İnsanlara hürriyət, millətlərə istiqlal!

Xruşşovu yaramaz, Beriyanı oyunbaz adlandıran general – Kreml intriqaları Antonovu marşal rütbəsindən məhrum edib  

4046 14.06.2023 16:04 Yaxın tarix A A

 

Sovet-alman müharibəsi illərində problemli məsələlərdən biri də ordunun şəxsi heyətinin təminatı olub ki, dövlət büdcəsinin əsas hissəsi müdafiə sənayesinə, silah-sursata xərcləndiyindən əsgər və zabitlərin əşya və ərzaqla təmin olunmasında mütəmadi olaraq çətinliklər və geçikmələr yaranıb. Bu məsələ Dövlət Müdafiə Komitəsinin müşavirələrində ən çox müzakirə olunan məsələ kimi tez-tez gündəmə gəlib. İosif Stalin bütün mümkün imkanlardan istifadə edərək döyüşçülərin təminatını yaxışlaşdırmağa çalışıb...

Belə müşavirələrin birində Ukrayna cəbhəsindəki təminat məsələsi müzakirəyə çıxarılıb. Müzakirə zamanı məlum olub ki, həmin cəbhədə xidmət edən hərbçilərin təminatı heç də ürəkaçan deyil. Problem elə müşavirə zamanı öz həllini tapıb. Stalinin rəsmi göstərişi ilə Ukrayna cəbhəsinə ehtiyat fonddan ərzaq və digər zəruri tələbat malları göndərilib. Problem Moskvada öz həllini tapsa da, Ukraynada vəziyyət dəyişməyib. Cəbhə rəhbərliyinin təminatla bağlı Baş Qərargaha şikayətləri davam edib. Məsələyə nəzarəti Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi, ordu generalı Aleksey Antonov öz üzərinə götürüb. General əvvəlcə Moskvadan göndərilən ərzaq və digər məhsulların Ukraynaya çatmasını dəqiqləşdirib. Məlum olub ki, artıq bir həftədir ki, həmin mallar Kiyev ətrafındakı hərbi anbara yığılıb. Cəbhə komandanlığı Antonova məruzə ediblər ki, bölgünü Ukrayna Xalq Komissarları Soveti (Ukrayna Nazirlər Soveti) apardığından məsələnin həlli ləngiyir. Antonov problemi birbaşa Ukrayna Xalq Komissarları Sovetinin sədri Nikita Xruşşovla həll etməyi qərara alıb. Onların arasındakı telefon danışığı qısa, amma çox sərt alınıb. General birbaşa mətləbə keçib:

  • Nikita Sergeyeviç, cəbhədə hərbçilərin təminat məsələsi acınacaqlı vəziyyətdədir. Niyə bölgü vaxtında aparılmır?

Generalın yüksək səs tonu Xruşşovun qəzəbinə səbəb olub:

  • Siz kimsiniz? Mənə başa salın, sizin vəzifəniz nədən ibarətdir?
  • Mənim kim olduğumu siz yaxşı bilirsiniz. Mən Əməliyyat İdarəsinin rəisi, ordu generalı Antonovam.
  • Onda gedin, əməliyyat işləri ilə məşğul olun. Səlahiyyətlərinizin çərçivəsini bilin. Mənim kim olduğumu bilirsiniz?
  • Bəli, Nikita Sergeyeviç, bilirəm, siz yaramaz və iş bacarmayan birisiniz. Müharibə şəraitində sizin fəaliyyətiniz yalnız hərbi tribunala yarayır.


Antonov dəstəyi asıb və birbaşa Stalinin yanına yollanıb. Qeyd edək ki, Antonov yeganə şəxslərdən biri olub ki, ona istənilən vaxt Stalinin qəbuluna düşmək səlahiyyəti verilib. Təkcə 1943-1945-ci illərdə general Stalinlə 238 dəfə görüşüb.

Antonov məsələni olduğu kimi Ali Baş Komandana məruzə edib. Stalin onu diqqətlə dinlədikdən sonra özünəməxsus təmkinlə və bir az da istehza ilə cavab verib:

  • Antonov, siz elə düşünürsünüz ki, özünü Leninə bənzədən Xruşşovun Lenin qədər düşüncəsi var? Əsla belə deyil. Özünü Leninə oxşadanların arasında o qədər yaramazlar var ki, elə onlardan biri də Xruşşovun özüdür.

Stalinin müdaxiləsindən sonra Ukrayna cəbhəsindəki problem saatlar ərzində həll olunub.

Antonovun yüksək ranqlı dövlət məmurları ilə problemləri təkcə Xruşşovla bitməyib. General növbəti dəfə Lavrenti Beriya ilə üz-üzə dayanıb. Beriya Antonova “NKVD” ilə əməkdaşlıq təklif edib, ondan general və marşallar haqqında “NKVD”-yə məlumatların ötürülməsini istəyib. Antonov “hər şeyə qadir” Beriyanın təklifinə dərhal reaksiya verib:

  • Ordu və ciyinlərimdə daşıdığım rütbələr mənim şərəfimdir. Mən şərəfimi sata bilmərəm. İyrənc oyunlarınıza başqa oyunçu tapın.

Bu qarşıdurmalar Antonovun hərbi karyerasına öz mənfi təsirini göstərib. O, 1945-ci ildə Baş Qərargahın rəisi təyin edilsə də, marşal rütbəsini ala bilməyib. Təltifə Beriya mane olub. Xruşşovun hakimiyyəti illərində Antonovun marşal rütbəsi alması sovet liderinə dəfələrlə eşitdirilib. Xruşşov təltifi məqbul saymayıb. O cümlədən Antonov layiq olduğu Sovet İttifaqı qəhrəmanı adını da ala bilməyib.

1945-ci ilin iyun ayında isə Stalinin Antonovla bağlı qərarına heç kim mane ola bilməyib. Məlum olduğu kimi, 8 noyabr 1943-cü ildə təsis olunan “Qələbə” ordeni SSRİ-də ən yüksək ali hərbi mükafat sayılıb. Orden II dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. Bu ordenlə cəmisi 17 nəfər təltif olunub (Brejnevin təltifi ölümündən sonra ləğv edilib). Aleksey Antonovdan başqa bu ordenlə təltif olunanların hamısı dövlət başçıları və marşallar olub. Antonov yeganə general olub ki, bu ali mükafatla təltif edilib.

Müharibədən sonrakı illərdə Antonov xidmətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirib. 1954-cü ildə isə o, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilib.

Antonov ömrünün son illərində müharibə xatirələrini qələmə alıb. Stalinin təbliğinə qarşı sərt qadağalar qoyulsa da, general onun müharibədəki xidmətlərinə xüsusi yer ayırıb. Onun müəllifi olduğu üç kitab böyük oxucu auditoriyası qazanıb və bir neçə dilə tərcümə edilib.

Ordu generalı Aleksey Antonov  1962-ci ildə, 65 yaşında vəfat edib. Onun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR