İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın 1-2 həftədə Ukrayna məhsulları qlobal bazara çıxarıla bilər

694 02.06.2022 09:30 İqtisadiyyat A A

Türkiyə prosesi irəlilətmək üçün hərəkətə keçib

Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması beynəlxalq müzakirələrin əsas mövzularından biri olaraq qalmaqdadır. Bu ölkənin limanlarının Rusiya tərəfindən mühasirədə saxlanması nəticəsində 7 milyon ton buğda, 14 milyon ton qarğıdalı dəni, 3 milyon ton günəbaxan yağı və 3 milyon ton günəbaxan jmıxının dünya bazarına yolu bağlanıb.

İki aya yaxındır beynəlxalq birliyin Ukrayna məhsullarının qlobal bazara çıxarılmasına nail olmaq cəhdləri fayda vermir. Məsələ burasındadır ki, Rusiya nəinki Ukraynadan taxılın başqa ölkələrinə ixracına imkan vermir, hətta işğal etdiyi ərazilərdəki məhsulu öz ərazisinə daşımağa başlayıb. Bir neçə gün əvvəl Ukraynanın Xerson vilayətindəki anbarlarda yığılıb qalan taxılın Rusiyaya ixracına başlandığı açıqlanıb. Guya Rusiya bu taxılı pulla alır və məqsəd də yeni məhsul yığımına qədər anbarları boşaltmaqdır. Özü taxıl ixracatçısı olan, hazırda anbarlarında milyonlarla ton taxıl qalan Rusiyanın Ukraynadan taxılı hansı ehtiyacdan aldığı açıqlanmır. Xatırladaq ki, Ukrayna hökuməti mayın əvvəli Rusiyanın işğal etdiyi ərazilərdən taxılı oğurlayaraq satmağa başladığını açıqlayıb. Bugünlərdə Kiyevin yaydığı məlumata görə, Ukrayna taxılı Suriyaya satılır, çünki heç bir digər dövlət oğurluq məhsulu almaq istəmir.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Xersondan həmçinin günəbaxan tumlarının da Rusiyanın emal müəssisələrinə daşınmasına başlanıb. Ukrayna keçən il günəbaxan yağı ticarətinin 50 faizdən çoxunu təmin edib. İndi emal müəssisələrinin dağıdılması nəticəsində bu məhsulun ixracı minimuma enib.

Koronavirus pandemiyasının qlobal daşıma zəncirində yaratdığı qırılmaların təsiri aradan qaldırılmamış Ukrayna kimi əsas oyunçunun dünya ərzaq bazarından kənarda qalması yüz milyonlarla insan üçün aclıq deməkdir. Bu təhlükə barədə xəbərdarlıqlar Ukraynada müharibə başlayandan az sonra beynəlxalq qurumların, xüsusilə də BMT-nin tribunasından dəfələrlə səsləndirilib. Bir müddət əvvəl BMT Baş katibi Antonio Quterreş çıxışında bildirib ki, iqlim dəyişikliyinin, pandemiyanın doğurduğu nəticələrin təsirləri və  Rusiyanın Ukraynaya müdaxiləsi dünyada on milyonlarla insan üçün qida çatışmazlığı, ardınca isə kütləvi aclıq və aclıq həddinə çatdırmaq təhlükəsi yaradır. Baş katib çıxışında deyib: “... Hazırda dünyamızda kifayət qədər qida var. Amma bu gün bu problemi həll etməsək, qarşıdakı aylarda qlobal ərzaq qıtlığı ilə üzləşəcəyik”. O xəbərdarlıq edib ki, böhranın yeganə effektiv həlli Ukraynada ərzaq istehsalının bərpası, eləcə də həm Rusiyada, həm də Belarusda istehsal olunan gübrələrin yenidən dünya bazarına qaytarılmasıdır. BMT-nin Baş katibi deyib ki, hazırda Ukraynada əvvəlki məhsuldan təxminən 20 milyon ton taxıl qalıb və bu taxıl buraxılarsa, qlobal bazarlardakı təzyiqi azalda bilər.

Lakin Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bəyan edib ki, Ukrayna taxılının dünya bazarına çatdırılmasını o halda təmin edəcək ki, ölkəsinə qarşı sanksiyalar aradan qaldırılsın.

Belə bir həssas məqamda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 30-da Rusiya və Ukrayna prezidentləri ilə telefonla danışıb. Türkiyə prezidenti ilk öncə rusiyalı həmkarına zəng vurub. Hər iki tərəfin yaydığı açıqlamalardan ayın olur ki, Ərdoğan Putinə tərəflər arasında inam yaradacaq addımların atılmasının zəruri olduğunu bildirib. O, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə İstanbulda danışıqların təşkil olunmasını təklif edib.

 Ərdoğan eyni gündə Putin və Zelenski ilə danışdı - nə baş verir?

Kremlin yaydığı məlumata görə, prezidentlər Azov və Qara dənizlərdə mülki yük gəmilərinin təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə ediblər. Rusiya prezidenti öz növbəsində Türkiyə ilə koordinasiya olunmuş şəkildə taxıl da daxil olmaqla, yüklərin daşınmasına yardım etməyə hazır olduğunu bildirib. Bundan əlavə, o, sanksiyaların qaldırılacağı təqdirdə Rusiyanın öz taxıl və gübrələrinin ixracını artıracağını qeyd edib.

Fransa prezidenti Makron isə Putinə blokadada olan Ukrayna limanlarından taxılın buraxılması ilə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə layihəsi hazırlamağı təklif edib. Makron Ukraynadan daha çox ərzaq ixracını təmin etmək üçün yaxın günlərdə və həftələrdə Rusiya ilə razılığın əldə olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri arasında məsələ ilə bağlı son danışıqlar “müsbət nəticələrə” gətirib çıxarıb. “Ümid edirəm ki, yaxın bir neçə gün və ya həftələrdə bu vəziyyəti həll etmək mümkün olacaq”, - deyə Fransa prezidenti əlavə edib.

Makron həmçinin Türkiyənin problemin həllində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Avropa İttifaqının qeyri-rəsmi sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən Türkiyə prezidentinin təşəbbüsünü alqışladığını, aparılan danışıqlar sayəsində tezliklə Ukrayna məhsullarının dünya bazarına yolunun açılmasına ümid etdiyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şoltsla son söhbəti zamanı Makron deyib ki, o, Putinə Ukraynanın blokadadakı limanlarından taxılın azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini hazırlamağı təklif edib: “Ukraynalılara təhlükəsizlik zəmanəti verilməlidir ki, onların gəmiləri hücuma məruz qalmasın. İndi biz bu məsələ ilə bağlı Rusiyanın cavabını gözləyirik və BMT-nin Baş katibi ilə əlaqə saxlayırıq”.

Hətta Roma Papası Fransisk də ərzaqdan silah kimi istifadənin dayandırılması çağırışı ilə çıxış edib: “Xahiş edirəm, strateji ərzaq olan taxıldan silah qismində istifadəni dayandırın. Xüsusilə kasıb ölkələrdəki yüz milyonlarla insanın həyatının asılı olduğu taxılın Ukraynadan çıxarılmasına yaradılan maneələr ciddi narahatlıq doğurur. İnsanların qidalanma kimi universal haqlarının təmin olunması üçün bu problemi mümkün qədər qısa müddətdə həll etməyə çağırıram”.

Roma papası İraqa gedir: Şiələrin lideri ilə görüş | KONKRET

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın hesab edir ki, yaxın 1-2 həftə ərzində Ukrayna taxılının dünya bazarına çatdırılması sahəsindəki problemləri həll etmək mümkün olacaq. “Star” qəzetinin yazdığına görə, İ.Kalın Türkiyə rəhbərliyi məsələni Ukrayna, Rusiya və BMT ilə müzakirə edir: “Bizim Xarici İşlər Nazirliyimiz  və maraqlı qurumlar müəyyən müddətdir ki, bu məsələni Ukrayna və Rusiya tərəfi, həmçinin BMT ilə müzakirə edirlər”.

İ.Kalın qeyd edib ki, Ukrayna taxılının Qara dəniz limanları ilə daşınması üçün xüsusi dəhlizin formalaşdırılması məsələsi Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Türkiyəyə rəsmi səfəri zamanı müzakirə ediləcək: “Problemin həll yollarının detalları bu səfər zamanı dəqiqləşəcək. Türkiyə bu istiqamətdə işlərin ən qısa müddətdə başlamasına hazırdır”. Türkiyə prezidentinin rəsmi nümayəndəsinin sözlərinə görə, texniki xarakterli bir sıra mühüm məsələlər var ki, onları danışıqlar zamanı müzakirə etmək lazımdır: “Bütün bu məsələlərlə bağlı yaxın 1-2 həftə ərzində Türkiyədə keçiriləcək görüşlərdə qərarlar qəbul olunacaq. Bu isə qlobal ərzaq böhranının qarşısının alınmasında ölkəmizin öz üzərinə çox mühüm missiya götürməsinə gətirib çıxaracaq”.

İbrahim Kalın'dan 12 Eylül mesajı: Millet iradesi dimdik ayaktadır

İ.Kalın həmçinin qeyd edib ki, Ukrayna tərəfinin yaxın 2 həftə ərzində Türkiyəyə səfəri ilə bağlı hansısa razılaşma yoxdur: “Lakin bizim qapılarımız həmişə Ukraynadakı dostlarımız üçün açıqdır”.

Qeyd edək ki, mayın 31-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə bildirib ki, Odessa limanından Ukrayna taxılının daşınması sahəsində əsas problemlərdən biri ukraynalıların Qara dənizə düzdükləri minalardır. Digər problem isə Rusiya gəmilərinin sığortalanmasına qoyulan sanksiyalardır - belə sığorta olmadan gəmilərin beynəlxalq limanlarda xidmət alması mümkün olmur. Buna görə də M.Çavuşoğlu BMT-nin egidası altında bu problemlərin həlli üçün müxanizm yaradılmasını zəruri hesab edir.

Xatırladaq ki, Rusiya özü də taxıl ixracını xeyli məhdudlaşdırıb - baxmayaraq ki, ölkədəki taxıl istehsalçıları anbarlarda rekord həcmdə məhsulun qaldığını bildirirlər, hökumət kvotalaşmaya gedərək əlavə ixracın qarşısını alır. Digər tərəfdən, Rusiya taxılını daşıyan gəmilərin sığortalanması, onlara texniki xidmətin göstərilməsi, satılan məhsulun dəyərinin alınması sahəsində ciddi problemlər yaranıb. Qərbin tətbiq etdiyi maliyyə sanksiyaları Rusiyadan ixracı qadağan olunmayan məhsulların da satışını əngəlləyir. Rusiya Taxılçılar İttifaqının rəhbəri Arkadi Zloçevskinin verdiyi məlumata görə, 2022-2023-cü il mövsümündə ölkənin 50-55 milyon ton taxıl ixrac etmək potensialı olacaq. Lakin mövcud məhdudiyyətlər nəticəsində bu həcmin hamısını ixrac etmək mümkün olmayacaq: “2021-2022-ci il mövsümündə biz 49 milyon ton taxıl ixrac etmək istəyirdik. Lakin biz qarğıdalı ixracı üzrə kvotanın yarısını, arpanın yarıdan çoxunu ixrac edə bilməmişik. Buğdanı demək olar ki, tam ixrac etmişik. Nəticədə bu təsərrüfat ilində real ixracımız 43-44 milyon ton təşkil edəcək”.

Türkiyənin Ukrayna məhsullarının qlobal bazara çıxışını təmin etmək istiqamətindəki fəaliyyətləri Avropa İttifaqının planları ilə üst-üstə düşür. Belə ki, Avropa İttifaqı BMT bayrağı altında Qara dənizə Ukrayna məhsullarını mühafizə edəcək hərbi gəmilər göndərmək niyyətindədir. Bunun üçün Montrö razılaşmasına əsasən Türkiyənin razılığı olmalıdır. Rəsmi Ankaranın gəmilərin sırf yük gəmilərini müdafiə məqsədilə Qara dənizə daxil olduğuna əmin olmadan buna razılıq verəcəyi real görünmür. Bu səbəbdən də taxıl daşıyan gəmilər üçün dəhliz BMT xətti ilə, həmçinin Rusiya və Avropanın təminatları altında açılmalıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR