İnsanlara hürriyət, millətlərə istiqlal!

Yalançıların qulağı uzanacaq

1450 20.08.2022 08:10 Yazarlar A A

“Qəzetlə milçək də öldürmək olar, nazir də”

(müdriklərdən biri)

Mətbuat nazirliyimiz sağ olsun, xəbərdarlıq eləyənlərdən qıraqda qalmadı, birini də o göndərmişdir. Deyir başlığı səhv qoyan jurnalistlərin qulağını dartıb uzadacağıq. Nəticədə xalq yalançı xəbərçiləri uzun qulaqlarından tanıyacaqdır.

Bir tərəfdən yaxşı xəbərdir. Yoxsa kütləvi informasiya vasitələrində yalan-palan, şişirtmə, saxta başlıqlarla oxucu tutmaq xəstəliyi ciddi şəkil almaqdadır. (Birini elə mən bu yazıda eləmək fikrindəyəm). Görürsən başlıq qoyublar: “Bu tanınmış şəxs öldü”. Açıb baxırsan ki, onu heç dəfndə yasin oxuyan molla da tanımır, hətta rəhmətliyi naməlum şəxslər qəbristanlığında adsız, nömrəli qəbirdə basdırıblar. Yaxud, təzə “dəb” çıxıb, kiminsə adi fotosunu “Ürəkdağlayan foto” adıyla verirlər, bu kimi fırıldaq üsullarla oxucu, izləyici toplayırlar. Prinsipcə, etiraz da edə bilməzsən, buna hüquqi əngəl də yoxdur. Cavab verərlər ki, nə olsun sən tanımırsan, rəhmətlik bizim məhəllədə çox ünlü adam idi, o cümlədən, kiminsə ürəyi daşdır, dağlanmırsa, biz cavabdeh olmuruq. Hətta növbəti məqalə şəxsən sənə həsr edilər: “Yaramaz yazarın daş ürəyi acılarımıza dağlanmır”.

Ancaq mətbuat nazirliyimiz hərdən zopanın o biri başını da işlətsə minnətdar və hətta diqqətdar olardıq. Yəni, hökumət idarələrini düzgün, vaxtında məlumat çatdırmağa, mətbuatla işləməyə vadar etsələr bunun xeyrini hamı görərdi. Yoxsa hələ də bəzi konfranslara jurnalistləri seçib aparırlar: “Bu cinsdir, bunu buraxın, bu damazlıqdır, başda otursun, o dəli danadır, dabaq yayır, rədd eləyin, bu birinin başını samanlıqda urus qibləsinə kəsmək lazımdır” və sairə.

Elə jurnalist var, 2007-ci ildə bir nazirliyə sorğu göndərib, sualına cavab almayıb. Verib nazirliyi məhkəməyə, Avropa Məhkəməsinə qədər gedib, hətta 2020-ci ildə - 13 il sonra Avropada işi udub və əlində qərarla sevincək gedib ki, mənim sorğuma cavab verməlisiniz, nə görsə yaxşıdır? Nazirlik artıq yoxdur. Ləğv edilib. Di get qarnını qaşı. Olmayan nazirlikdən sorğuna nə cavab istəyirsən?

Ümumiyyətlə, qəribə haldır ki, informasiya vasitələri artdıqca bizdə kütləvi informasiya vasitələrində işləmək çətinləşir. Dünyada az qala ütüdən də informasiya yaymaq mümkündür, bizdə isə xəbərçilik tənəzzül edir. Bunun səbəbi senzuradır. Azadlıq olmayan yerdə mətbuat ola bilməz.

Azadlıq olmayan yerdə heç humanizmdən, insanlıqdan danışmağın da mənası qalmır, hər bir şey sünidir, saxtadır. Xəbərin yazıldığı ünvandan, obyektdən başlamış, onu yazana, dərc edənə, oxuyana və... nəzarət edənə qədər. Bunu Sabir müəllim hələ yüz il qabaq yazmışdır, təzədən oxumaqda fayda var:

“Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

 

Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur!"

 

Hürriyyət problemi üzündən idarədə söyüşürlər - direktiv gəlir ki, bunu yazmayın, mentalitetimizə ziddir, düşmən baxır, uşaqların tərbiyəsi pozulur, buzlaqlar əriyir, balıqlar ölür və sairə. Ay ötür, il dolanır, bu dəfə idarədə sevişirlər, yenə məsləhət görənlər var ki, bəs xalqın diqqətini qələbəmizdən yayındırmaq olmaz, sevişənləri göstərməyin, ayıb olsun sizə, ümumiyyətlə, “SSRİ-də seks yoxdur”.

 

Sevişməkdən, söyüşməkdən yazmaq olmaz, döyüşməkdən də ancaq rəsmi məlumat vermək olar. Ta geriyə nə qaldı, bilmirəm.

 

Bu vəziyyəti dəyişmək lazımdır. Dəyişin, yazaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR