Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında Rusiyanın hazırkı yanacaq böhranını kəskin dillə tənqid edərək mövcud vəziyyəti "tarixi lətifə" adlandırıb.
Musavat.com xəbər verir ki, Ukrayna lideri iqtisadiyyatı tamamilə enerji daşıyıcılarının ixracı üzərində qurulan Rusiyanın bu gün neytral ölkələrdən yanacaq idxal etmək üçün yollar axtarmasını rüsvayçılıq hesab edir.
Zelenski Ukraynanın Rusiyaya yanacaq tədarükünə mane olub-olmaması ilə bağlı suala cavab verərək, ordunun artıq bu hədəfə uğurla nail olduğunu və Kremlin planlarını alt-üst etdiyini qətiyyətlə vurğulayıb.
Ukrayna dövlət başçısı Rusiyanın keçmiş rəhbərliyinə də toxunaraq maraqlı bir iddia irəli sürüb.
O bildirib ki, əgər vaxtilə Boris Yelsin 20 ildən sonra Rusiyanın axmaqcasına başlatdığı müharibə ucbatından yanacaq ixrac etmək əvəzinə idxaldan asılı vəziyyətə düşəcəyini bilsəydi, özünə tamamilə fərqli bir "varis" seçərdi.
Zelenskinin Rusiya iqtisadiyyatının çöküşünü hədəf alan bu ironik və sərt bəyanatları beynəlxalq mediada geniş əks-səda doğurub.
Musavat.com






