İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeddi qardaş – bir ulus”a doğru – Azərbaycanın Asiya açılımı

1305 09.11.2023 22:00 Dünya A A

Azərbaycanın Orta Asiyadakı türk dövlətləri ilə əlaqələrinin intensiv inkişafı göz qabağındadır. Bunu dostlar da izləyir, bədxahlar da. Birincilər, şübhəsiz ki, sevinir, ikincilər isə, sözsüz ki, qısqanır.

Ancaq bu, qlobal prosesdir, onu süni əngəllərlə, bədxahlıqlarla, gözügötürməzliklərlə durdurmaq olmaz.
Türk dövlətləri artıq bəlli bir özünüdərk prosesinin içinə qədəm qoyublar, bu yöndə çulğaşmanın, inteqrasiyanın və hərtərəfli əməkdaşlıqlar bərqərar etməyin faydasını yaxşı anlayırlar.

Prezident İlham Əliyev bu gün Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı zirvə toplantısında etdiyi çıxışda bu xüsusda da danışıb, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Ötən il Prezident İlham Əliyev Özbəkistanda 3 dəfə səfərdə olub. Bunların biri rəsmi səfər səciyyəsi daşıyıb, digər ikisi işgüzar səfər olub və hər üç səfər faydalı sayılır.

77766.jpg (167 KB)

Özbəkistanın prezidenti Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu səfər çərçivəsində o, Füzuli rayonunda olub, bu rayonda özbək inşaatçılar tərəfindən Özbəkistan dövlətinin ayırdığı maliyyə vasitəsi ilə tikilən, Asiya ölkəsinin görkəmli dövlət və elm xadimi olan Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılış məraisimində iştirak edib.

Artıq füzulili uşaqlar və yeniyetmələr bu dahi şəxsiyyətin adın yaşadan məktəbdə təhsil alırlar və güman ki, onlara Uluqbəyin xidmətləri, eləcə də Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı haqqında əlavə məlumatlar verilir.

İki ölkə arasında qardaşlıq münasibətlərinin dərin olmasını nümayiş etdirən faktlar çoxdur. Bu sırada hər iki ölkədə yüksək dövlət vəzifəsi tutan şəxslərin, elm adamlarının, ictimai-siyasi fəalların, ədəbiyyatçıların, kinematoqrafçıların, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı və intensiv xarakter daşıyan səfərləri, görüşləri var.

Araşdırsaq, məlum olar ki, bu günlərdə işğaldan azad olunmasının üçüncü ildönümünü qeyd etdiyimiz Şuşada ən çox səfərdə olan xarici ölkə vətəndaşları arasında liderlik məhz özbəkistanlı dostlara məxsusdur. Bu, təkcə həmin səfərləri təşkil edənlərin xidmətinin nəticəsi deyil, həm də özbək dostların bu ziyarəti cani-könüldən istəməsinin nəticəsidir.

Bu günlərdə Özbəkustanda səfərdə olmuş, Səmərqənddə beynəlxalq mədəniyyət konqresində iştirak etmiş əməkdaşımız bildirir ki, gerçəkdən də Azərbaycan adı çəkiləndə özbək xalqının müxtəlif təbəqədən olan nümayəndələrinin çöhrəsində xoş təbəssüm yaranır. Konqresdə iştirak edən alimlər, jurnalistlər və digər peşə adamları Şuşanı, Xankəndini ziyarət etmək istədiklərini, bu şəhərlərin Özbəkistanın mədəniyyət və tarixi mirası zəngin olan şəhərləri (məsələn, Səmərqənd, Buxara, Xivə, Ürgənc) ilə qardaşlaşmalı olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, Azərbaycanın Orta Asiyaya açılmının ilk hədəfləri indilikdə Özbəkistan və Qazaxıstandır. Azərbaycan dövləti iqtisadi tərəfdaşlıq və mədəni əməkdaşlıq məsələlərində bu ölkələrdən müsbət impulslar alır və bu qarşılıqlı xarakter daşıyır. Təəssüf ki, Qırğızıstan iqtisadi, Türkmənistan isə siyasi səbəblərdən hələlik ciddi inteqrasiya yoluna qədəm qoymuş türk dövlətləri ilə ayaq uydurmur.

Ancaq bu, müvəqqətidir, bir müddətdən sonra qarışmış dünyanın acı reallıqları ilə üz-üzə qalan Türkmənistan bir xeyli dərəcədə əhəmiyyətsiz olan neytrallığından imtina etmək zərurəti qarşısında qalanda ilk pənah apardığı qapı türk dövlətlərinin paytaxtı olacaq. Qırğızıstan isə əsl iqtisadi yüksəlişini hansı dövlətlər birliyinə yaxınlaşmaqla təmin etməsini müəyyənləşdirməli olacaq. Ağzını əjdaha kimi açaraq, həndəvərindəki kiçik və zəif dövlətləri yuanın və müasir texologiyaların gücü ilə udmağa hazırlaşan Çindən Qırğızıstana haray yoxdur və olmayacaq.

Bu baxımdan Azərbaycanla Türkiyənin münasibətləri parlaq dostluq-qardaşlıq nümunəsi olduğu kimi, eyni büsat Azərbaycanla Özbəkistan arasında da yaranmaqdadır. Bir müddətdən sonra “Bir millət – iki dövlət” deyimini “Yeddi qardaş -bir ulus” deyimi alacaq.

Hələlik onların sayı altıdır. Yeddincinin tam müstəqil dövlət kimi tanınması zaman ala bilər. Türk dövlətlərinin elə bu istiqamətdə də çalışmaları lazımdır.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR