İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəzər” TV rəhbərinin telekanallara aptek bənzətməsi...

2354 01.11.2023 08:00 Gündəm A A

Qulu Məhərrəmli: “Söhbət az qala çadır toyu səviyyəsində verilişlərin hazırlanmasından gedir ki...”

Ötən həftəsonu Bakıda keçirilən Musiqi Forumunda telekanallarla bağlı da müzakirələr olub. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli telekanalların siyasətini tənqid edib: “Mən xüsusən telekanalların siyasətinə toxunmaq istəyirəm. 90 faiz proqramlar ancaq əyləncə yönlüdür, heç olmasa 40 faiz olsun. Ciddi, yüksək səviyyəli əsərlər təbliğ olunsun. Kanallarda bəzi verilişləri görəndə adam utanır ”.

“Xəzər TV”nin prezidenti, xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsində telekanallara yönəlik tənqidlərdən danışıb. O, auditoriyanın zövqünü formalaşdırmaq üçün çox çalışdıqlarını bildirib:

“Bəzi forum iştirakçıları TV proqramlarının ümumi zövqü pozduğunu söylədilər. Biz hamımız deyirik ki, televiziya, televiziya verilişləri və onların istehsal etdiyi məhsullar zövqümüzcə deyil. Onda sual yaranır ki, bu məhsullar kimin zövqü əsasında formalaşıb ərsəyə gətirilir? Telekanalları apteklə müqayisə edə bilərik. Siz aptekə girib dərmandan şikayətlənə bilərsiniz. Amma "bu pisdir" deyə bilməzsiniz. Çünki aptek həmin dərmanı hazırlayan deyil, onu satandır. Siz dərmanın pis olması ilə bağlı aptekə yox, həmin dərmanı istehsal edənə şikayətini bildirə bilər. Biz, sadəcə, yayımçıyıq".

Bəs “Xəzər” TV rəhbərinin televiziyaları aptekə  bənzətməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, ekspertlər televiziyaların son vəziyyətini necə dəyərləndirir?

Yaddaşı yaşatmaq missiyası - Qulu Məhərrəmli yazır

Qulu Məhərrəmli 

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Musiqi Forumunda televiziyalarla bağlı münasibət bildirilməsini çox faydalı hesab edirəm. Yəni bir sıra tanınmış musiqi xadimlərinin, mədəniyyət adamlarının, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi kimi şəxslərin televiziya verilişlərinə münasibət bildirməsi tamamilə təbiidir, yaxşı haldır.

Ümumiyyətlə, tamaşaçılar üçün televiziya bir platformadır. Tamaşaçılar televiziyadan yaxşı verilişlər, xəbərlər, baxdıqları vaxtın itkiyə getməməsi üçün faydalı, gərəkli proqramlar gözləyirlər. Ona görə də lazımi səviyyədə verilişlər olmayanda istər-istəməz manevr taktikası tətbiq olunur. Məsələn, tez-tez bu cür çıxışlara rast gəlirik ki, verilişləri hazırlayarkən, auditoriyanın istəyi, tələbi estetik duyumu, qavrayışı əsas götürülür. Əlbəttə ki, bu amil televiziya verilişlərinin hazırlanmasında bir kateqoriya, parametr ola bilər. Amma ümumiyyətlə, televiziya özünün missiyasından irəli gələn vəzifələri reallaşdırmalıdır. Bu o deməkdir ki, televiziya öz məhsullarını  çıxartdığı bazara onu yüksək əyarlarla təqdim etməlidir.

Məlum olduğu kimi, ölkəmizdə həm büdcəsindən maliyyələşən, məsələn, AzTV, İTV, Naxçıvan TV, həm də  kommersiya tipli özəl kanallar var. Əlbəttə ki, bütün bu kanalların məhsullarına eyni dərəcədə, eyni tələbkarlıqla yanaşmaq mümkün deyil. Murad Dadaşov çox dəqiq deyir ki, televiziya kanalı yaşamalıdır, işçilər maaş almalıdır. Amma diqqət edək, şou proqramları hazırlanarkən onun ölçüləri, onun peşəkarlıq səviyyəsi standartları nə yerdədir? Məsələn, vaxtilə Murad Dadaşovun özünün çox peşəkarlıqla apardığı “Maşın şou” verilişi var idi. Həmin verilişə kim irad tuta bilirdi? Çünki veriliş çox peşəkar səviyyədə hazırlanırdı, aparıcısından tutmuş, rejissor işinə, veriliş iştirakçılarına qədər hər şey standartlara cavab verə bilirdi, ekrandan tamaşaçıya müəyyən müsbət mesajlar ötürülürdü. Amma indi hazırlanan televiziya şouları, əyləncə proqramları sırf ona yönəlib ki, orta səviyyədən aşağı olan tamaşaçı buna baxsın və televiziya kanalının reytinqi artsın. Ona görə də zəif verilişlərin hazırlanmasına  bəraət qazandırmaq doğru deyil. Ümumiyyətlə, bu cür verilişlərin  bir standart kimi təqdim olunması tendensiyası qorxuludur. Əlbəttə ki, keyfiyyətli şouları tamaşaçı görür, izləyir, bəyənir. Söhbət az qala çadır toyu səviyyəsində, hər cür estetik dəyərlərdən uzaq olan verilişlərin hazırlanmasından gedir ki, çox təəssüf ki, özəl telekanallarda bu cür verilişlərin sayı çoxdur.

Televiziya birbaşa həmin verilişlərin keyfiyyəti ilə bağlı məsuliyyət daşıyır. Bəli, bu gün televiziyaların maddi vəziyyəti ürəkaçan deyil, kadr potensialı heç də həmişə lazım olan səviyyədə olmur, rejissor, menecer, yaradıcılıq işləri ilə bağlı problemlər var və bu problemləri həll etmək üçün xeyli maliyyə vəsaiti tələb olunur. Bu maliyyənin də əsas mənbəyi reklamlar, sponsorlardır. Amma bir daha qeyd edirəm ki, bütün bunlarla yanaşı zəif proqramların hazırlanmasına heç bir bəraət qazandırmaq olmaz. Ən zəif proqram belə müəyyən estetik dəyər, məzmun daşmalı, müəyyən ölçülərə tabe olmalıdır.

Söhbət təkcə bir telekanaldan getmir, məsələ, ümumiyyətlə, çoxluğun hamısının eyni üslubda şou, əyləncəli proqramlar hazırlanmasıdır və bu cür  proqramların son vaxtlar sayının  artmasıdır. Yəni bazarın xeyli hissəsini bu cür proqramlar tutur ki,  bununla da bağlı Musiqi Forumunda həyəcan təbilinin çalınması çox təbiidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR