İnsanlara hürriyət, millətlərə istiqlal!

Xruşovun Cakarta səfəri – Qromıkodan fərqli olaraq o, üfunətli durian delikatesini axıracan yeyib

5383 19.05.2023 14:48 Yaxın tarix A A

Nikita Xruşov xarici ölkələrə rəsmi səfərlərində Kremldəki adi iş günlərindən daha coşqun və enerjili çalışıb. Bu səfərlər zamanı sovet lideri davranışını, qonaq olduğu ölkənin rəhbərliyi ilə rəftarını həmin dövlətin siyasi kursuna uyğun tənzimləyib. Xruşov, demək olar ki, bütün səfərlərində ən azı bir-iki maraqlı “epizod”la yadda qalıb...

Sovet liderinin 1960-cı ilin fevral ayında İndoneziyaya rəsmi səfəri də “maraqlı” hadisələrlə zəngin olub. O, bu ölkədə özünü Amerikadan fərqli olaraq ev sahibi kimi “rahat” hiss edib.

2551906_original.jpg (103 KB)

Mövcud dövrdə İndoneziyanın iqtisadi durumu ağır vəziyyətdə olanda SSRİ bu ölkəyə yardım etməyə qərar verib. Bu yardımın arxasında siyasi maraq dayanıb. Belə ki, II dünya müharibəsinə qədər təxminən 350 il Niderlandın müstəmləkəsi altında olan İndoneziyanı ABŞ öz nəzarəti altına almağa çalışıb. Kreml bu məsələdə daha çevik tərpənərək butün sahələr üzrə yardımı ilə bu ölkəni özündən asılı vəziyyətə salıb. Elə bu səbəbdən də Xruşov və onu müşayiət edən nümayəndə heyəti İndoneziyada özlərini heç də qonaq kimi aparmayıblar.

Xruşov İndoneziyada “super qəhrəman” kimi qarşılanıb. Bütün tədbirlərdə prezident Sukarno bir dəqiqə olsun belə onun yanından çəkilməyib, ölkə daxilindəki bölgələrə səfərlərdə də sovet liderini müşaiyət edib.

Səfər çərçivəsində SSRİ ilə İndoneziya arasında münasibətlərin inkişafı ilə bağlı silsilə sənədlərə imza atılıb, ölkələrarası münasibətlərin ayrı-ayrı səhələr üzrə inkişfı müzakirə edilib.

2550765_original.jpg (147 KB)


Xruşov İndoneziyada olarkən paytaxt Cakartada tikiləcək yeni stadionun təməl daşını qoyub. Bu idman kompleksinin inşasını Moskva öz üzərinə götürüb. Mərasimdə çıxış edən sovet lideri öz nitqində İndoneziya prezidentini utandırmağı da özünə rəva bilib:

“Sukarno mənə Cakartada böyük bir stadion tikmək arzusunda olduğunu bildirmişdi. Əslində o, bu arzunu dilə gətirməklə məndən xahiş edirdi ki, bu stadionu biz inşa edək. Mən razılıq verdim. Stadionun hansı müddətə inşa edilməsini də müzakirə etdik. Sukarno elə bir müddət söylədi ki, mənim təəccübümə səbəb oldu. Mən ona bildirdim ki, bir idman kompleksini tikmək üçün bu qədər uzun bir vaxta ehtiyac yoxdur. Biz kommunizmə doğru sürətlə getdiyimiz kimi, bütün işlərimizi də sürətlə görürük. Yaxın zamanlarda indoneziyalılar bunun şahidi olacaqlar...”

Daha sonra Xruşov Ambon adasında yeni universitet binasının təməlqoyma mərasimində iştirak edib. Bu binanın tikintisini və avadanlıqlara təchiz edilməsini də SSRİ öz üzərinə götürüb.

2549901_original.jpg (130 KB)

İndoneziya rəsmiləri sovet nümayəndə heyətinin məmnunluğu üçün bütün mümkün variantlardan istifadə etməyə cəhd ediblər. Amma bu cəhdlər bəzi hallarda arzuolunan nəticəni verməyib. Xruşovun şərəfinə verilən ziyafətlərin birində süfrəyə durian meyvəsindən hazırlanmış desert də verilib. Qeyd edək ki, bu meyvə dünya bazarlarında ən yüksək qiymətə satılan meyvələrdən biri sayılır. Məsələn, Tailandda keçirilən xeyriyyə tədbirlərinin birində durianın bir kiloqramı 48 min dollara satılıb. Bu meyvə həm də son dərəcə üfunətli qoxusu ilə məşhurdur. Hətta bəzi ölkələrdə ictimai yerlərdə onun istifadəsi qadağan edilib. Desert süfrəyə gələndə onun dadına ilk olaraq xarici işlər naziri Andrey Qromıko baxıb. Nazir ağzındakı meyvə desertini qaytarmaq üçün ziyafət zalını tərk edib. Xruşov bu dəfə indoneziyalı həmkarını pərt etməyib. Sovet nümayəndələri birinci qaşıqdan sonra desertdən imtina etdiyi halda o, üz-güzünü turşutmadan durianı ləzətlə yeyib və kommunistlərə iradını da bildirib:
“Ziyafət zamanı yerli ənənələrə, milli mətbəxə laqeyd yanaşmaq düzgün deyil. Mən müharibə illərində elə şeylər yemişəm ki, durian onların yanında ən ləzzətli delikatesdir...”

2542655_original.jpg (59 KB)

Xruşov bununla məclisdəkilərinə müharibədə iştirakını, çəkdiyi əziyyətləri də çatdırıb.

Rəsmi tədbirlərdən sonra sovet nümayəndə heyəti üçün hər gün konsertlər təşkil edilib. Bu konsertlərdə indoneziyalı xanımlar moskvalı qonaqları rəqsə dəvət ediblər və belə gecələr saatlarla davam edib. Sukarno rəqs meydançasının ən fəal “üzvlərindən” biri olub, o, Xruşovu da rəqslərdə fəal olmağa çalışıb. Sovet lideri bu məslədə indoneziyalı həmkarını dəstəkləyə bilməyib, konserti yarımçıq tərk edəcəyini, amma digər nümayəndələrin sona qədər qalacığını bildirib. Konsert proqramlarının ikinci günü Xruşov yenə də tədbiri yarımçıq qoyaraq qonaq evinə qayıdıb.

2548909_original.jpg (127 KB)

Çox keçməmiş o, qaldıqları iqamətgahın dəhlizində Andrey Qromıko və mədəniyyət naziri Nikolay Mixaylovla üzləşib. Qromıko heç bir sual gözləmədən məsələyə aydınlıq gətirib:

- Nikita Sergeyeviç, biz də tab gətirə bilmədik.

Səhərisi günü Xruşov Sukarnoya yarıciddi, yarızarafat rəqslərlə bağlı fikrini bildirib:

- Bu qədər oynamaqla nə stadion tikmək olar, nə də universitet binası. Vaxtımızı daha səmərəli istifadə etməliyik.

569042_original.jpg (140 KB)

Bütövlükdə Xruşov İndoneziya səfərindən razı qayıdıb. Bu ölkə üzərində SSRİ-nin nəzarətinə tam əmin olub. Qarşı tərəf üçün də Kreml nümayəndələrinin İndoneziya səfəri uğurlu sayılıb, Moskvanın ayırdığı yardımlar, siyasi dəstək çətin vəziyyətdə olan bu ölkənin gələcəyinə böyük ümidlər verib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR