İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın və ortamüddətli dövrdə neft 100 dollardan aşağı düşməyəcək - Proqnoz

694 11.06.2022 08:40 İqtisadiyyat A A

İqtisadçı-ekspertə görə, qlobal inflyasiyanın sürətlənməsinə təkan verən əsas faktorlardan biri neftin kəskin bahalaşmasıdır

Dünya neft bazarında kəskin volatillik davam edir. Son 2 gündə 124 dolları keçən qiymətlər dünən qısa müddətə 122 dollardan aşağı düşüb. Buna Çinin bir sıra əyalətlərində koronavirus pandemiyasına görə qadağaların yenidən sərtləşdirilməsi səbəb olub.

Belə ki, Çinin ən böyük ticarət rayonlarından biri olan Şanxayda iyunun əvvəlindən götürülən məhdudiyyətlər yenidən 7 rayonda sərtləşdirilib. Bu isə Çində iqtisadi aktivliyin və enerjidaşıyıcılarına tələbin artacağına dair gözləntilərin zəifləməsinə və bazarda qiymətlərin nisbətən azalmasına səbəb olub. Lakin günortaya doğru yenidən qiymətlər 124 dolları keçib.

Beynəlxalq analitik mərkəzlərdə hesab edirlər ki, yaxın və hətta ortamüddətli dövrdə neft bazarında qiymət azalması gözlənilən deyil. Belə ki, Ukraynadakı müharibə səbəbiləyaxın 6-8 ay ərzində Avropa İttifaqı Rusiyadan neft və neft məhsulları alışını 92 faiz azaldacaq. Azalan həcmlərin digər mənbələr hesabına təmin olunması prosesi başladılsa da, alınacaq neftin Rusiya neftindən baha başa gələcəyi şübhəsizdir. Avropada imtina olunan neft həcmlərini Asiyaya yönəltmək məcburiyyətində qalacaq Rusiyanın daha az məhsul sata biləcəyi də həmçinin.

Bundan əlavə, G7 (“Böyük Yeddilik”) ölkələri Rusiyadan tədarük olunan neftin qiymətinin müəyyən edilməsi imkanını müzakirə edirlər. Bu cür müzakirələr Moskvanın gəlirlərini azaltmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək məqsədi ilə aparılır. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bildirdiyinə görə, enerji məsələlərinə dair danışıqlar bir çox kanallar vasitəsilə aparılır: “Bu kanallardan birini ”Böyük Yeddilik" ölkələri liderlərinin etibarlı adamları olan şerpalar təmsil edir. Ümid edirik ki, həm enerji mövzusunda, həm də Rusiyanın neft gəlirlərinin azaldılmasının müxtəlif variantları üzrə ümumilikdə uğura nail olacağıq".

G7 ölkələri Rusiyaya xəbərdarlıq etdi - Oxu.az

Sallivandan əvvəlsə ABŞ-ın maliyyə naziri Canet Birləşmiş Ştatların Moskvanın satışdan əldə etdiyi gəliri məhdudlaşdırmaq şərti ilə Rusiya neftinin dünya bazarına çıxarılmasının əleyhinə olmadığını açıqlayıb.

Qiymət məhdudiyyəti tətbiq olunacağı halda isə Rusiyanın hasilatı və ixracı azaldacağı ehtimalı çox yüksəkdir. Artıq Rusiyada müxtəlif şəxslər bu variantı təklif etməkdədirlər. Bazara çıxarılan Rusiya neftinin azalması isə qiymətlərə artırıcı təsir göstərəcək.

Bu günlərdə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fateh Birol bəyan edib ki, yay aylarında Avropa neft çatışmazlığl ilə üzləşə bilər. Bunun qarşısını almaq üçün BEA 10 bənddən ibarət plan hazırlayıb. Bu plan qısa müddətdə neft istehlakını azaltmağa imkan verəcək. Planda iri şəhərlərdə bazar günləri avtomobillərin hərəkətinin məhdudlaşdırılması, ictimai nəqliyyatda gediş haqlarının minimuma salınması, magistral yollarda sürət həddinin aşağı salınması kimi təkliflər əksini tapır.

Fatih Birol - GLOBSEC

F.Birol əlavə edib ki, zəruri halda BEA üzvü olan ölkələr öz strateji ehtiyatlarından daha böyük həcmdə nefti bazara çıxarmağa hazırdırlar. BEA rəhbəri həmçinin bazarda qiymətləri salmaq imkanında olan 3 faktoru göstərib: Çində neftə tələbatın azalması, İranla atom silahı danışıqlarının uğurlu gedişi və Səudiyyə Ərəbistanının hasilatı artırması.

Lakin müşahidələr göstərir ki, sonuncu variantın reallaşması şübhə altındadır. Səudiyyə Ərəbistanı hasilatı ehtimal olunan qədər artırmaq imkanında deyil. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Səudiyyə Ərəbistanının da daxil olduğu OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2022-2023-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azalmaya doğru korrektə edib. Quruma görə, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 29,45 milyon barel olacaq. Bu isə EIA-nın vvəlki proqnoz göstəricisindən 0,09 milyon barel azdır.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,8 milyon barel olacaq. Bu, əvvəlki proqnozdan 0,15 milyon barel azdır.

EIA-nın hesablamalarına görə, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 12,97 milyon barel təşkil edəcək. Bu, öncəki proqnoz göstəricisindən 0,12 milyon barel çoxdur. Hesabata əsasən, cari il ABŞ da gündəlik neft hasilatının 11,92 milyon barel olacağı gözlənilir. Ötən proqnozda bu göstəricinin 11,91 milyon barel təşkil edəcəyi ehtimal olunurdu. Proqnozlar reallaşarsa, 2021-ci ilin göstəricisi ilə müqayisədə ABŞ-da ortalama gündəlik neft hasilatı bu il 6,5 faiz, 2023-cü ildə isə 15,9 faiz artacaq.

Maraqlıdır ki, EIA Rusiyanın 2022-2023-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlər hasilatı üzrə proqnozunu da artırıb. Qurum hesab edir ki, gələn il Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 9,52 milyon barel olacaq ki, bu da ötən proqnoz göstəricisi ilə müqayisədə 0,37 milyon barel çoxdur. Hesabata əsasən, cari il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10,42 milyon barel olacağı gözlənilir. Ötən proqnozda bu göstəricinin 10,04 milyon barel təşkil edəcəyi ehtimal olunurdu.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, dünya neft qiymətlərində hazırda müşahidə olunan volatillik heç də müsbət hal deyil: “Dünyada inflyasiyanın sürətlənməsinə təkan verən əsas faktorlardan biri məhz neft qiymətlərindəki kəskin artımdır. Bu artım daşıma, nəqliyyat, istehsal xərclərini kəskin artırmaqla bahalaşmaya təkan verir. İnkişaf etmiş ölkələr hazırda bu bahalaşmanın qarşısını almağa çalışırlar. Lakin Rusiya neftinə tətbiq olunan embarqo buna mane olur. Düşünürəm ki, yaxın vaxtlarda Səudiyyə Ərəbistanının hasilatı artırmasına, İranın bazara qayıtmasına nail olmaqla neft bazarındakı qiymət artımının qarşısı alınacaq. Artıq Birləşmiş Ərəb Əmirlikləri hasilatı artıracağını bəyan edib”.

Ekspert bildirir ki, hazırda Venesuela və İran Qərb üçün Rusiyadan qat-qat təhlükəsiz ölkələr qismində çıxış edir: “Buna görə də Qərb bu ölkələrin bazara qayıtmasıma mane olmayacaq. Çünki qışa qədər enerjidaşıyıcılarının qiymət artımının qarşısı alınmasa, qlobal iqtisadi böhran dərinləşəcək. Bu baxımdan ilin ikinci yarısında bazara daha çox neft çıxmasının təmin olunması istiqamətində real addımlar atılacaq. Lakin bu addımların neftin qiymətini tutalım ki, 80 dollardan aşağı salacaq qədər təsirli olacağı gözlənilən deyil”.

Azeri Light crude drops sharply - AZERTAC - Azerbaijan State News Agency

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxardığı “Azeri Light” (CIF) markalı neftin qiyməti də artıb. Azərbaycan neftinin 1 bareli 1,13 dollar və ya 0,87 faiz artaraq, 131,15 dollar təşkil edib. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən 2022-ci ilin yanvar-mayında Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da illik müqayisədə 400 min ton azdır.

Nazir bildirib ki, hasil edilən neftin 11,4 milyon tonu ixrac edilib, bu da 400 min ton azalma deməkdir: “Ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artımla hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetri ixrac olunub”.

İlin əvvəlindən neft qiymətlərinin büdcədə nəzərdə tutulandan ikiqat yüksək olması nəticəsində büdcəyə əlavə daxilolmalar qeydə alınıb. Azərbaycan hökuməti də bu daxilolmaların zəruri istiqamətlər üzrə bölüşdürülməsini təmin etmək üçün dövlət büdcəsinə dəyişiklik etməyə hazırlaşır.

Onu da bildirək ki, qlobal bahalaşma fonunda Azərbaycanda da inflyasiyanın sürətlənməsi müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 12,6, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.

Cari ilin may ayında isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz , əvvəlki ilin may ayına nisbətən 13 faiz yüksəlib. May ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin may ayına nisbətən 20,2 faiz baha olub.

Bu ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub.

Ay ərzində qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən 7,1 faiz yüksək olub. Bu zaman qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyusu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.

2022-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin may ayına nisbətən 10,3 faiz artıb. Cari ilin may ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, minik avtomobillərinin və mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Göründüyü kimi, ərzaq məhsulları üzrə illik inflyasiya  faizi keçilib. Bu şəraitdə hökumətin büdcəyə dəyişikliklər edərkən aztəminatlı əhalinin inflyasiyanın mənfi təsirlərindən qorunması üçün yeni sosial paket həyata keçirməsi gözləniləndir...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR