, Ukrayna səmasını uçuşa qadağan edilmiş zona elan etməyib Ukraynanı hava hücumlarından, o cümlədən minlərlə sivil insanın həyatını itirdiyi raket hücumlarından qorumasa da, yeni Lend-Liz qanunu qəbul edərək müxtəlif növ ən müasir odlu silahlarla, kəşfiyyat məlumatları ilə və humanitar yardımlarla ukraynalıları təmin edir. Həmçinin tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür, hərbisini İran PUA-larına, İran və Hindistan ballistik raketlərinə məcbur buraxır ki, bunun nəticəsində ABŞ-ın İraqa “demokratiya dərsi keçməsi” qədər Rusiyanın da Ukraynaya “anti-nasizm dərsi keçməsi” eyni dərəcəli fiasko ilə nəticələnməkdədir. Ukrayna prezidenti Zelenksi Krımı və Rusiya tərəfindən işğal olunmuş digər torpaqları geri almaqda iddialıdır. Lakin Qərb kəşfiyyatının sızdırdığı məlumata görə, Ukraynanın 2014-cü ildə itirdiyi Krımı geri alması bizim nəsil deyil, bəlkə növbəti, gələcək nəsillər tərəfindən həyata keçirilə bilər və bu proses ən azı 90 ildən çox vaxt tələb edəcəkdir. Ukraynanın inadlı mübarizəsi Rusiyanın sərt davranışlarını daha da təhrik edərək, işğal etdiyi əraziləri ilhaq etməsinə gətirib çıxardı: 23-27 sentyabrda başa tutan Donetsk, Luqansk, Zaparoje və Xersondakı psevdo-referendumların “nəticəsi” Rusiya tərəfindən tanındı və 7 ay ərzində ümumilikdə 108,8 min km2-dan çox Ukrayna ərazisi (məsələn, bir Kuba qədər, yaxud Bolqarıstandan biraz az ərazi) Rusiya tərəfindən işğal/ilhaq olundu. Beləliklə, Ukraynanın Rusiya tərəfindən qətiyyən qəbul edilməyən, hələ ki, de-jure rəsmiləşməsə də de-fakto mövcud NATO üzvlüyü və balansı pozaraq Qərb istiqamətindəki israrlı çabaları 4 rayonun Rusiyaya ilhaqına gətirib çıxardı. Halbuki, Qərb Ukraynanı dəfələrlə xəbərdar etmişdi: Almaniya Kansleri Şoltz 2022-ci ilin fevralında Münhen konfransında Ukraynanın NATO-ya qoşulmayacağını, balansı qorumasının zərurətini və potensial nəticələrini, o cümlədən Ukraynanın parçalanma təhlükəsini açıq formada Ukrayna rəhbərliyinə çatdırmışdı.

90978510-febb-33cf-a442-78fcaf4c8560_850.jpg (54 KB)

Rusiya Ukraynanın Qərb blokuna doğru addımlamasının qarşısını almaq üçün Ukraynanı nasizmdə, etnik rusları sıxışdırmaqda, ruslar yaşayan bölgələrdə etnik əsaslı terror törətməkdə günahlandırır. Halbuki vitrində duran demokratiya, yaxud anti-nasizm kimi ideoloji faktorların arxasındakı əsas ideyalar fərqlidir. İstər ABŞ, istərsə də Rusiya öz böyük dövlət maraqlarını təmin etməyə çalışaraq bu maraqların ən kiçik formada belə olsa zərər görəcəyi halların yaranma təhlükəsinə, hətta belə bir təhlükənin yaranma ehtimalına qarşı hücum siyasəti həyata keçirirlər. Bunun üçün xarici müdaxilə siyasəti işə düşür, məsələn, ABŞ mövcudluğu müddətində xarici ölkələrə 400 açıq (overt military intervention) və 6000-dən çox gizli hərbi müdaxilə (covert military intervention), həmçinin bir çox ölkələrdə seçkilərə müdaxilə həyata keçirmişdir. O cümlədən Rusiyanın öz “yaxın ətrafına” müdaxilələri NATO-nun Şərq istiqamətində genişlənməsilə yaratdığı hərbi təhdidə münasibət əsasında formalaşmaqla yanaşı, həm də rusların bu coğrafiyanı tarixi olaraq öz imperiyalarının bir parçası olaraq görməsi ilə də əlaqədardır.

Real-politika “Böyük 5-lik” dövlətlərinin yaratdığı bloklaşmalar arasındakı münasibətlərlə şəkillənir – Rusiya öz maraq coğrafiyasında MBD, Avrasiya İqtisadi Birliyi, KTMT-ni, Çin öz arealında Şanxay Əməkdaşlıq Təşkilatını, Fransa və Almaniya Avropa İttifaqını (European Union) təsis etmiş, ABŞ və Böyük Britaniya isə fövqəlgüc olaraq NATO, hərbi bazaları və iqtisadi strukturları (o cümlədən trans-milli korporasiyaları) ilə dünyanın hər bir nöqtəsində zühur etmişdi. Lakin 90-lardan 2020-lərə keçən 30 illik müddətdə bu bloklar daxilində tektonik çatlar əmələ gəlmiş, ayrılmalar və qopmalar beynəlxalq nizamın süxurlarını yerindən oynatmış, yeni bazalar, yeni iqtisadi-siyasi təsir arelları uğrunda mübarizədə yeni dünya nizamına aparan hadisələrin mərmiləri atılmışdır. Bu mərmilər bu gün Ukrayna səmasını zəbt edib. Ukraynanın çoxsaylı “səmamızı bağlayın” çağırışlarına kollektiv Qərb etinasız yanaşaraq, öz məsuliyyətini dərk edir, əks təqdirdə III dünya müharibəsi qaçınılmazdır.

muh3.jpg (374 KB)

Qlobal çaxnaşma dünyanın siyasi coğrafiyasını dəyişir, dünya nizamının köhnə ideoloji təməlləri dağılır – yeniləri inşa olunmalıdır və hazırkı vəziyyəti “yeni dünya nizamına keçid” dövrü adlandıra bilərik. Belə bir qlobal mənzərədə Azərbaycan nə Qərb, nə də Rusiya maraqlarının deyil, məhz öz milli maraqlarının keşiyində duraraq bu ikisi arasında orta, birləşdirici güc rolunda çıxış edir və qlobal güclər qarşısında tərəfsiz davranışı ilə rəsmi Bakı 1943-cü ilin Tehranını xatırladır. Azərbaycan iqtisadi-siyasi müstəqillik və torpaq bütövlüyünü təmin etmək üçün qətiyyətli və sərt duruş sərgiləməklə yanaşı, Cənubi Qafqaz regionunun lideri olaraq yeni geosiyasi reallıqlar yaradır, öz coğrafiyasında landşaft və infrastruktur dəyişikliklərini, qlobal əhəmiyyət daşıyan layihələri həyata keçirir və gələcəyin inşa olunmaqda olunan dünyəvi nizamında öz yerini qalib dövlətlər sırasında möhkəmləndirməyə çalışır.

Azərbaycan: Cənubi Qafqazın regional gücü, Qərblə Şərq arasındakı birləşdirici amil

Qəribə təsadüfdür – vaxtilə Soyuq Müharibə epoxası I Qarabağ müharibəsinin başlanması ilə sona çatmış, indi yeni dünya nizamına keçid də II Qarabağ müharibəsinin paralelində gerçəkləşməkdədir. Azərbaycan xalqı və dövləti üçün müqəddəs sayılan 44 gündə (27 sentyabr-10 noyabr 2020) yaranan və ideoloji təməllər üzərində ucalan yeni Azərbaycan və qalib azərbaycanlı obrazı dünya dövlətlərinin ölkəmizə marağını daha da artırır.

8c411d31996e99f4cd9bd63360638538_800.jpg (57 KB)

Yeni nizamda Azərbaycan öz mövqeyini uğurlu şəkildə təsis etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Ali baş komandanı cənab Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilən “3+3” formatına uyğun olaraq Azərbaycan 15 iyun 2021-ci il tarixində Türkiyə ilə “Müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini, 22 fevral 2022-ci il tarixində Rusiya ilə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Moskva Bəyannaməsini və 11 mart 2022-ci il tarixində İran ilə “Yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması haqqında” müqaviləni (bunu da Bakı Bəyannaməsi adlandıra bilərik) imzalamışdır. Bu formatla Azərbaycan özünün birbaşa sərhədlərində yerləşən qonşuları - daha böyük iddiaları, o cümlədən müxtəlif coğrafiyalarda maraqları olan və bir sıra hallarda bu maraqları toqquşan regional güclər ilə öz strateji, siyasi və iqtisadi maraqlarını uzlaşdırmış, beləliklə “imperial hədələrdən” yan qaçaraq yaxın və uzaq perspektivdə milli maraqlarının həyata keçirilməsi üçün qapı açmışdır. Bu qapının adı isə “Zəngəzur dəhlizi”dir. Bu qapıdan Şərqdən Qərbə və əks istiqamətdə uzanan enerji, logistika, ticarət və nəqliyyat kəmərləri keçəcəkdir. Bu dəhliz Çindən gəlib Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, oradan isə Türkiyəyə və Avropaya uzanmaqdadır.

Şərqi Zəngəzur ilə Naxçıvanı İran ərazisi vasitəsilə birləşdirən “Şərqi Zəngəzur dəhlizi” üzərində inşaat işləri artıq başlayıb, sentyabr ayında (2022) Araz çayı üzərindən Azərbaycanla İranı birləşdirəcək 216 metrlik Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub. Bu istiqamətdə avtomobil və dəmir yolu layihələri icra olunmaqdadır. Azərbaycanı Ermənistan ərazisi, yəni Qərbi Zəngəzur vasitəsilə Naxçıvanla, Türkiyəni Türk dünyası ilə birləşdirəcək, Turanı Çin və Avropa ilə birləşdirəcək əsas Zəngəzur dəhlizinin taleyi isə hələ ki, sülh masasındadır. Bu dəhlizin açılmasına İran tərəfi öz iqtisadi və təsir rıçaqlarını itirəcəyi üçün, hələ ki, bacardığı qədər mane olmağa çalışır, xüsusilə Araz boyu hərbi təlimləri ilə ölkəmizə güc, yaxud “gövdə göstərisi” edir. Lakin, İranın bir sıra qeyri-rəsmi kanallarla, o cümlədən SEPAH vasitəsilə ölkəmizə qarşı yağdırdığı təhdidlər, Araz çayını keçə biləcəklərinə dair yaradılan təəssürat görüntüdən başqa birşey deyildir. Aİ-nin Mərkəzi Asiya resursları və imkanlarında, həmçinin bu coğrafiyaya çıxan ən qısa yolda maraqlı olduğu üçün, həmçinin Rusiyanın Ukrayna müharibəsi səbəbilə bir sıra nəqliyyat-logistika imkanlarını itirdiyi bir vaxtda Zəngəzurda koridor üzərində nəzarət funksiyasını icra edəcəyi üçün bu dəhlizin açılması Aİ-Rusiya maraqlarının Azərbaycan tərəfindən yaxınlaşdırılması anlamına gəlməkdədir.

Bu baxımdan, Azərbaycan həm Qərb, həm Rusiya maraqlarının kəsişdiyi, lakin toqquşmadığı əməkdaşlıq platforması yaradır. Bu, həm də Azərbaycanı regional şəbəkəyə çevirərək külli miqdarda investisiyaların regiona axmasına səbəbiyyət verərək, Azərbaycan vətəndaşlarının gələcək həyat standartlarının yüksəlməsi ilə müşayiət olunacaq meqa bir layihədir. Bu layihədən Cənubi Qafqazın bütün sakinləri, o cümlədən ermənilər də faydalana bilər. Ermənistanın dərin ağlı bu dəhlizi öz ərazisindən keçirməyə hələ ki, yetmir. Bu məsələdə İranın dəstəyinə ümid bəsləyən ermənilər Ukraynada rus əsgərlərinin başına od yağdıran “Bayraktar”ların istehsalçı ölkəsi-Türkiyənin xarici işlər nazirinin rusiyalı həmkarı Seygey Lavrov tərəfindən qucaqlanaraq qarşılanmasını, Türkiyənin Ukrayna məsələsində sərgilədiyi mövqeyə görə Rusiya tərəfindən ona təşəkkür bildirilməsini təlatümlə və böyük maraqla izləyir və bunun “məntiqini” anlamağa çalışırlar. Lakin bu anlama və qavrama prosesi tez baş versə Ermənistanın hələ ki, regional geopolitik oyunda iştirak etmək şansı vardır. Azərbaycan özü də bu mövzuda Ermənistana dərs keçə bilər. Ermənistandan fərqli olaraq Azərbaycanın həm Rusiya, həm də Qərb üçün etibarlı tərəfdaş olduğu hələ 44 günlük müharibədən əvvəl, 2019-cu ilin noyabr ayında Bakıda baş tutan NATO-Rusiya rəsmilərinin ikitərəfli görüşü sübut edirdi. NATO Hərbi Komitəsinin rəhbəri Stüart Piç ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda Heydər Əliyev Mərkəzində görüşməsi və regionun gələcək taleyinin məhz Azərbaycan masası ətrafında müzakirə edilməsi ermənilərə bir çox mətləblərdən xəbər verir.

bcd2a41bdb991f1f40bfd29d36871387.jpeg (81 KB)

Stalin, Ruzvelt və Çörçilin 1943-cü ilin noyabr-dekabr aylarında görüşərək II Dünya Müharibəsi sonrası dünyanın nizamını müəyyənləşdirdiyi Tehran müharibədən, xüsusilə Holokostdan qurtulmaq istəyənlərin müqəddəs məkanı idi. Burda həm də dünya strukturunun layihəsi müzakirə olunurdu. Məhz bu güclər o dövrdə İranın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qarantı olmuşdular. Bu gün də Bakı eyni missiyanı boynuna götürür və təsadüfi deyil ki, 2020-ci ildə öz ərazi bütövlüyünü, 30 ildir işğal altında olan torpaqları üzərindəki suverenliyini bərpa etmişdir. 1945-46-cı illərdə dünyada “dəmir pərdələrin” çəkilməyə başladığı dövrdə SSRİ-nin cənubda Azərbaycan Milli Hökümətini dəstəkləyərək 1945-ci ildə İranı parçalamaq və öz təsir arealını bu coğrafiyada da tətbiq etmək istəyinin qarşısını da məhz Qərb almış, SSRİ geri çəkilməyə məcbur edilmişdi. Bu gün Ukraynada Rus bombardmanından və Rusiyada səfərbərlik narahatlıqlarından xilas olmağa çalışan yəhudilər üçün də müvəqqəti sığınacaqların Azərbaycanda yaradılması təsadüfi deyil. İran və ya qeyri qüvvələr Azərbaycana hücum edərlərsə, məhz dünya güclərinin əks-mövqeyi ilə qarşılaşacağını yaxşı anlayırlar. Bakı, qlobal güclərin sülh və əməkdaşlıq, gələcək dünya nizamının təsis olunduğu müqəddəs məkana çevrilməkdədir. Bu məkan birləşdirici amil rolunu oynayaraq, Şərqlə Qərb arasında əməkdaşlıq, hətta ermənilərin azərbaycanlılara qarşı törətdiyi 30 ilin müharibə cinayətlərinə baxmayaraq, böyüklük nümayiş etdirib onlara sülh əlləri uzatmağa hazır olan insanların məkanıdır.

“Böyük millət – Böyük dövlət” ideologiyası

Müstəqil Azərbaycanda böyük millət olmaq iradəsi xüsusilə 44 günlük savaşdan və qazanılan tarixi qələbədən sonra yeni bir mərhələyə qədəm qoymuş və Zəfər tarixi hadisəsi ilə vahid böyük Azərbaycan millətinin formalaşması arasında olduqca dərin və sarsılmaz bir bağ yaranmışdır. Bu bağın daima canlı tutulması prosesin davamlılığının təmin olunması baxımından olduqca önəmlidir. Bu proses nəhayət etibarilə ölkəmizin regionda, yəni Cənubi Qafqazda lider mövqeyinin qlobal miqyasda təsdiqlənməsinə yol açacaqdır.

Dünyaya Azərbaycan millətinin qüdrətini, böyüklüyünü və ucalığını xatırlatmağa, tarixi kodları dünya üçün olduğu qədər, elə özümüz üçün də canlandırmağa ehtiyac var. Bu baxımdan Böyük Millət-Böyük Dövlət ideologiyasının elan olunması və “Böyük Vətən” ideyasını hədəf götürərək, Azərbaycan insanı qarşısında böyük düşünmək tələbi qoyulmalı, geniş vizyona sahib insanlar, davamçılar yetişdirmək vəzifəsi təyin olunmalı, bunun üçün bütün dövlət resurslarının səfərbər olunması vacibdir.

Böyük Vətən ilk növbədə sizdən, bizdən, Azərbaycan vətəndaşından, Azərbaycan insanından başlayır. Bu insan yerləşdiyi məkandan asılı olmayaraq, daşıdığı vəzifələrdən-öhdəliklərdən asılı olmayaraq, ilk növbədə Vətənə bağlıdır, Vətəni düşünür, onun üçün çalışır, onun üçün vuruşur. Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, Azərbaycan insanlarını Vətən uğruna səfərbər etmək, bunun üçün diaspora ilə yeni formatda işləmək, onların fəaliyyətini daima dəyərləndirmək, həvəsləndirmək, təşviq etmək lazımdır. Böyük Vətən həm də Azərbaycan insanına öz gücünü, böyüklüyünü və imkanlarını xatırlatmaqla olmalıdır. Bu gücü, böyüklüyü və imkanları isə dövlətimiz millətimizə bəxş etməlidir. Elmimiz güclü, iqtisadiyyatımız güclü, mədəniyyətimiz güclü olmalıdır. Bunun üçün insanların özünü ifadə/özünü gerçəkləşdirəbilmə problemi aradan qaldırılmalıdır. Onların zamanı və həyatı bugünlə sabah arasında qaça-qaçda keçməli deyil, cəmiyyətə müsbət və yaradıcı fikirlər ötürə bilməyə zamanları, ideyalarını həyata keçirməyə imkanları olmalıdır. 2021-ci ildə cənab Prezident tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuşdur. Strateji yol xəritələri kağızda qalmalı deyil, real nəticələri Azərbaycan insanının həyatında və davranışlarında öz əksini tapmalıdır. Öz gücünə-qüdrətinə inanan millətin yenilməzliyinə, əzilməzliyinə və Vətənin əbədi keşiyini çəkəcəyinə rəqib və düşmən cəbhələr də əmin olacaqdır! O zaman, Ermənistan üzərindən çəkiləcək Zəngəzur dəhlizi də Cənnət Azərbaycana düşmək istəyənlərin “Sirat körpüsü” olacaq.

zengezur-dehliz.jpg (71 KB)

Azərbaycan xalqı, dövlətimiz və millətimiz, həmrəy formada sülh əllərini Ermənistana uzadır. Böyük düşüncələrdən yoxsul Ermənistan dövləti və xalqı Azərbaycanla Böyük Sülh Sazişi bağlayaraq Zəngəzur dəhlizindən eynilə faydalanacaqlarını anlamalıdır. Belə ki, bu xətt Rusiyada yaşayan 1 milyondan çox ermənini öz vətənləri ilə ən qısa yoldan birləşdirərək, iqtisadi əlaqələrinin sürətlənməsinə imkan yaradacaq. Bu yol həmçinin indiyədək iqtisadi blokadada yaşayan Ermənistanın Çindən-Avropayadək uzanan ticarət yolu üzərində, xüsusilə İran və Rusiya ilə iqtisadi-ticari-logistik imkanlarını artıracaq. 2021-ci ilin statistik məlumatlarına baxaq: Ermənistan Rusiya arasında ticarət dövriyyəsi 2,6 milyard dollar (ümumi xarici ticarət dövriyyəsinin 30%-i), İranla ticarət dövriyyəsi 500 milyon dollardan çox (ümumi xarici ticarət dövriyyəsinin 5-6%-i) həcmində olmuşdur. Xüsusilə son dövrlərdə Rusiya ilə artan ticarət həcmi, həmçinin Ermənistan-Rusiya ticarət əlaqələrinin əlaqə punktu olan Yuxarı Lars keçid dəhlizinin potensial yetərsizliyi, Qara dəniz üzərindən gəmi ticarətinin Rusiyaya qoyulan sanksiyalar, o cümlədən bu sanksiyalar fonunda Gürcüstan-Rusiya münasibətləri səbəbilə aktivləşdirilə bilməməsi yeni logistik marşrutlara ehtiyacı artırır və bu əsnada Zəngəzur xəttinin işə düşməsini digər ölkələr üçün olduğu qədər Ermənistan üçün də vacib edir. Ermənilərə daima mənfi ssenarilər yazaraq onlara “soyqırıma uğramış xalq”, Ermənistana “yalnızlıq adası” kimi imiclər yaradıb onları Azərbaycan və Türkiyəyə qarşı məqsədlərində bir layihə kimi istifadə etmək istəyənlərin əksinə gedəcək güclü iradə və böyük düşüncə qabiliyyəti tapsalar, ermənilər də böyük və qlobal layihələrin parçası olmaq və bundan böyük faydalar götürmək imkanı əldə etmiş olacaqlar.

Şəhla Cəlilzadə, STM əməkdaşı

1638858573.263749188_960350364578996_8456581009528294572_n.jpg (132 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR