İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xocalı soyqırımı olmayacaqdı, əgər...” - Çavuşoğlunun opponentlərə şillə kimi sözlərinə Bakıdan reaksiya

3450 09.05.2023 09:32 Siyasət A A

Sabiq Prezident Elçibəyin keçmiş köməkçisi: “Türkiyə xarici işlər nazirinin səsləndirdiyi fikirlərin əksəriyyəti acı reallıqları əks etdirir”

“İndiki Türkiyə hakimiyyəti illər öncə iqtidarda olsaydı, Xocalı soyqırımı olmayacaqdı və Azərbaycanın torpaqları işğal edilməyəcəkdi”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyə XİN rəhbəri bildirib ki, həmin zaman Türkiyə hakimiyyəti Azərbaycanı erməni işğalından qorumayıb. Nazir eyni zamanda Türk dünyasının gücləndirilməsi gərəkdiyini vurğulayıb: “Biz öz güclərimizi birləşdirməliyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Türk dünyasının özünə inamını bərpa etdi. İndi hamı (Türk Dövlətləri Təşkilatı üzvləri) inanır ki, lazım gəlsə, Türkiyə onların da yanında olacaq”.

Türkiyə Prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu isə iki gün öncə “böyük layihəsi”ni təqdim edib. Prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi yeni “İpək Yolu” haqda məlumat və təqdim etdiyi xəritə məxsusən azərbaycanlıları şoka salıb. Belə ki, Kılıçdaroğlunun canlandırmağı hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmir. 5,5 min km-lik quru yolu İrandan (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qazaxıstanda Almatını keçərək, Çinə birləşir. Beləliklə, Kılıçdaroğlu İpək Yolu layihəsindən Azərbaycanı çıxarır və bunu açıqca elan da edir. O halda Zəngəzur dəhlizindən, ümumiyyətlə, söz etməyə dəyməz. Çünki Zəngəzur dəhlizi bu layihənin bir hissəsi kimi nəzərdən keçirilir.

Sual yaranır: Çavuşoğlu Xocalı soyqırımı və müxalifət məsələsində nə dərəcədə haqlıdır? Kılıçdaroğlu komandasının iqtidara gəlişi gerçəkdənmi həmin dövrün qayıtması və Azərbaycanın strateji önəminin arxa plana keçməsi demək olacaq? 

Yada salaq ki, eks-prezident Əbülfəz Elçibəy dönəmində iki qardaş ölkə münasibətlərinin tarixinə “ləkə” kimi düşmüş belə bir utancverici olay yaşanmışdı: Elçibəy Qarabağda mühasirədə olan azərbaycanlıların evakuasiyası üçün rəsmi Ankaradan helikopter istəsə də, buna inkar cavabı almışdı. Həmçinin Türkiyədən işğalçı Ermənistana bir dəfə ərzaq (buğda) yardımı edilməsi də faktdır.  

Oqtay Qasımov: “Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə  bilmərəm” - VİDEO,FOTOLAR

Oqtay Qasımov

1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun səsləndirdiyi fikirlərin əksəriyyəti acı reallıqları əks etdirir: "Belə ki, Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə çox ciddi dəstəyə ehtiyac duyduğu bir zamanda o zamankı Türkiyə iqtidarının bugünkü Türkiyənin tutduğu mövqeyi sərgiləmədiyi faktdır. Biz bunun şahidi olmuşuq. Hesab edirəm ki, bu, müxtəlif səbəblərdən ola bilər. Türkiyənin o zaman gücü və imkanlarının indiki səviyyədə olmaması, digər tərəfdən, o zamankı Türkiyə hakimiyyətinin, Türkiyəni idarə eləyən şəxslərin məsələlərə baxışları və iradələrinin Rəcəb Tayyib Ərdoğanın iradəsi qədər möhkəm olmadığı qənaətindəyəm. Bu iki səbəbdən Türkiyə təəssüf ki, 1990-cı illərdə Azərbaycana Azərbaycanın gözlədiyi dəstəyi verə bilmədi, yaxud vermədi. Bu da Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımının, Ağdaban, Başlıbel, Malıbəyli və digər kəndlərimizdə azərbaycanlılara qarşı ermənilərin qətliamlar həyata keçirməsi ilə nəticələndi. Hətta yaxşı xatırlayırıq ki, Türkiyənin o zamanlarda baş naziri və prezidenti olmuş Süleyman Dəmirəli bu məsələlərə görə tənqid edərkən onun bir məşhur cavabı olmuşdu ki, biz "qırmızı ordu"nu qarşımıza ala bilmərik. Yəni Dəmirəl Rusiya faktorundan bu qədər ehtiyatlanırdı, çəkinirdi. Digər tərəfdən, həmin dövrdə Türkiyə siyasi hakimiyyətləri, hərbi komandanlığın əksər hissəsi daha çox NATO-dan gələn təlimatlarla hərəkət etdiklərindən Azərbaycana Azərbaycan və Türkiyə cəmiyyətlərinin istədiyi şəkildə dəstək verə bilmədi. Müəyyən diplomatik dəstəklər, əlbəttə, olub, imkan daxilində müəyyən addımlar atılmağa çalışılsa da, təəssüf ki, bunlar Türkiyənin imkanlarının çox cüzi bir hissəsini əhatə edib".

O.Qasımov qeyd etdi ki, hazırda Türkiyə müxalifətinin namizədi Kamal Kılıçdaroğlunun təqdim etdiyi yeni “İpək yolu” layihəsi, əlbəttə, təqdir oluna bilməz: “Belə bir təşəbbüs irəli sürülürsə, bu, Azərbaycan və Türkiyənin bütün mənalarda münasibətlərinin əksinə yönəlmiş fikirdir. Bu, yeni İpək yolu deyilən yolun əslində çox da strateji və effektiv olacağı  qənaətini yaratmır. Kılıçdaroğlunun təqdim etdiyi layihə bir neçə səbəbdən uğursuz sayıla bilər. Birincisi, strateji hədəflər baxımından yanlış bir təşəbbüsdür. İkincisi, bu, həm müasir infrastrukturlar, digər tərəfdən, coğrafi mövqe, məsafə və daşınma, təhlükəsizlik, yüklərin həcmi baxımından da heç cür normal variant sayıla bilməz. Azərbaycan Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsinə ilk qoşulan ölkələrdən biridir və bu istiqamətdə öz ərazisində, o cümlədən region dövlətləri ilə birlikdə ciddi addımlar atmaqdadır. Azərbaycan öz ərazisindən yük daşımalarda önəmli rol oynayacaq. İllik yükgötürmə qabiliyyəti 15 milyon ton olan Ələt Beynəlxalq dəniz limanının tikintisini həyata keçirdi. Hazırda bu limanının yük qabiliyyətinin 25 milyo tona çatdırılması üçün işlər davam etdirilməkdədir. O cümlədən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi həyata keçirilib. Azərbaycanın özünün birabaşa iştirak etdiyi enerji layihələrini də bu sıraya qatsaq, Azərbaycan bu işlərdə öncül ölkələrdən sayılır. Digər tərəfdən, Azərbaycan azad edilmiş ərazilərimizdə böyük infrastruktur layihələrinin, o cümlədən yol və dəmiryol layihələrinin reallaşdırılması ilə bağlı ciddi işlər görməkdədir. Zəngəzur dəhlizinin açılması üçün addımlar atılmaqdadır. Bu, Türkiyə və marağı olan digər dövlətlərlə birlikdə görülür. Hazırda Azərbaycan-Qazaxıstan-Gürcüstan-Türkiyə arasında Xəzər üzərindən yükdaşımalarla bağlı anlaşma mövcuddur. Bu istiqamətdə müəyyən qərarlar verilib. Yəni Azərbaycan bölgənin ciddi bir nəqliyyat habına çevrilib və Kılıçdaroğlunun təklif etdiyi variant heç bir halda Azərbaycanın və Türkiyənin maraqlarına uyğun deyil. Həmçinin bu təşəbbüs Türkiyə ilə Azərbaycan arasında münasibətlərin ruhu ilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, belə bir təşəbbüsün irəli sürülməsinin arxasında müəyyən Avropa dövlətləri dayanmaqdadır. İranı müdafiə edən bir sıra dövlətlər Orta Asiyanı, Çini Avropaya bağlayacaq əsas xəttin Türkiyə və Azərbaycan üzərindən keçməsində maraqlı deyillər. Halbuki Azərbaycan Türkiyəni Orta Asiya ilə bağlayacaq ən qısa, ən rahat qovşaqdır. Bəzən Azərbaycanı Türk dünyasının “Qızıl körpü”sü də adlandırırlar. Kamal Kılıçdaroğlu bu məsələləri nəzərə almalıdır".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR